17 aprel 2018 23:09
1246

Tahir Mirkişili: Milli valyutamızı hər hansı bir risk gözləmir

Son günlər ölkə gündəmində geniş yer alan manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı fikirlərə aydınlıq gətirmək üçün Milli Məclisin deputatı Tahir Mirkişili ilə həmsöhbət olduq. Milli valyutanın dəyəri, söz-söhbətə səbəb olan əsas amillər , regionda baş verən hadisələrin bu məsələyə təsiri və s haqqında suallarımızın cavabı aşağıdakı müsahibəmizdə.

- Tahir müəllim, bir neçə gündür cəmiyyətdə ən çox müzakirə olunan mövzu manatın məzənnəsi ilə bağlıdır. Milli valyutanın dəyərdən düşəcəyi ilə bağlı bəzi fikirlər səsləndirilir. Sizcə, bu fikirlərin hər hansı əsası varmı?

-Əslində yayılan bu söz-söhbətin müəyyən qədər  səbəbi və mənbəyi var. Amma, ümumilikdə, demək istəyirəm ki, manatın kursu və yaxud valyuta siyasəti kifayət qədər qanunlara tabe olan, hesablana və adyınlaşdırıla bilən bir hadisədir. Ona görə bu cür hadisələri şayiə, söz -söhbətlərlə yox, peşəkar iqtisadçılar tərəfindən hesablanan nəticələr əsasında müəyyən etmək mümkündür ki, manatın kursu dəyişəcək ya yox. Amma ümumilikdə baxsaq görərik ki, bu söz-söhbətlərin yaranmasına səbəb regionda baş verən bir sıra hadisələr oldu. Çünki Rusiya və Türkiyə milli valyutalarının birdən-birə dəyərdən düşməsi ağıllara gətirdi ki, Azərbaycan manatı da devalvasiyaya uğrayacaq. Amma əslində bu hadisələrin biri-biri ilə əlaqəsi yoxdur. Çünki bildiyiniz kimi, Rusiya iqtisadiyyatı sanksiyalar altındadır, Rusiya rublunun dəyişməsi ölkəyə tətbiq edilən sanksiya gözləntisindən yaranan şayiələrin və ya gözləntilərin nəticəsidir. Bir də nəzərə alaq ki, Rusiyada demək olar ki, təbii ehtiyatlar tükənmək üzrədir. Oxşar hadisələr Türkiyə ilə də bağlıdır. Türkiyənin xarici siyasətlə bağlı verdiyi bir qərar xarici investorların kapital axınına səbəb ola bilir. Bu cəhətdən baxsaq əslində hər iki ölkədə kapital axının baş verməsi ölkədə valyutaya olan tələbatı artırır və bunun nəticəsində də türk lirəsi və rus rublunda dəyişiklik müşahidə olunur. Azərbaycana gəldikdə isə yuxarıda sadaladığımız xüsusiyyətlərin heç birini bura aid etmək olmaz. 2018-ci ilin birinci rübünün nəticələri göstərdi ki, Azərbyacana 3,5 milyard dollar invsetisiya qoyulub. Yəni kapital axınından söhbət gedə bilməz. Tam əks proses baş verir. 2018-ci ilin birinci rübündə ölkə iqtisadiyyatının inkişafı, ümumi daxili məhsulun 2,3 faiz, qeyri-neft sənayesinin 10 faiz artması və yaxud ixracın idxalı 1,2 milyard üstələməsi o deməkdir ki, ölkəyə kifayət qədər valyuta axını var. Strateji valyuta ehtiyatlarımız 2018-ci ilin birinci rübünün göstəricilərinə görə, 2,2 milyard dollar artaraq 44,5 milyard dollara çatmışdır. Yəni, ölkəyə valyuta axının artması var və bütün bu deyilənlər onu deməyə əsas verir ki, Azərbaycanda manatın məzənnəsində iqtsiadi cəhətdən hər hansı bir problem görünmür.

- Adlarını çəkdiyiniz ölkələrlə Azərbaycanın həm də ticarət əlaqələri var. Bu ölkələrin milli valyutalarının dəyərini itirməsi ölkəmizin ixracatında hər hansı bir problem yarada bilərmi?

-Bir az dərinə getsək görərik ki, əslində Rusiya ilə bizim münasibətlərimiz daha çox qeyri-neft sektoru məhsulları üzərində qurulub. Bildiyiniz kimi, kənd təsərrüfatı məhsulları üzrə ixracımızın coğrafiyasında Rusiya mühüm yer tutur. Birinci rübün nəticələrinə fikir versək görərik ki, qeyri-neft sektoru Azərbaycanda 37 faiz artmışdır. Türkiyəyə ixracatımızda isə daha çox neft və qaz üstünlük təşkil edir. Neftin bir barelinin qiymətinin büdcədə 45 dollar nəzərə alınmağına baxmayaraq, Azərbaycan neftinin xarici bazarlarda satış qiyməti 70 dolların üzərindədir. Nəzərə alsaq ki, neft-qaz ixracatımız xarici valyutalar üzərindən həyata keçirilir, bu, o deməkdir ki, ixracatımızda da heç bir təhlükə gözlənilmir. İkinci  bir tərəfdən Azərbaycan da Türkiyədən daha çox qeyri-neft məhsulları idxal edir. Bu isə o deməkdir ki, əslində türk lirəsinin ucuzlaşması Azərbaycan idxalının daha ucuz qiymətə başa gəlməsidir. Bu, bir tərəfdən iqtisadi cəhətdən müəyyən təhlükələr yaradır. Yəni, idxalın daha ucuz qiymətə başa gəlməsi yerli istehsala təziyqləri müəyyən qədər artırır, amma ümumilikdə sosial cəhətdən qiymətlərin daha da aşağı düşməsinə şərait yaradır. Təbii ki, rus rubulunun da aşağı düşməsi Azərbaycan məhsullarının Rusiya bazarında daha sərt qiymət rəqabəti ilə üzləşməsinə səbəb ola bilər. Məsələyə sırf konseptual tərəfdən baxsaq görərik ki, dünyanın əksər ölkələri ixrac zamanı öz valyutalarının ucuzlaşmasında maraqlı olurlar. Çünki bu, iqtisadi hadisədir. Buna bir növ ticarət müharibəsi də deyə bilərik. Məsələn, bu proses tez-tez Çin və ABŞ arasında baş verir. Çin məqsədli şəkildə valyutasını ucuzlaşdırdığı zaman bazarda çox böyük bir təlaş yaranır. Çünki həmin ölkələrə ixrac daha ucuz başa gəlir. Yəni, ümumiləşdirəndə yenə də xatırlatmaq istəyirəm ki, ixracatda da bizim üçün probem gözlənilmir.

