19 aprel 2018 00:41
1835

Sağlığında əfsanəyə çevrilən dahi

Adı həmişə milli dövlətçiliyimiz, müstəqilliyimizlə qoşa çəkilən, fenomen siyasətçi kimi təcrübəsi daim öyrənilən Heydər Əliyev min ildən bir Tanrının insanlara bəxş etdiyi müdrik lider olduğunu fəaliyyəti ilə təsdiqləyən dahilərdən biri, bəlkə də birincisidir. Öndərlərə xas qətiyyəti, ən çətin məqamda xalqını arxasınca aparmaq qabiliyyətinə malik olduğunu respublikaya rəhbərliyinin hər iki mərhələsində təsdiqləyən Ulu Öndərin adının Azərbaycanla bir çəkilməsi xalqının öz dahi övladına məhəbbətinin ifadəsidir.

Bu günlərdə  ölkəmizdə keçirilən prezident seçkilərində Azərbaycan xalqının yekdilliklə dəstəklədiyi cənab İlham Əliyevə ümumxalq etimadı da məhz ulu öndər Heydər Əliyev ideyalarına sadiqlik rəmzi idi.

Azərbaycanın müstəqilliyini xalqımızın tarixi nailiyyəti adlandıran Ulu Öndər bütün məqamlarda yaranan fürsətlərdən bacarıqla istifadə edərək suverenliyimizin əbədiliyi naminə bütün gücünü sərf etmişdir.

“Mən çox sınaqlardan keçmiş bir adamam və həyatımı da özümə yox, xalqıma həsr etmişəm” söyləyən Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti maraqlı olduğu qədər mənalı, çətin, fədakarlıqlarla zəngindir. Ötənlərə nəzər salanda bir daha düşünürsən ki, bu bir cümlə ilə həyatının mənasını Azərbaycan xalqına, dövlətçiliyinə xidmətdə görən ümummilli lider Heydər Əliyevin ömür yolu əslində əsrlərə sığmayan bir epoxadır. Elə bir salnamə ki, daim öyrəniləcək, təcrübə məktəbi kimi araşdırılacaq.

1969-cu ildə ilk dəfə sovet Azərbaycanına rəhbərlik etməyə başlayanda İttifaqda geridə qalan respublikamızı ən qabaqcıl yerlərə yüksəldən Ulu Öndərin səyi nəticəsində ölkədə neft sənayesi inkişaf etdi, önəmli infrastruktur layihələri icra olundu. 1969-1982-ci illərdə bacarıqlı dövlət başçısı kimi özünü doğruldan Heydər Əliyevin rəhbərliyi ilə respublika çox böyük uğurlara imza atdı. Siyasi hazırlığı və rəhbərlik qabiliyyəti ilə fərqlənən ulu öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Siyasi Büronun üzvü kimi də özünü doğrultdu. İttifaq səviyyəli məsul vəzifədə çalışdığı dövrdə də Azərbaycanla bağlı problemlər onun daim diqqətdə saxladığı məsələlər idi. Lakin hakimiyyətə gələn M. Qorbaçov kimi səriştəsizin şəxsi qərəzliyi üzündən Kremldən uzaqlaşdırılan və istefa verməyə məcbur olan Heydər Əliyev əqli, zəkası, siyasi iradəsi ilə də üstünlüyünü təsdiqlədi “Əlbəttə ki, belə bir müstəqil şəxsiyyətin, özü də sovet məkanında böyük nüfuza malik olan şəxsiyyətin mövcudluğu o vaxt öz imkanlarına inanmayan, təsadüf nəticəsində hakimiyyətin zirvəsinə qalxan şəxsin xoşuna gələ bilməzdi. Bir də əlbəttə ki, Heydər Əliyevin istefasını ona qarşı olan paxıllıq, qısqanclıq və digər mənfi xüsusiyyətlər şərtləndirdi” söyləyən cənab İlham Əliyev bildirir ki, məhz onun istefasından sonra Dağlıq Qarabağ problemi qaldırıldı. M.Qorbaçovun göstərişi əsasında ona qarşı çox ədalətsiz və çirkin kampaniya aparılsa da, insanların qəlbində Heydər Əliyev ümummilli lider və güclü şəxsiyyət kimi əbədiyaşarılıq qazanmışdı.

