17 aprel 2018 00:57
1576

Azərbaycan beynəlxalq əməkdaşlıq formatlarının əsas məkanıdır

Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti kimi bölgənin geosiyasi həyatında təsiredici rol oynayır. Bununla yanaşı, ölkəmizin artan gücü və iqtisadi-siyasi inkişafı onun qlobal əhəmiyyətini də getdikcə artırır. İndi Azərbaycana təkcə bölgənin lider dövləti kimi yox, həm də Avrasiya məkanının vacib istinad ölkəsi kimi yanaşılır. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin və enerji daşıyıcılarının ölkəmizdə birləşməsi Azərbaycanın dünyəvi əhəmiyyətini artıran başlıca amillərə çevrilib.

Bütün bunlar təkcə Azərbaycanın yerləşdiyi coğrafi mövqeyinə görə deyil, ən əsası dövlət və onun lideri tərəfindən aparılan məqsədyönlü, uzaqgörən və milli maraqlara söykənən siyasət nəticəsində mümkün olmuşdur. 15 illik Prezidentliyi dövründə İlham Əliyevin yürütdüyü siyasi kurs ildən-ilə Azərbaycanın gücünə güc qatmış, ölkəmizi dünyanın ən sürətlə inkişaf edən dövlətlər sırasına yüksəltmişdir. Məhz bunun nəticəsidir ki, aprelin 11-də keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyəti yenidən ölkənin gələcəyini ona etibar etdi, dövlət başçısı İlham Əliyevlə gələcəyə inamla addımlamağa səs verdi.

 Aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən Prezident İlham Əliyevin nitqindən göründüyü kimi, bu il də Azərbaycan inkişaf yolunda uğurla davam edir. Xüsusilə ölkəmizin beynəlxalq əlaqələri gündən-günə genişlənir və Azərbaycan dünyada cərəyan edən proseslərin əsas iştirakçılarından birinə çevrilir. Sözsüz ki, bu iştirak, əsasən, qarşılıqlı əlaqələrin inkişafına və birgə əməkdaşlığın genişləndirilməsinə xidmət edir. Azərbaycan regional əməkdaşlıq formatlarının əsas təşəbbüskarı və təşkilatçısı kimi çıxış edir.

Prezidentin də sözügedən iclasda qeyd etdiyi kimi, 2018-ci il ölkəmizin beynəlxalq əlaqələrinin inkişafı baxımından uğurla başlamışdır. İlin birinci rübündə Azərbaycanda və Azərbaycanın iştirakı ilə başqa ölkələrdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərin miqyası deyilənlərin bariz sübutudur. Prezident nitqində bu amili yüksək qiymətləndirmişdir: “Bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Bu tədbirlər ölkəmizin beynəlxalq nüfuzunu artırır, Azərbaycanı dünyaya müasir, inkişafda olan ölkə kimi təqdim edir. Mən bu tədbirlər arasında VI Bakı Qlobal Forumunu xüsusilə qeyd etmək istəyirəm. Bu Forum qısa müddət ərzində dünya miqyasında böyük hörmət qazanmış bir beynəlxalq platformadır. Dünyada keçirilən aparıcı forumlar arasında Bakı Beynəlxalq Forumu qısa müddət ərzində öz layiqli yerini tuta bilmişdir. Bunu təsdiqləyən həm Forumda müzakirə olunan məsələlərdir, həm də gələn qonaqların siyahısıdır. Bu dəfə Forumda 50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir. Yəni, bu, Forumun əhəmiyyətini göstərir. Dünya liderlərinin Foruma göndərdikləri məktublar, əlbəttə, göstərir ki, bu Forum doğrudan da böyük beynəlxalq tədbirdir. Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir. Bu səfərlər də ölkəmizin dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynayır”.

Yeri gəlmişkən, qeyd edək ki, ənənəvi olaraq hər il Bakıda keçirilən Qlobal Forum zaman keçdikcə dünyanın diqqətini daha çox cəlb edir. Burada müzakirə edilən qlobal məsələlər və bəşəriyyətin ümumi inkişafına xidmət edən çağırışlar dünyəvi əhəmiyyətinə görə hər kəs üçün maraq doğurur. Bu baxımdan Qlobal Bakı Forumunda iştirak edən nüfuzlu dövlət və hökumət adamlarının sayının getdikcə artması anlaşılandır.

Təbii ki, Bakı Forumuna marağın yüksək olmasının digər amillərindən biri də Azərbaycanın inkişaf edən bir dövlət kimi beynəlxalq imicinin yüksəlməsi ilə bağlıdır. Beynəlxalq ictimaiyyət ölkəmizi Avrasiya məkanının əməkdaşlıq formatında həlledici dövlət kimi qəbul edir.

Yuxarıda da vurğulandığı kimi, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq siyasətdə çoxtərəfli əməkdaşlıq formatlarının müəllifi hesab edilir. Bu, ölkəmizin təşəbbüsü ilə regionda yaradılan üçtərəfli və çoxtərəfli əməkdaşlıq formatlarının uğurlu inkişafında da özünü göstərir. Lakin 2018-ci ildə bu müstəvidə daha bir tarixi hadisə baş vermişdir. Tarixdə ilk dəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Bakıda Türkiyə, İran və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçirilmiş və dörtərəfli əməkdaşlıq formatının əsası qoyuluşdur. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq əlaqələrinin inkişafından danışarkən bu amili xüsusi vurğulamışdır: “Bizim təşəbbüsümüzlə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularımızla dördtərəfli əməkdaşlıq formatına start verildi. Əlbəttə ki, regionda yaşanan problemlərin həlli, sabitliyin, təhlükəsizliyin, inkişafın təmin edilməsi üçün bu əməkdaşlıq formatı və digər əməkdaşlıq formatları böyük rol oynayır”.

2018-ci ilin birinci yarısında beynəlxalq miqyasına görə yüksək qiymətləndirilən hadisələrdən biri də Qoşulmama Hərəkatının üzv dövlətlərinin xarici işlər nazirlərinin Bakıda keçirilən konfransıdır. Xatırladaq ki, bu təşkilat üzvlərinin sayına görə BMT-dən sonra dünyanın ikinci böyük qurumudur. Cəmisi 7 il əvvəl bu təşkilata üzv olan Azərbaycan qısa müddətdə burada özünə böyük rəğbət qazanmışdır. Bu hörmətin təzahürüdür ki, Azərbaycan gələn il Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Məhz Azərbaycanın hörmət və nüfuzu sayəsində təşkilat Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul etmiş və burada ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı xüsusi qeyd edilmişdir.

Yuxarıda vurğulananlardan çıxış edərək qeyd etmək olar ki, hazırda Azərbaycanın beynəlxalq əlaqələri yüksələn xətlə inkişaf edir. Məhz bunu nəzərə alaraq Prezident qeyd edtmişdir ki, bu əlaqələr ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllinə də öz müsbət təsirini göstərəcəkdir: “Bütün bu beynəlxalq tədbirlər çərçivəsində və eyni zamanda, Azərbaycana edilən səfərlər, ikitərəfli formatda aparılan danışıqlar nəticəsində bizim beynəlxalq mövqelərimiz daha da möhkəmləndi. Deyə bilərəm ki, mən bütün görüşlərdə həmkarlarıma və görüşdüyüm şəxslərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini, münaqişə ilə bağlı həqiqətləri çatdırıram... Bu görüşlərin və ümumiyyətlə, bu istiqamətdəki fəaliyyətimizin nəticəsi ondan ibarətdir ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hüquqi baza tam yaradılıb və heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq”.

Taleh Turqut, “İki sahil”