19 aprel 2018 01:20
787

Ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb

Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq investisiya qoyulub. Xarici investisiyanın həcmi 107,2 milyard dollar təşkil edib. Ötən il isə respublika  iqtisadiyyatına yatırılan investisiya  11 milyard 700 milyon dollar təşkil edib. Bunun 8 milyard dolları xarici, 3,7 milyard dolları isə daxili investisiya olub. Bu isə bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan cəlbedici ölkədir.

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi amilin ön plana çəkilməsidir. Bu dövrdə Dövlət proqramlarının, Fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edib. Tərəqqi prosesində özəl sektorun payı və rolu davamlı şəkildə artıb. Sözügedən dövrdə qeyri-neft sektorunun inkişafı iqtisadi artımın başlıca mənbəyi kimi diqqət mərkəzində saxlanılıb. Milli iqtisadiyyatın tərəqqisinə yönələn tədbirlər qeyri-neft sektorunda iqtisadi artıma müsbət təsir göstərib. Həmin tədbirlər sırasında son illər investisiya siyasətinin diqqət mərkəzində saxlanılması mühüm əhəmiyyət daşıyıb.

Ölkəmizin investisiya imkanlarının genişlənməsində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) mühüm rol oynayır. Bu şirkət  fəaliyyəti dövründə 1,2 milyard dollar investisiya cəlb edib. AİŞ sənaye, kənd təsərrüfatı, əczaçılıq, logistika və qida sənayesi sahələrində reallaşdırılan layihələrdə payçı qismində iştirak edib. Layihələrin ümumi dəyəri 1,2 milyard ABŞ dolları təşkil edib ki, bunun da 450 milyon ABŞ dolları xarici investisiyalardır. AİŞ-in payçı qismində iştirak etdiyi layihələr 2600 yeni iş yerinin açılmasına imkan yaradıb.

Azərbaycanın xarici investisiya üçün cəlbedici olması təsadüfi deyil. Çünki respublikamızda əcnəbi investorların səmərəli fəaliyyəti məqsədi ilə hər cür şərait, xüsusilə mükəmməl qanunvericilik bazası yaradılıb. “Açıq qapı” siyasəti prioritet istiqamət kimi qəbul edilib. Bundan başqa, son illərdə Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 50-dən çox saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.

Respublikamızda iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə həm də sahibkarlığın inkişafına güclü təkan verir. İqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş şərait yaradır. Onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırır. Bu isə iqtisadiyyatın, xüsusilə də özəl sektorun inkişafını sürətləndirir. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin aradan qaldırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkəyə daha çox xarici sərmayələrin cəlb edilməsi, sənaye istehsalının artırılması kimi mühüm məqsədləri özündə ehtiva edir. Bu Fərman əsasında sahibkarlara investisiyanın təşviqi sənədi və təsdiqedici sənəd verilir. Bu sənədləri alan sahibkarlar Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulmuş güzəştlərdən yararlanmaq imkanı əldə edirlər. Bir sıra vergiləri, idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə ƏDV və idxal rüsumlarını 7 il müddətində ödəməkdən azad olunurlar. Yeri gəlmişkən, 2016-cı ilin may ayından bu ilin əvvəlinədək 84 layihəyə investisiya təşviqi, 56 layihəyə isə 212 təsdiqedici sənəd verilib. Bu isə yerli istehsala 1 milyard manatdan çox investisiya yatırılması, 7 minə yaxın yeni iş yerinin açılması,  sahibkarlara 8 milyon ABŞ dollarından çox güzəşt edilməsi deməkdir.

Hazırda respublikamızda aparılan iqtisadi islahatların kökündə sosial problemlərin tamamilə aradan qaldırılması vəzifəsi dayanır. Bu isə sosial problemlərin birbaşa həllinə yönələn tədbirlər vasitəsilə həyata keçirilir.

Cavid Əkbərov, “İki sahil”