Moskvadan Vətənə dönən Ümummilli Liderə olan xalq məhəbbətindən qorxuya düşən Kremlin nökərləri, Azərbaycanın rəhbərləri Heydər Əliyevin həyatı üçün təhlükə yaratdıqlarından Ulu Öndər Naxçıvana üz tutmağa məcbur olur.

Naxçıvanda işlədiyi müddətdə də Azərbaycan naminə önəmli addımlar atan müdrik siyasətçi müstəqilliyimizin əbədiliyini təsdiqləyən Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının, gerbinin, himninin bərpası ilə uzaqgörənliyini təsdiqlədi. Sovet İttifaqının saxlanmasına dair referendum Naxçıvanda keçirilmədi. Muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarıldı. Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.

Zorla rəhbərliyə gələn AXC-Müsavat iqtidarının Azərbaycana rəhbərliyi dövründə ölkədə yaranan gərginlik, Gəncə hadisələri xalqın həyatında dönüş nöqtəsi oldu. Ermənistanın elan olunmamış müharibəsi ilə üzləşən respublikada yaranan siyasi, hərbi böhran, iqtisadi tənəzzül ölkəmizin gələcəyi üçün çox böyük narahatlıq doğururdu. “Xalq o ağır günlərdə yeganə nicat yolunu Heydər Əliyevdə görürdü və o da xalqın etimadını həmişə olduğu kimi doğrultdu. Onun rəhbərliyi ilə aparılan siyasət qısa müddət ərzində Azərbaycanda sabitliyə, inkişafa gətirib çıxarmışdır. Baxmayaraq ki, hələ 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilmişdir və o cəhdin də qarşısını Azərbaycan xalqı aldı” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, məhz Ulu Öndərin səyi nəticəsində 1996-cı ildən sabitlik, inkişaf dövrü başladı. Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev bir çox önəmli təşəbbüslər irəli sürdü, dövlətçiliyin əsasları qoyuldu,  azərbaycançılıq fəlsəfəsi ideoloji siyasətimizin əsas amili kimi təfəkkürlərdə formalaşdı.

 Azərbaycanın dövlətçilik tarixində 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Ulu öndər Heydər Əliyev bir daha göstərdi ki, ən ağır, böhranlı vəziyyətdən çıxış yolu var. O da qətiyyət , cəsarət, müstəqil siyasət və düşünülmüş addımlardır.

Azərbaycanın qurucusu olduğunu cahanşümul əməlləri ilə təsdiqləyən, xalqın milli məfkurə və təfəkkürünü inkişaf etdirməklə ən böyük azərbaycanlı olduğunu sübuta yetirən, başqa ölkələrdə məskunlaşan soydaşlarımızı təşkilatlandıran, xalqı cəmiyyətin siyasi sistemində aparıcı qüvvə, möhtəşəm vahid siyasi güc mərkəzi kimi birləşdirən Ulu Öndər bir daha təsdiqlədi ki, mənalı həyatını xalqına həsr etmiş tarixi şəxsiyyətdir. Sağlığında belə əfsanəyə çevrilən, insanlarla ünsiyyətdə rahatlıq tapan Ulu Öndərlə təmasda olan hər kəs onun sadəliyinə, səmimiyyətinə heyran qalırdı. Heydər Əliyev insan şəxsiyyətinə hörmətlə yanaşan, insanları dinləmək məharətinə malik müdrik bir natiq idi. Belə bir dahi ilə həmsöhbət olanlar daxilən rahatlıq tapırdılar.

Məntiqli çıxışları ilə natiqlik sənətinin klassik nümunələrini yaradan, taleyini siyasətlə bağlasa da, həyata, incəsənətə, təbiətə vurğunluğunu, Vətəninə, insanlara bağlılığını başqalarına nümunə olmaqla bildirən Ulu Öndərin yüksək intellektə malik olduğunu müasirlərinin sözləri də təsdiqləyir.

Tanınmış telejurnalist Andrey Karaulov 1995-ci ildə heyranlıqla yazırdı: “ Əliyevin çox güclü, fantastik yaddaşı var. Bunu tam ciddi deyirəm: o öz yetmişillik həyatının hər gününü ən xırda detallara qədər xatırlayır, hər şey onun yadındadır.”

Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Azərbaycana səfər etmiş xarici qonaqlar onun mədəniyyət və incəsənət sahəsində dərin biliyə malik olduğunu heyranlıqla etiraf edirdilər.

