13 aprel 2018 14:19
1676

Beyin silkələnməsi əqli zəifliyə gətirib çıxara bilər

Gənc yaşlarında baş vermiş beyin silkələnməsi əqli zəifliyə gətirib çıxara bilər

20 yaşında baş vermiş kəllə-beyin zədəsi özünü 50-60 yaşlarında demensiyanın inkişafı riskinin artması ilə göstərir. Üç milyona yaxın insan üzərində aparılan tədqiqatların nəticəsi bunu sübut edir. Müəyyən olunub ki, baş beyin zədəsi alan kişilər qadınlara nisbətdə (30 faiz 19 faizə qarşı) demensiya ilə daha tez qarşılaşır.

AZƏRTAC “Meddaily” saytına istinadla xəbər verir ki, kəllə-beyin zədələri gənclər arasında daha geniş yayılıb və zədə alan insanlarda demensiyaya tutulma riski digərlərinə nisbətdə 24 faiz daha çoxdur. Bir dəfə ağır zədə almaqla demensiya riski 35 faiz, orta zədə və ya adi silkələnmə nəticəsində isə 17 faiz artır. 2 və 3 dəfə baş beyin zədəsi almış insanlarda demensiya riski 33 faiz, 4 zədə alanlarda isə 61 faiz yüksəkdir. Əgər baş beynin 5 və daha çox sayda zədəsi qeydə alınıbsa, o zaman risk 183 faiz artır.

Bununla yanaşı, zədədən sonra demensiyanın qaçılmaz olduğunu düşünmək lazım deyil. Əgər spirtli içki və tütünün istifadəsini azaltsanız, mütəmadi olaraq məşq və çəkinizə nəzarət etsəniz, hipertoniya, diabet, depressiya ilə mübarizə aparsanız, demensiyanın əmələ gəlmə riskini aşağı sala bilərsiniz. Yeri gəlmişkən, hazırda dünyada 47 milyon insanda demensiya müşahidə olunub və yaxın 20 il ərzində bu rəqəmin iki dəfə artacağı gözlənilir.