13 aprel 2018 00:50
2090

Sözü söz üstə yox, daşı daş üstünə qoymaq lazımdır

Aprelin 11-də Azərbaycan növbəti siyasi kampaniyanı uğurla başa çatdırdı. Həmin gün prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi, son 15 ildə  müstəqil Azərbaycanı inkişaf və tərəqqi yolunda yeni zirvələrə doğru inamla aparan Prezident İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. Xalqın güclü dəstyi və yüksək seçki fəallığı ilə keçirilən bu seçkilər,  eləcə də səsvermənin nəticələri seçicilərin qüdrətli, çiçəklənən Azərbaycanın quruculuq kursu ilə yüksək həmrəyliyini  bir daha təsdiq etdi. Böyük fərəh hissi ilə demək olar ki, aprelin 11-də müasir tariximizin yeni şanlı səhifəsi yazıldı, Azərbaycanın inkişafı, tərəqqisi yolunda keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyuldu.

Bu seçkilərdə cənab İlham Əliyevin zəfəri həm də son 15 ildə respublikamızın əldə etdiyi nailiyyətlərə, keçdiyi şərəfli və uğurlu yola, işıqlı gələcəyə, inamlı sabahlara qədirbilən xalqımızın, milyonlarla vətəndaşımızın verdiyi qiymətin, göstərdiyi  ehtiram və etimadın parlaq nümunəsi, Cümhuriyyətimizin 100 illiyinə böyük töhfəsi kimi dəyərləndirilməlidir.

Prezident İlham Əliyevin aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza ünvanladığı müraciətində səsləndirdiyi “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq. Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Gün gələcək, bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir” fikirləri bütün qələbələrimizin təməlində xalq-iqtidar birliyinin sarsılmazlığının, qüdrətinin dayandığının bariz nümunəsidir.

Bu gün sabitlik, inkişaf və tərəqqi adası olan Azərbaycan məhz ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində regionun lider dövlətinə çevrilib. Azərbaycanın təşəbbüsü, əzmi ilə dünyanın enerji təhlükəsizliyinə böyük töhfələr verən regional və qlobal enerji layihələri reallaşdırılıb. Beynəlxalq müstəvidə mövqeyini gündən-günə möhkəmləndirən, regionun lokomotivinə çevrilən Azərbaycan beynəlxalq birliyin əsas tərəfdaşı kimi qlobal təhlükəsizliyin təmin olunmasında vacib rol oynayır.

Dünya nizamının yenilənməsi ilə müxtəlif bölgələrdə, xüsusilə Yaxın Şərqdə tüğyan edən xaos, anarxiya şəraitində,  beynəlxalq maliyyə-iqtisadi böhranın davam etdiyi bir vaxtda Azərbaycan məhz öz müstəqil siyasəti ilə həmin böhrandan ən az itkilərlə çıxaraq sosial-iqtisadi inkişafını uğurla davam etdirir. Son 15 ildə ölkə iqtisadiyyatı 3,2 faiz, büdcə gəlirləri 13,5 faiz, əmək haqqı və pensiyalar 8,6, strateji valyuta ehtiyatları 23, xarici ticarət dövriyyəsi 4,6, ixrac 6 dəfə artıb, 1 milyon 400 min yeni iş yeri açılıb, işsizliyin səviyyəsi 9,2 faizdən 5 faizə, yoxsulluğun səviyyəsi 44 faizdən 5,4 faizə enib. Bu müddətdə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub. Son 15 il ərzində Azərbaycanda 3100-dən çox məktəb, 600-dən çox xəstəxana inşa olunub və yenidən qurulub, respublikamızda 30-dan çox elektrik stansiyası istifadəyə verilib, 15 min kilometr yol çəkilib.

 Azərbaycanın təşəbbüsü və siyasi iradəsi ilə reallaşdırılan “Cənub Qaz Dəhlizi” və onun seqmentləri olan TANAP-ın, TAP-ın,  eləcə də “Şimal-Cənub”, “Cənub-Qərb” kimi beynəlxalq nəqliyyat dəhlizlərinin icrası uğurla davam etdirilir. Dünya İqtisadi Forumu tərəfindən nəşr olunan “2017-2018-ci illər Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan 137 dövlət arasında 35-ci yerdə, MDB ölkələri arasında  isə 1-ci yerdə qərarlaşıb.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Azərbaycanın prinsipial mövqeyi daha da güclənib. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızın bir hissəsini işğaldan azad edib. 2016-cı ilin aprel döyüşləri ordumuzun qüdrətini bütün dünyaya nnüamiyş etdirib. Aprel döyüşləri bir daha təsdiq etdi ki, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmri ilə istənilən vaxt düşməni məhv etməyə, işğal altındakı torpaqlarımızı qaytarmağa tam hazırdır.