Görkəmli musiqi, kino, teatr xadimləri, memarlar, rəssamlar, heykəltəraşlarla öz “sənətlərinin dilində” söhbət edən Ulu Öndər haqqında İtaliyanın Azərbaycandakı səfiri Marqerita Kosta belə demişdir: “Onun söhbətini dinləmək mənə olduqca xoş idi. O, mədəniyyətin əsl bilicisidir, incəsənətin ən müxtəlif sahələrinin “dilini” sərbəst bilir.”

Kremldə işlədiyi müddətdə belə heç kəsi müdrik siyasətçi Heydər Əliyevlə yanaşı qoymaq, müqayisə etmək mümkün deyildi. Bu həqiqəti ustalıqla müşahidə edən Qərb mətbuatında da yazılırdı ki, intellektinə, təhsilinə, dünya mədəniyyətinə bələdliyinə görə Heydər Əliyevin tayı- bərabəri yoxdur.

Müdrik kəlamları ilə də böyüklüyünü təsdiqləyən Ulu Öndər bildirirdi ki, sadəcə fəaliyyət ilə dövlət qurmaq olmaz. Bunun üçün təkcə mübarizə yox, fədakarlıq, qəhrəmanlıq da lazımdır. Bu keyfiyyətləri şəxsiyyətində formalaşdıran ümummilli lider Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri ilə bir daha bildirirdi ki, hansı sahədə çalışmasından asılı olmayaraq Azərbaycanın andına, vədinə sadiq əsgəri kimi xalqının xoşbəxtliyi, müstəqilliyi naminə hər çətinliyə həmişə hazır olmuşdur. O, heç bir zinətlə ölçülə bilməyəcək qədər qiymətli ideyaları, qətiyyəti, sağlam azərbaycançılıq məfkurəsi ilə Azərbaycan xalqını ardınca aparan ölməz sərkərdə, komandandır. Dünya azərbaycanlılarının birliyini rəsmiləşdirmək üçün həmrəylik gününü elan etdi. Onun tarazlı və cəsarətli siyasəti insanların gələcəyə ümidlərini artırdı.

Olduqca mürəkkəb tarixi dövrlərdə xalqına bələdçilik edən, xilaskarlıq missiyasını yerinə yetirən Ulu Öndər müasir dünyanın ən aktual çağırışlarına qətiyyəti, ağlı, zəkası ilə cavab vermək qüdrətinə malik bir sərkərdə idi.

Ulu Öndər öz gücünə inandığı qədər də xalqının qətiyyətinə güvənirdi. Deyirdi ki, əgər  xalq öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət də ən böyük məmləkət qədər güclü olur. Dövləti xalqın işinə çevirən bu tarixi şəxsiyyət sovetlərin təsiri altında yaşayıb, işlədiyi illərdə də inanırdı ki, vaxt gələcək Azərbaycan imperiya buxovundan azad olacaq,  müstəqilliyini bərpa edəcək, azadlığına qovuşacaq. Bu səadəti Azərbaycan xalqına bəxş edən Heydər Əliyev oldu. Milyonlar isə bu fədakarlıq üçün daim Ulu Öndərə hörmət və ehtiram bəsləyir, onu əbədi lider , xilaskar kimi sevir, yaşadır.

