Dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları nəticəsində artan iqtisadi qüdrətimiz siyasi mövqeyimizin də möhkəmlənməsini təmin edir
“Bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımızı gücləndirməliyik. Növbəti illərdə bu istiqamətdə əlavə addımlar atılacaq. Deyə bilərəm ki, son iki il ərzində çox ciddi iqtisadi islahatlar aparılmışdır... Növbəti illərdə islahatlar mütləq davam etdiriləcəkdir. İndi bəzi suallar səslənir və hətta beynəlxalq ekspertlər maraqlanırlar ki, indi neftin qiyməti bir qədər qalxıbdır, bəs bu, apardığımız islahatlara təsir edəcək, ya etməyəcək? Bəlkə siz indi islahatları o qədər fəallıqla aparmayacaqsınız. Qətiyyən belə deyil. Mən bir daha demək istəyirəm ki, neftin qiymətinin artması, sadəcə olaraq, bizim valyuta ehtiyatlarımızı artıracaq. Ancaq bütün hökumət qurumları elə işləməlidirlər ki, sanki bizdə neft amili yoxdur. Ona görə biz gələcək iqtisadi inkişafımızı qeyri-neft sektorunun inkişafında görürük. Neft sektoru, sadəcə olaraq, bizə əlavə maliyyə resursu yaradacaq ki, bu da öz növbəsində, bizim siyasi resurslarımızı da gücləndirir. Bu da təbiidir. Ölkə iqtisadiyyatının dayanıqlı inkişafını ancaq bu amillər - qeyri-neft sektoru, sahibkarlıq, idarəetmədə aparılan və aparılacaq islahatlar müəyyən edəcək. Ona görə iqtisadiyyatın şaxələndirilməsi, mütərəqqi beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi, maliyyə, fiskal siyasətində ən qabaqcıl texnologiyalardan istifadə etməyimiz inkişafımız üçün əsas amillər olacaqdır. Deyə bilərəm ki, bu siyasət artıq öz nəticəsini vermişdir.” Dövlətimizin başçısı İlham Əliyev bu fikirləri ilə 2003-cü ildə jurnalistlərə verdiyi ilk müsahibəsini bizlərə xatırladır: “Hesab edirəm ki, iqtisadiyyatımızın növbəti mərhələsi məhz özəl sektorun daha fəal iştirakından asılı olmalıdır və bu istiqamətdə bizim üzərimizə düşən vəzifələri yerinə yetirməyə hazırıq. Bazar iqtisadiyyatı davam etdiriləcəkdir. Sahibkarlar sinfi yaranacaq və beləliklə, özəl sektorun fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi də artacaqdır, iş yerləri də açılacaqdır. Yəni hesab edirəm ki, indi qlobal şəkildə bu istiqamət də Azərbaycan üçün lazımdır.”
Göründüyü kimi, ulu öndər Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün öz aktuallığını qoruyur və dövlətimizin siyasətinin əsasında dayanır. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın yüksək səviyyədə qorunması iqtisadiyyatın şaxələndirilməsi istiqamətində addımlara stimul oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını prioritet məsələ kimi öndə saxladı. Bu günədək iqtisadiyyatımızın üç dəfədən çox artması təkmil islahatların nəticəsidir. Yoxsulluq kimi bəlanın aradan qaldırılmasının prioritetliyi atılan addımlardan daha aydın görünür. Məhz bunun nəticəsidir ki, son 14 ildə yoxsulluq 50 faizdən 5 faizə enib. İşsizlik də 5 faiz səviyyəsindədir. Bu illər ərzində bir milyon 900 mindən artıq yeni iş yeri yaradılıb. 2004-cü ildən regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə regional inkişaf proqramları uğurla icra edilir. Ölkəmizdə sosial məsələlərin həllinə çox böyük diqqət göstərilir. Maaşlar, pensiyalar son 14 ildə dəfələrlə artmışdır. Sosial infrastruktur layihələri icra edilir. Bütün bunlar son illər ərzində əldə edilmiş nailiyyətlərdir. Qeyri-neft sektorunun inkişafının qarşıdakı illərdə də əsas olacağı bildirilir. Bu gün iqtisadiyyatımızın təxminən 75 faizi qeyri-neft sektorunda formalaşır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki, elə etməliyik ki, neftdən, qazdan asılılıq minimum səviyyəyə endirilsin. Azərbaycanda idarəçilikdə ciddi islahatlar, xoşagəlməz hallara qarşı mübarizə aparılır. Biz artıq dünyaya intellektual məhsul təqdim edirik. “ASAN xidmət” bizim məhsulumuzdur. Bütün bu addımlar bir məqsədə xidmət edir: Azərbaycanın hərtərəfli inkişafını təmin etmək, sosial müdafiəni gücləndirmək.
Cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, ölkəmizdə iqtisadi artım bu il də dünya miqyasında nümunə ola bilər. “Əlbəttə ki, bizim iqtisadi addımlarımız bir-biri ilə bağlıdır və biz gələcəkdə xarici bazarlara nə qədər çox investisiya qoysaq, bölgədə və dünyada siyasi çəkimiz də o qədər artacaqdır... Deyə bilərəm ki, dünyanın ancaq inkişaf etmiş ölkələri başqa ölkələrin iqtisadiyyatına böyük həcmdə sərmayə qoyurlar. Azərbaycan inkişafda olan bir ölkədir. Vaxt gələcək biz də inkişaf etmiş ölkələrin bütün meyarlarına cavab verəcəyik.”
Xarici siyasəti daxili siyasətin məntiqi davamı kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev çevik və məqsədyönlü siyasətin ölkəmizin daha da güclənməsinə yönəldildiyini bildirir: “Biz bu gün qlobal problemlərin həlli ilə məşğuluq. Bizim mövqeyimiz, səsimiz böyük əhəmiyyətə malikdir... Biz üzv olduğumuz təşkilatlarda maraqlarımızı müdafiə edirik, eyni zamanda, həm siyasi cəhətdən, həm də bütün başqa cəhətlərdən o təşkilatların inkişafına böyük töhfə veririk.”
Azərbaycanın 2011-ci ildə 193 ölkədən 155-nin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin ayrı-ayrı sahələrdə qazandığı uğurların təqdimatı olmaqla yanaşı, həm də ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın bugünkü səviyyəsinə işıq saldı. Təbii ki, 155 ölkənin dəstəyi, eyni zamanda, bu sayda dövlətin Azərbaycanla əməkdaşlığın inkişaf etməsində maraqlı olmasına işarədir. Bu fikir Qərb və Avropa ölkələrinin təmsilçiləri tərəfindən də qeyd olunur ki, Azərbaycanla dostluq münasibətləri tərəfdaşlığa doğru inkişaf edir. Bu inamın əsasında ölkəmizin müstəqillik tarixində keçdiyi uğurlu yol, əldə etdiyi təcrübə, bir sözlə, beynəlxalq səviyyədə təsdiqlənən və yüksək dəyərləndirilən inkişaf modeli dayanır.
Ölkə Prezidenti İlham Əliyev daim vurğulayır ki, dünya dəyişir, cərəyan edən proseslər müxtəlif istiqamətdə inkişaf edir. Ancaq təbiətin ümumi qanunları dəyişmir. Müstəqil ölkə kimi Azərbaycan bu gün də müstəqil siyasət aparır. Bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan xalqının iradəsinə əsaslanır: “Bizim bu illər ərzindəki ən böyük uğurumuz ondan ibarətdir ki, müstəqillik yolundan dönməmişik. Müstəqillik sadəcə olaraq dövlət atributları deyildir. Müstəqillik o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir, yoxsa yox. Xüsusilə, böyük güc mərkəzlərinin maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə zəngin olan Azərbaycan müstəqil siyasət aparır və aparacaqdır.”
Ölkəmizin bu gün dünyada yeri və rolunun artması, beynəlxalq münasibətlər sisteminin ən fəal üzvü kimi nüfuz qazanması da bu gerçəkliyi təsdiqləyir ki, iqtisadi müstəqillik siyasi müstəqillik üçün əsasdır: “Müstəqilliyi qoruyacağıq və möhkəmləndirəcəyik. Bunu etmək üçün bizim güclü iqtisadiyyatımız olmalıdır.” Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, ötən dövr ərzində iqtisadi sahədə inqilabi islahatlar aparılıb. Bunu sosial-iqtisadi göstəricilər də təsdiqləyir. Təkcə ötən ilin və cari ilin arxada qalan dövrünün sosial-iqtisadi göstəricilərinə diqqət yetirmək kifayətdir ki, qarşıdakı illərin aydın mənzərəsi yaransın. “Keçən ilin iqtisadi göstəriciləri göstərdi və sübut etdi ki, biz düzgün yoldayıq” söyləyən cənab İlham Əliyev bu inkişafı statistik rəqəmlərlə açıqlayır. Qeyri-neft sektorumuz 2,7 faiz, sənayedə qeyri-neft sektorunun artımı 3,7 faiz, kənd təsərrüfatı 4,1 faiz, valyuta ehtiyatlarımız 4,5 milyard dollar artmışdır.