Təbii ki, bütün bunlar Azərbaycan əleyhdarlarını, erməni lobbisini narahat etməyə bilməz. Məhz bu qüvvələr öz xislətlərinə sadiq qalaraq həmişə olduğu kimi, bu seçkilər ərəfəsində də bütün qüvvələrini səfərbər edərək ölkəmizin əleyhinə  apardıqları təbliğat kampaniyasını yeni metod və vasitələrlə daha da gücləndirdilər. Bu qüvvələr öz üzdəniraq əməllərinin rəngini bir az da tündləşdirmək üçün “sapı özümüzdən olan baltlar”dan, antimlli ünsürlərdən, ölkəmizdəki dağıdıcı müxalifət düşərgəsindən istifadə etməyə cəhd etdilər. Dünya erməniliyinin maliyyəsinə şirniklənən, Avropanın müxtəlif ölkələrində “mühacir” statusu ilə məskunlaşan səbatsız və əqidəsiz, mayası xəyanətkarlıqla yoğrulan,  milli mənlik şüurundan, vətənpərvərlik hissindən, torpaq, el-oba təəssübündən məhrum olan Emin Milli, Orduxan Teymurxan, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Rafael Piriyev, Həbib Müntəzir, Qənimət Zahid və digərləri, AXCP sədri Əli Kərimli, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli,  ermənilərlə işbirliyində olması çoxdan təsdiq olunmuş Leyla Yunus, Arif Məmmədov, Hüseyn Abdullayev, İsa Sadıqov kimiləri sosial şəbəkələrdə, “Məhsul” stadionunda ölkəmizə qarşı savaş açaraq erməni dəyirmanına su töksələr də heç nəyə nail ola bilmədilər. Onların əksinə olaraq seçkiləri izləmək üçün ölkəmizə gəlmiş yüzlərlə beynəlxalq müşahidəçinin qəti fikri belədir ki, ümumilikdə bu seçkilər yüksək rəqabət şəraitində, peşəkar və hüquqi qaydada və dinc, azad, şəffaf mühitdə həyata keçirilib. İştirak edən bütün müşahidəçilər səslərin sayılmasının peşəkarcasına, düzgün və şəffaf şəkildə aparıldığını bəyan etdilər.

Dünyanın nüfuzlu və ən iri xəbər agentliklərindən biri olan “Associated Press”in aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinə həsr edilən məqaləsində qeyd olunur ki, ölkə əhalisinin 80 faizdən çoxunun hazırkı dövlət başçısını dəstəkləməsi gözlənilən idi. Çünki ilk dəfə 2003-cü ildə Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev özünü sabitliyin, inkişafın təminatçısı kimi təsdiq edib.

Bəli, xalqımız müstəqil xarici siyasəti, davamlı inkişafı, sabitliyi, əmin- amanlığı seçərək işıqlı sabahlara, tərəqqiyə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə səs verdi.  Bu seçkilər bir daha təsdiq etdi ki, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti son 15 ildə müasir Azərbaycanın devizinə çevrilib.

Nəhayət, antiazərbaycan şəbəkənin maşasına çevrilən “sapı özümüzdən olan baltalar”a, antimilli ünsürlərə demək istərdik ki, özgələrin minnətli çörəyinə, tüpürcəkli tula payına şirniklənərək, öz ölkəsi, milləti əleyhinə şər-böhtanla dolu  “qara piar” aparmaqdan əl çəkərək işıqlı gələcəyə doğru inamla irəliləyən xalqımızın cərgəsində yer tutsunlar. Şərlə, böhtanla, təhqirlə heç nəyə nail olmaq mümkün deyil. Axı indi XXI əsrdir. Cəmiyyətimiz kimin kim olduğunu bilir, ağı qaradan ayırmağı çox yaxşı bacarır. Ona görə xalq Vətən üçün çalışmağın ən gözəl yolu sözü (yalanı, şəri) söz üstə qoymaq yox, daşı daş üstünə qoymaqdır.

Zahid Rza, “İki sahil”