Dünya birliyində , Şərq ölkələri arasında zəngin dövlətçilik tarixi və ənənəsi ilə tanınan Azərbaycanın keçdiyi yol hamar olmasa da xalqı zamanın burulğanlarından çıxarmağı bacaran sərkərdələri olub. Adı hörmət və ehtiramla anılan, dəst- xətti ilə seçilən və daha çox sevilən dövlət başçıları arasında Heydər Əliyev fenomeni, onun rəhbərlik illəri özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Dövlətçilik salnaməmizdə 23 aylıq bir dövrə “imza atan”, bu il 100 illiyini qeyd etməyə hazırlaşdığımız  Azərbaycan Xalq Cümhuriyyəti az yaşasa da, müəyyən izləri qalıb. Ancaq XX əsr Azərbaycan tarixinin mühüm əhəmiyyətə malik 1970-1985-ci illərdəki təkamülü, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və bacarıq, dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev kimi uzaqgörən siyasətçinin ən böyük xidmətlərindən biri C.Naxçıvanski adına hərbi məktəbi yaratması oldu. Bu gün Azərbaycan Silahlı Qüvvələrində xidmət edən zabitlərin 85 faizi bu məktəbin yetirmələridir. Onun rəhbərliyi illərində Azərbaycanın onlarla tanınmış elm, mədəniyyət, incəsənət xadimi keçmiş sovetlərin ən yüksək fəxri adları, orden və medalları ilə təltif olundu, abidələr ucaldıldı, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində önəmli addımlar atıldı. Bütün quruculuq işlərinə strateji xarakter kimi diqqət yetirən ulu öndər Heydər Əliyev güclü potensialı, qətiyyəti ilə xalqına, Vətəninə bağlılığını təsdiqləyən tarixi xidmətləri ilə müasir Azərbaycanın yaradıcısı olduğunu təsdiqlədi. Müstəqilliyimizin əbədi qarantı kimi respublikanı daxili və xarici qüvvələrin təhdid, təzyiq və təsirlərindən qorudu. “İnsanlarda milli dirçəliş ideyasını yalnız milli liderlər həyata keçirə bilərlər” ifadəsi məhz onun simasında əksini tapdı.

20 Yanvar faciəsinə, 31 Mart Azərbaycanlıların soyqırımına siyasi qiymət verilməsi də ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindəndir. Ermənipərəst M.Qorbaçovun yeritdiyi siyasətə etirazını açıq-aydın bildirəndə də,  təqib olunmasına baxmayaraq 20 Yanvar hadisələrini törədənləri cinayətkar, qırğınları Azərbaycanın suverenliyinə siyasi təcavüz adlandıranda da onun qarşısında bir aydın yol görünürdü. Bu yol Azərbaycanın müstəqillik, suverenlik yolu idi. Müdrik şəxsiyyət insanlara yol göstərmək, onları arxasınca aparmaqla kifayətlənmirdi.  Müstəqilliyin qorunması isə təbii ki, iqtisadi imkanlar, siyasi sabitlik, vətəndaş birliyi və həmrəyliyindən asılıdır. Neft strategiyasını hazırlamaqla ölkəmizi düşdüyü iqtisadi böhrandan xilas edən Ulu Öndər bununla Azərbaycanın dünya birliyinə uzanan yoluna “yaşıl işıq” yandırdı.

Azərbaycanda gedən sürətli inkişafdan heyrətlənənlər bitib-tükənməyən enerji ilə çalışan, xalqının, Vətəninin tərəqqisi üçün ağla gəlməyən “Əsrin müqaviləsi” kimi əfsanələri reallığa çevirən, misilsiz xidmət göstərən ulu öndər Heydər Əliyev dühasına, zəkasına, siyasi fəaliyyətinə, geniş dünyagörüşünə və uzaqgörənliyinə həsəd aparırdılar. Müdrik siyasətçi Heydər Əliyevin səyi nəticəsində Azərbaycan Lissabon sammitindən başlayaraq dünyanın ən mötəbər nüfuzlu beynəlxalq təşkilatlarında - BMT-də, ATƏT-də, AŞPA-da, İƏT-də, Qoşulmama Hərəkatında tam hüquqlu üzv kimi təmsil olunur, NATO-nun, Avropa Birliyinin proqramlarında iştirak edir. İndi elə bir qlobal məsələ yoxdur ki, orada Azərbaycanın mövqeyi nəzərə alınmasın. Ölkəmizin Şərqlə Qərb arasında körpü olması, enerji-nəqliyyat mərkəzi kimi maraq doğurması, sivilizasiyaların qovuşduğu məkana çevrilməsinin əsasında da Ulu Öndərin hər zaman üçün aktual olan ideyaları durur.

“Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm, bu dəstəyə arxalanmışam. Mənim fəaliyyətimdə Azərbaycan xalqının dəstəyi əsas rol oynayır. Həmişə çalışmışam ki, xalqa sədaqətlə, ləyaqətlə xidmət edim” söyləməklə Ulu Öndərin yolunu davam etdirən cənab İlham Əliyevin vurğuladığı kimi, bu dəstək insanların qəlbində lider və güclü şəxsiyyət kimi daim yaşayacaq ulu öndər Heydər Əliyevə əbədi sadiqliyin ifadəsidir.

Xuraman İsmayılqızı, “İki sahil”