“Azərsu” ASC-də “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun (ETLİ) fəlsəfə doktorluğu üzrə doktorantura və dissertanturasına qəbul olunan namizədlərlə görüş keçirilib.
“Azərsu” ASC-nın sədri Qorxmaz Hüseynov elm, təhsil və istehsalat müəssisələri arasında əməkdaşlığın əhəmiyyəti barədə məlumat verərək bildirib ki, Səhmdar Cəmiyyət elmi potensialın gücləndirilməsi, kadr hazırlığı və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti, Memarlıq və İnşaat Universiteti ilə sıx əməkdaşlıq edir. “Sukanal” ETLİ-də Bakı Dövlət Universitetinin, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin müvafiq kafedralarının filiallarının yaradılması tələbə, magistr və doktorantların praktiki bilik, bacarıq və vərdişlərinin formalaşdırılması, müxtəlif elm sahələrində elmi yeniliklərin və innovasiyaların tədris prosesinə tətbiqi, müvafiq ixtisas sahələri üzrə aparıcı mütəxəssislərin tədris prosesinə cəlb edilməsi və birgə elmi tədqiqatların aparılması baxımından da əhəmiyyətlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyul 2017-ci il tarixli 297 nömrəli qərarına əsasən, “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların siyahısı”nda dəyişikliyə əsasən “Azərsu” ASC-nin “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu da ali təhsilin doktorantura pilləsi üzrə kadr hazırlığı həyata keçirən təşkilatları siyahısına daxil edilib.
Bu, il ilk dəfə aparılan qəbul imtahanının nəticələrinə əsasən, 3 doktorant (qiyabi) və 3 dissertant “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunda ali təhsilin doktorantura pilləsinə qəbul olunub. “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bu münasibətlə doktorant və dissertantları təbrik edərək onlara tövsiyələrini verib, elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Orxan Vahidoğlu, “İki sahil”