17 aprel 2018 23:15
989

Manatın məzənnəsi sabit qalacaq

Son həftələrdə dünya siyasətində baş verən proseslər, xüsusilə Qərbin Rusiya və Türkiyə ilə münasibətlərindəki gərginliklər müvafiq olaraq  ABŞ dollarının rubla və lirəyə olan məzənnəsində də özünü göstərməkdədir. Bu ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2017-ci ilin nəticələrinə görə, Azərbaycanın ümumi ixracının 16 faizi, idxalının isə 30 faizi  Rusiya və Türkiyənin payına düşüb.

Lakin rublun və lirənin məzənnəsindəki qeyri-sabitlik Azərbaycan manatının həmin situasiya ilə qarşı-qarşıya olması anlamına gəlmir. Ən azından təcrübə və Azərbaycanın hazırkı  makroiqtisadi vəziyyətinin təhlili bu barədə qəti fikir bildirməyə imkan verir.

Birinci növbədə qeyd edək ki,  rublun və lirənin məzənnəsində qeyri-sabitliyin olması ilk dəfə deyil. Bu valyutalar regiondakı digər ölkələrin valyutaları ilə müqayisədə siyasi proseslərə qarşı böyük həssaslıqları ilə seçilirlər. Lakin tarix onu göstərir ki, bu cür proseslər uzun müddətli olmur.

Milli valyutadan bəhs etdikdə isə əsas məsələ  ondan ibarətdir ki, manatın məzənnəsinin sabitliyini təmin edən tədiyyə balansının göstəricilərinin hazırda  əlverişli olması, eyni zamanda, mövcud şərtlər çərçivəsində 2018-ci ilin qalan dövründə göstəricilərin müsbətə doğru gedəcəyinin proqnozlaşdırılması sabitliyin daha da güclənəcəyindən xəbər verir. Mövcud şərtləri təmin edən başlıca amil isə ölkənin əsas ixrac məhsulu olan neftin qiymətidir ki, bu, hazırda dövlət büdcəsində nəzərdə tutulan 45 dollarlıq həddən ən azı 25 dollar çoxdur.

Bundan başqa, yanvar-mart aylarında ixracın ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artması da manatın məzənnəsinin sabitliyini dəstəkləyir. Bütün bunlar  nəinki manatın məzənnəsinin  sabit qalmasına, eyni zamanda, ölkənin xarici valyuta ehtiyatlarının ilin birinci rübündə 2,2 milyard dollar artmasına imkan verib.

Makroiqtisadi sabitliyin bariz nümunələrindən biri də  Azərbaycan Mərkəzi Bankının bu il ərzində uçot dərəcəsinə üst-üstə iki dəfə dəyişlik etməsidir. Bununla da 2016-cı ilin sentyabrında maliyyə sabitliyinə nail olmaq istiqamətində atılan addımlardan biri kimi 15 faizə qədər artırılan uçot dərəcəsi  11 faizə endirilib. Manatla pul kütləsinin 11 faiz artdığı dövrdə bu, ölkənin maliyyə sabitliyi üçün təhlükənin aradan qaldırılması deməkdir. Təcrübə onu göstərir ki, belə  qərarlar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri nəzərə alınmaqla qəbul edilir.

Nəticə etibarilə makroiqtisadi sabitliyin çox ciddi iqtisadi dayaqlara malik olması manatın məzənnəsinin qarşıdakı müddətdə də sabit olacağını deməyə imkan verir. Hazırda hətta manatın ucuzlaşacağı ilə bağlı əsassız məlumatlar fonunda belə banklarda ABŞ dollarının alış qiyməti demək olar ki, dəyişməz olaraq qalır. Bu isə “Manat niyə ucuzlaşmalıdır” sualı ilə yanaşı,  ölkənin valyuta ehtiyatlarının bankların artacaq tələbatı ödəmək  imkanında olduğunu deməyə imkan verir.

Ceyhun Piriyev, “İki sahil”