17 aprel 2018 14:14
963

Makroiqtisadiyyatın etibarlı dayaqları manatı daha da möhkəmləndirir

2014-cü ilin ortalarından başlayaraq dünya bazarlarında neftin qiymətinin ucuzlaşması bir çox ölkələrdə, o cümlədən Azərbaycanda milli valyutanın məcburi devolvasiyasına təsir etdi. Yumşaq devolvasiya nəticəsində Azərbaycan manatı bir qədər ucuzlaşdı.

Lakin ölkə rəhbərliyinin apardığı çevik siyasət nəticəsində yaranmış qeyri-sabit maliyyə vəziyyəti aradan qaldırıldı və artıq iki ildir ki, Azərbaycan manatı getdikcə möhkəmlənməkdə davam edir. Manatın möhkəmlənməsində və devolvasiyanın qarşısının alınmasında ölkədə sürətlə qeyri-neft sektorunun inkişafına zəmin yaradılması oldu. Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın aradan qaldırılması istiqamətində yürütdüyü siyasət özünün müsbət nəticələrini qısa müddətdə göstərməyə başladı.    

Belə ki, 2015 və 2016-cı illərdə qeyri-neft sektorunun inkişafı, ümumiyyətlə, iqtisadi islahatların dərinləşməsi istiqamətində çox mühüm addımlar atıldı. Bunların nəticəsi olaraq 2017-ci ildə Azərbaycan iqtisadiyyatı 3,2 faiz artıma nail oldu. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən hesab edilir. Bununla yanaşı, ötən il həyata keçirilən bir sıra böyük layihələr də deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub və bu inkişaf sabit və davamlıdır. Əlavə olaraq qeyd edək ki, 2017-ci ildə iqtisadiyyatda əvvəlki illərdə müşahidə edilən geriləmə 3,9 faiz-bənddən 0,6 faiz-bəndə qədər azalıb, qeyri-neft sektoru üzrə artım  2,5 faiz təşkil edib.

Yuxarıda göstərilənlərə əlavə olaraq vurğulayaq ki, Prezident İlham Əliyev son çıxışlarının birində qeyd edib ki, cari ilin ilk rübündə Azərbaycan öz valyuta ehtiyatlarını 2 milyard dollardan çox artırıb. Bu, mövcud valyuta ehtiyatlarının 25 faizi qədərdir.

Bütün bunları nəzərə alaraq əminliklə söyləmək mümkündür ki, Azərbaycan manatının devolvasiyasının heç bir iqtisadi əsası mövcud deyil və milli valyutanın ucuzlaşacağı barədə söyləntilərin heç bir əsası yoxdur. Buna baxmayaraq bəzi KİV-lərdə Yaxın Şərq, xüsusən də Suriya ətrafında cərəyan edən hadisələr əsas gətirilərək dünyanın əsas valyutası hesab edilən ABŞ dollarının bahalaşacağı, manatın yenidən ucuzlaşacağı barədə informasiyalar yayılmaqdadır.

Lakin ölkə iqtisadiyyatının məsul şəxslərinin və ekspertlərin mövzu ilə bağlı təhlilləri və fikirləri göstərir ki, bu ehtimalların heç bir əsası yoxdur. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məsələ ilə bağlı sualları cavablandırarkən bildirib ki, manatın dollara nisbətdə  zəifləməsini proqnozlaşdırmaq üçün heç bir əsaslı səbəb yoxdur. AMB rəhbərinin sözlərinə görə, Azərbaycan iqtisadiyyatında formalaşmış mühit, xüsusilə  sabit makroiqtisadi vəziyyət, 25 faiz artan valyuta ehtiyatları bu barədə dəqiq əminlik yaradır. E. Rüstəmov, həmçinin keçirilən valyuta hərraclarında real tələbatın təklifin yüksəlməsini nəzərə alaraq, belə fikirlərin əsassız olduğunu söyləyib.

Bundan əlavə, Azərbaycanın valyuta ehtiyatlarının artması, tədiyyə balansının müsbət zonada olması, eləcə də makroiqtisadi sabitliyin mövcudluğu manatın ucuzlaşacağı barədə ehtimalları inkar edir.  

 Maliyyə naziri Samir Şərifov da məsələ ilə bağlı nikbin fikirlər səsləndirib. Onun sözlərinə görə, büdcə dayanıqlığının təmin edilməsi, eyni zamanda makroiqtisadi sabitliyin təmin olunması baxımından fundamental risklər gözlənilmir.

 Müstəqil maliyyə ekspertləri də manatın xarici valyutaya nisbətdə məzənnəsinin dəyişəcəyi fikirlərini birmənalı olaraq rədd edirlər və bunun üçün heç bir əsasın olmadığını bildirirlər.

Ümumiyyətlə, ekspertlər hesab edirlər ki, Azərbaycanda qeyri-neft sektorunun, o cümlədən turizmin, nəqliyyat sahəsinin inkişafı ölkə iqtisadiyyatının neftdən asılılığını xeyli azaldır. Bu da öz növbəsində manata inamı artırır və onu daha da möhkəmləndirir. Bu baxımdan milli valyutanın ucuzlaşması deyil, əksinə, getdikcə daha da bahalaşması gözləniləndir.

Taleh Turqut, “iki sahil”