-  Qeyd edirsiniz ki, iqtisadiyyat və siyasət paralel şəkildə inkişaf edir və biri-birindən asılıdır. Əgər belə bir problem olarsa, siyasi səbəblər nələr ola bilər?

-Bəli, bu gün dünyada geosiyasət və iqtisadiyyat biri-biri ilə sıx bağlıdır. Yəni, siyasət iqtisadiyyatın dəyişməsinə səbəb olur və ya əksinə. Məsələn, Rusiyaya tətbiq olunacaq sanksiyalarla bağlı veriləcək hər hansı bir qərar ölkənin iqtisadiyyatına da mühüm təsir göstərəcək. Bu gün bölgədə dəyişik geosiyasi hadisələr baş verir. Suriya ilə bağlı məsələ, ABŞ və İran arasında olan siyasi məsələlər, Avropa Birliyi və Türkiyə arasında olan uzlaşmama və s. Məhz bu hadisələrin fonunda bütün iqtisadiyyatda da dəyişiklik özünü göstərir. Biz buna fors major deyirik. Amma qanunauyğunluğa baxanda təbii ki, hər bir dövlətin missiyası ondan ibarətdir ki, belə bir fors major vəziyyətində özünü  müdafiə etsin. Yəni, təsiri sıfıra endirmək qeyri-mümkündür. Məsələn, bu gün ABŞ-da və ya digər bir ölkədə baş verən hadisələr qətiyyən Azərbaycana təsir göstərməyə bilməz. Çünki biz açıq dövlətik, dünya siyasətinin bir parçasıyıq, köfrəz ölkələri  ilə əlaqələrimiz var və s. Amma xaricdə baş verə biləcək hər hansı bir siyasi qərarın Azərbaycana təsiri minimallaşdırıla bilər. Mühüm olan məhz budur.

- Deyə bilərikmi ki, bu gün milli valyutanın qarşısında hər hansı qlobal problemin gözlənilməməsi axırıncı devalvasiyadan sora bu sahədə görülən tədbirlərin nəticəsidir?

-Təbii ki. Məsələn, bu günümüzlə 2015-ci ildəki devalvasiya zamanını müqayisə etsək bunu aydın şəkildə görərik. O zaman Azərbaycana valyuta axını birdən-birə kəsildi. Artıq o dövrdən bu günə qədər Azərbaycan iqtisadiyyatında dinamik inkişaf baş verdi. 2016-cı ildən başlayaraq iqtisadi islahatlar həyata keçirildi. Qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərildi. Bu, böyük bir göstərici, uğurdur. Dövlət proqramlarının getdikcə bu sektoru daha da inkişaf etdirməsi, ixracın, sənayenin, turizmin inkişafı ilə bağlı əldə olunan uğurların hamısı ən son nəticədə ölkədə valyutamızın  sabitliyinə gətirib çıxarır. Amma xüsusilə qeyd etmək istəyirəm ki, biz iqtisadçılar manatın sabitliyi deyəndə, kursun tamamilə dəyişməzliyini nəzərdə tutumuruq. Kurs bildiyiniz kimi, bazar iqtisadiyyatının tələbi ilə müəyyən olunur. Bəlli, müəyyən olunmuş bir dəhliz var ki, bu dəhlizin içində hər bir kursun oynaması və ya dəyişməsi tamamilə iqtisidi qanunauyğunluqdur. Onu əvvəlcədən müəyyənləşdirmək və ya dəyişmək mümkün deyil. Əslində iqtisadiyyatın daha  da möhkəmləndirilməsi iqtisadi cəhətdən baxsaq, hər bir ölkənin milli valyutasının bəlli bir ölçüdə ucuzlaşmasını tələb edir. Belə deyək, milli valyutanın güclənməsi ixracın azalmasına səbəb olur. Manatın daha çox ucuzlaşması ixaracatın artmasına səbəb olur. Bu, iqtsadi qanunauyğunluqdur. Əsas məsələ bu bahalaşmanı və ya ucuzlaşmanı planlaşdırmaq, bəlli bir səviyyəyə gətirib çıxarmaq və bununla paralel əmək haqlarını uyğunlaşdırmaqdır ki, insanlar əziyyət çəkməsinlər.

Şəfiqə Dadaşova,
Şəmsiyyə Əliqızı, “İki sahil”