17 aprel 2018 23:17
2465

Beynəlxalq tədbirlərin keçirildiyi unikal məkan

Son illər Azərbaycan müxtəlif sahələri əhatə edən  beynəlxalq tədbirlərin keçirildiyi unikal məkana çevrilib. Paytaxtımızın indiyədək ev sahibliyi etdiyi möhtəşəm tədbirlər arasında Bakı Beynəlxalq Humanitar Forumunu, mütəmadi olaraq keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu, Dünya Dini Liderlərinin Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunu və başqalarını qeyd etmək olar. Bundan başqa, ölkəmizdə  2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları keçirilıb. Beynəlxalq tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi heç də təsadüfü deyil. Bu hər şeydən əvvəl, Prezident İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində  Azərbaycanın beynəlxalq imicinin artması ilə bağlıdır. Bu məsələdə dünyada cərəyan edən hadisələr fonunda  ölkəmizdə hökm sürən sabitlik də mühüm rol oynayır.

Bu ilin ilk rübündə də ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilib.  Onlardan biri tarixdə ilk dəfə keçirilən dörd region dövlətinin - Azərbaycan, Türkiyə, İran və Gürcüstanın xarici işlər nazirlərinin dördtərəfli formatda görüşüdür ki, bu, diplomatiya tariximizə növbəti bir uğur kimi yazılıb. Belə ki, həmin görüşdə  müzakirələrin nəticəsi olaraq bəyannamə imzalanıb. Bu sənədə görə,  Azərbaycan “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri ilə yanaşı, “Cənub-Qərb” nəqliyyat marşrutunun da mərkəzinə çevrilib.

Qeyd edək ki, Azərbaycan bir-birinin ardınca ikitərəfli, üçtərəfli (Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-İran-Rusiya) regional əməkdaşlıq formatları təşəbbüsü ilə çıxış edib. Bu dəfə isə ənənəvi formatlara yeni məzmun çalarları verilib. Bu, Prezident İlham Əliyevin birbaşa təşəbbüsü ilə həyata keçirilib.

Aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı İlham Əliyev deyib: “Bizim təşəbbüsümüzlə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularımızla dördtərəfli əməkdaşlıq formatına start verildi. Əlbəttə ki, regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün bu əməkdaşlıq formatı və digər əməkdaşlıq formatları böyük rol oynayır”.

Bu ilin ilk rübündə Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda ölkəmizdə  keçirilən konfransı  Azərbaycanın haqq mübarizəsinə növbəti dəfə siyasi dəstək verib. 

Prezident İlham Əliyevin sözləri ilə desək, bu, çox önəmli beynəlxalq tədbir olub: “Bildiyiniz kimi, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci böyük təşkilatdır. Biz bu təşkilata 7 il bundan əvvəl üzv olmuşuq və qısa müddət ərzində təşkilatda böyük rəğbət və hörmət qazana bilmişik. Məhz bunun nəticəsidir ki, belə bir mötəbər beynəlxalq tədbir məhz ölkəmizdə keçirilir. Ondan da əlavə qeyd etmək istərdim ki, gələn ildən başlayaraq Azərbaycan dünyanın ikinci böyük təşkilatına sədrliyi öz üzərinə götürəcəkdir. Bu, 120 ölkənin Azərbaycana olan böyük hörmətinin, inamının təzahürüdür. Bu böyük təşkilat çərçivəsində Azərbaycan çox uğurlu fəaliyyət göstərir. Qeyd etməliyəm ki, Qoşulmama Hərəkatı bizim təşəbbüsümüzlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair önəmli qətnamə qəbul etmişdir”.

Cənab İlham Əliyevin sözlərinə görə, məhz bu kimi tədbirlərin nəticəsi olaraq bütün beynəlxalq təşkilatlar bu münaqişə ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən qərar və qətnamələr qəbul ediblər: “...bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq. Kriminal xunta rejimi tərəfindən ötən il keçirilmiş dırnaqarası referendumu da heç kim tanımayıb. Bu, işğalçılara beynəlxalq aləm tərəfindən vurulan növbəti bir zərbədir. Bizim səylərimiz nəticəsində bu qondarma qurum regionun xəritəsində qara ləkə kimi tanınır və biz bundan sonra da bu istiqamətdə ardıcıl fəaliyyətimizi göstərməliyik. Beynəlxalq təşkilatlardakı fəaliyyətimiz çox önəmlidir. Düzdür, bunun praktiki nəticələri yoxdur, torpaqlarımız hələ də işğal altındadır. Biz torpaqlarımızın bir hissəsini hərbi yolla azad etdik, ancaq bununla bərabər münaqişənin həlli üçün hüquqi baza əsas şərtdir. Bu məsələdə Azərbaycan tam üstünlüyü əldə edib və növbəti illərdə beynəlxalq təşkilatlardakı fəaliyyətimiz daha da güclənəcək”.

Qeyd edək ki, Azərbaycan Qoşulmama Hərəkatına beynəlxalq aləmə balanslaşdırılmış  xarici siyasət yürütdüyünü təsdiqi məqsədilə üzv olub. Bu siyasət Azərbaycanı təhlükələrdən qorumaq missiyasıni yerinə yetirir. Yəni Azərbaycan nə Qərbə qarşı Rusiyanın, nə də Rusiyaya qarşı Qərbin yanında dayanmaq istəyir.

Bu ilin ilk rübü həm də Bakıda təşkil olunan  “İnklüziv cəmiyyətlərin qurulması üçün fərqliliklərin aradan qaldırılması” mövzusunda VI Bakı Qlobal Forumu ilə yaddaqalan olub. 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısının iştirakı ilə keçirilən bu Forumda da beynəlxalq münasibətlərin gündəliyindəki ən mühüm məsələlər müzakirə edilib. Həmçinin dünyada sülh və təhlükəsizlik, sivilizasiyaların birgə yaşayışı işinə mühüm töhfələr verən ölkəmizin timsalında dünyada təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın təmin edilməsi üçün vacib tövsiyələr verilib. Yeri gəlmişkən, Qlobal Bakı Forumunun əhəmiyyəti ildən-ilə artmaqdadır və dünyanın düşünən başları mütəmadi olaraq Bakıda toplaşıb bəşəriyyətin qarşısında duran bu və ya digər problemlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanır.

Qeyd edək ki, hər bir beynəlxalq tədbirlə əlaqədar gələn qonaqlar ölkəmizlə əyani tanış olur və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında vasitəçilik edirlər. Bundan başqa, bu kimi beynəlxalq səviyyəli tədbirlər iqtisadi inkişafımıza da təkan verər. Belə ki, təşrif buyurmuş hər bir qonaq respublikamızda yatırımlar üçün əlverişli şəraitin və imkanların olmasını, eyni zamanda sabitliyin hökm sürdüyünü görür. Bu mənada  beynəlxalq  tədbirlər investisiya cəlbi üçün də böyük əhəmiyyət kəsb edir.

Qvami Məhəbbətoğlu