13 aprel 2018 22:42
1417

Tərtərdə əkin sahəsində raketin hissəsi aşkarlanıb

Aprelin 13-də saat 08:04-də Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti” Mərkəzindən, saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Tərtər rayonunun Şıxarx qəsəbəsində bir mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri ərazidə bir əkin sahəsinə baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd “PQ-7” raketinin mühərrik hissəsi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkarlanmış raketin ətrafında 800 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Yanvarın 1–dən aprelin 13-dək ANAMA tərəfindən 2443 partlamamış hərbi sursat, tank əleyhinə üç mina və 73 kiloqram partlayıcı maddə aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 59 min 415 kvadratmetr ərazi yoxlanılıb.