17 aprel 2018 01:02
3062

Bakı-Supsa - daha irimiqyaslı layihələrə vəsilə olan kəmər

Bu gün Azərbaycan neftini xaricə ötürən boru xətlərindən birinin - Bakı-Supsa xətti adlandırdığımız Qərb İxrac Boru Kəmərinin (QİBK) rəsmi istifadəyə verilməsindən 19 il ötür.

1990-cı illərdə ölkəmizin şimalında yaşanan ciddi problemlər - Çeçenistan müharibəsi, Bakı-Novorossiysk kəmərində baş verən terror aktları neftimizin Qərb bazarlarına çıxarılması üçün alternativ yolların axtarılması zərurətini ortaya qoydu. Bununla da ulu öndər Heydər Əliyevin müdrikliyi sayəsində Qərb İxrac Boru Kəmərinin (QİBK) çəkilməsi ideyası irəli sürüldü. 1996-cı il martın 8-də ümummilli liderimiz Heydər Əliyev və Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadze Tbilisidə Bakı-Supsa neft kəmərinin çəkilməsi ilə bağlı razılığa gəldilər.

...1998-ci ilin dekabrında Səngəçal terminalından vurulan xam neft 1999-cu il martın 11-də Supsa terminalına çatdı. Burada neftin çənlərə doldurulması ilə Bakı-Supsa İxrac Boru Kəmərinin fəaliyyətə başlaması üçün son hazırlıq işlərinə start verildi. Aprelin 17-də Supsada Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin, habelə ABŞ prezidentinin və dövlət katibinin Xəzər regionu üzrə xüsusi müşavirinin iştirakı ilə Qərb İxrac Boru Kəmərinin və Supsa terminalının rəsmi açılış mərasimi oldu.

Ulu öndər Heydər Əliyev kəmərin açılışındakı çıxışında onun istifadəyə verilməsinin mühüm əhəmiyyətini vurğuladı: “Beləliklə, 1994-cü ildə başlanmış işlər artıq öz praktiki nəticələrini verir. Bakı-Supsa neft kəməri, burada tikilmiş gözəl terminal, müvəffəqiyyətlə işləmək və nefti fasiləsiz olaraq vurmaq, onu dünya bazarlarına daşımaq üçün yaradılmış gözəl şərait buna inandırıcı sübutdur”. Ümummilli lider hələ o vaxt deyirdi ki, “Şərq-Qərb” enerji dəhlizi iqtisadi baxımdan daha çox, siyasi əhəmiyyət kəsb edir. Biz dünyaya sübut edəcəyik ki, öz məsələlərimizi özümüz həll edirik, müstəqil siyasətimiz var”. Belə də oldu. Bu qərar Azərbaycanın müstəqil dövlət olduğunu, müstəqil siyasət yürütdüyünü dünyaya nümayiş etdirdi. Bu addım həm də Qərbin və ABŞ-ın Azərbaycana marağını və inamını artırdı.

ABŞ-ın Prezidenti Bill Klinton Bakı-Supsa neft boru xəttinin rəsmi açılış mərasiminin iştirakçılarına göndərdiyi təbrik məktubunda isə belə deyirdi: “Bakı-Supsa xəttinin açılışı çoxdan gözlənilən məqsədi - Xəzər regionunun neft və qazını dünya bazarlarına çatdırmaq üçün neft kəmərləri şəbəkəsi yaradılmasını həyata keçirir. Bununla bərabər, həmin boru kəmərlərinin faydası enerji sektorunun çərçivəsindən çox-çox kənara çıxır. Bu xətt “Şərq-Qərb” dəhlizinin təməl daşı olacaq və bütün Qafqaz və Mərkəzi Asiya ölkələrinin inkişafına kömək edəcəkdir”

Onu da qeyd edək ki, Ümummilli Lider Qərb İxrac Boru Kəmərini həmişə yüksək dəyərləndirib, onun Azərbaycanın bütün iqtisadiyyatına, ölkəmizin regiondakı geosiyasi mövqelərinin möhkəmlənməsinə müsbət təsir etdiyini bildirib. O, həmçinin Bakı-Supsa kəmərini “Gürcüstan ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın parlaq misalı”, “Qafqazda sabitliyin və sülhün möhkəmlənməsinə mühüm töhfə” kimi səciyyələndirib.

2016-cı il mayında Gürcüstanın paytaxtı Tbilisidə “Şərq-Qərb” enerji dəhlizinin 20 illiyinə həsr olunmuş tədbirdə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili bildirdi ki, Bakı-Supsa kəmərinin təməlinin qoyulması ilə regionda yeni era başlayıb və Cənubi Qafqazda sabitlik üçün mühüm əsas yaranıb.

QİBK-dən sonra Azərbaycanın karbohidrogen ehtiyatlarının nəqli üçün yeni yollar açıldı, o cümlədən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələr reallaşdı. Bunu Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb. 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2”nin yekun investisiya qərarının imzalanması mərasimində dövlət başçısı bildirib: “Şahdəniz” isə düşünürəm ki, XXI əsrin müqaviləsi olacaqdır. Bu tədbirdən əvvəl isə müstəqil Azərbaycanın enerji sahəsinin inkişafında bir sıra mühüm tarixi hadisələr baş vermişdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı ilə bağlı saziş imzalanmış, sonra 1999-cu ildə Xəzər dənizini Gürcüstanın Qara dəniz sahilləri ilə birləşdirən ilk boru kəməri inşa edilmişdir. Daha sonra - 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi və beynəlxalq bazarlarla birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəməri, 2007-ci ildə isə Cənub qaz boru kəməri inşa edilmişdir. Bu kəmər Azərbaycan, Gürcüstan və Türkiyəni hazırkı mərasimin tərkib hissəsi olan digər layihə ilə birləşdirmişdir”.

Yeri gəlmişkən xatırladaq ki, ümumi uzunluğu 833 kilometr olan, Azərbaycanın və Gürcüstanın bir çox bölgələrinin ərazisindən keçən QİBK-in təhlükəsiz fəaliyyət göstərməsi həmişə diqqət mərkəzindədir. 

Qvami Məhəbbətoğlu