Bu ilin yanvar ayında ümumi daxili məhsul 2 faiz, qeyri-neft iqtisadiyyatımız təxminən 4 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 8,7 faiz artıb. İnflyasiya birinci ayda 5,5 faizdir, əhalinin pul gəlirləri 11 faizdən çoxdur. Yəni, əhalinin gəlirləri inflyasiyanı iki dəfə üstələyir. Valyuta ehtiyatlarımız 2 milyard dollar artıb və bu gün valyuta ehtiyatlarımız 44 milyard dollar təşkil edir. Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün ölkəmizdə işsizlik 5 faiz səviyyəsinədidir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, bu rəqəm istənilən ölkə üçün arzu olunan rəqəmdir. Bəzi inkişaf etmiş ölkələrdə bu rəqəm 10 faiz, 15 faiz, 25 faiz səviyyəsinə qalxır. İşsizliyin aradan qaldırılması, qeyri-neft sektorunun inkişafı 14 il bundan öncə qarşıya qoyulmuş əsas vəzifələrdən biri idi. Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi liderallaşma, dünya iqtisadiyyatına inteqrasiya siyasəti sərmayə qoyuluşuna öz müsbət təsirini göstərir. Ötən 14 ildə ölkə iqtisadiyyatına 231 milyard dollardan artıq investisiya qoyulub. Cənab İlham Əliyev bildirir: “Baxmayaraq ki, özümüzün də indi kifayət qədər böyük maddi imkanlarımız var, yenə də xarici investorların Azərbaycana olan inamı və xarici investisiyaların qoyuluşu ölkənin ümumi inkişafını əks etdirir.” Ölkədə həyata keçirilən uğurlu investisiya layihələri valyuta ehtiyatlarının artmasında mühüm rol oynayır. Bir çox ölkələrdə Azərbaycanın təcrübəsinin öyrənilməsi və tətbiqi artıq bu reallığı təsdiqləyir ki, inkişafın Azərbaycan modeli mövcuddur və dəstəklənir.
Məhz yeni iqtisadi və sosial çağırışların müzakirəsinə həsr olunan beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi də bu reallığa əsaslanır. Bir sözlə, iqtisadi qüdrətini günbəgün artıran Azərbaycan regionda və dünyada söz sahibi olduğunu təsdiqləyir. Hər zaman Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlardan geniş bəhs edən dövlətimizin başçısı İlham Əliyev ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini dünya tərəfindən ölkəmizə verilən qiymət kimi dəyərləndirir. Dövlətimiz qurumda bütün məsələlərlə bağlı öz prinsipial sözünü deyir. Ötən il BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında cənab İlham Əliyevin çıxışı dünyaya ciddi mesaj kimi dəyərləndirildi. İkili siyasətə son qoymağın, beynəlxalq hüququn norma və prinsiplərinin bütün dövlətlərə eyni tətbiq olunmasının vacibliyi bəyan edildi. Xarici siyasətimizin prioritet məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də dəyişməz mövqe müstəqil siyasətin, beynəlxalq hüquq normalarına hörmətlə yanaşmanın təsdiqidir. Rəsmi Bakı bəyan edir ki, bu mövqedən bir addım da geri çəkilməyəcəyik. Hər gün, hər ay Azərbaycanı qələbəyə yaxınlaşdırır. Siyasi və diplomatik səylərlə yanaşı hərbi güc Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynayır. Ulu öndər Heydər Əliyev bildirmişdir ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü orduya malik olmaq lazımdır.
İşğalçı Ermənistan heç bir sahədə ölkəmizlə rəqabət aparmaq imkanında deyil. Ermənistanın əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. İşğalçılıq siyasəti ucbatından bütün enerji layihələrindən təcrid olunan Ermənistan iqtisadi böhran içərisində çabalayır. Ölkədən kütləvi tərketmələr intensiv xarakter alıb. Hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini tərk edir. Proses bu şəkildə davam etsə, 5-6 ildən sonra işğalçı ölkədə bir milyondan az əhali qalacaq. Ermənistanın zəifliyi Azərbaycanın uğurları fonunda daha aydın görünür. “Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artmaqdadır. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik.”
Ölkəmiz bu gün dünyada yeni tərəfdaşlar qazanır. Azərbaycanın öz xarici siyasətində önəm verdiyi əsas prinsip qarşılıqlı hörmət və maraqdır. Beynəlxalq aləmdə əldə olunan uğurların ümumiləşdirilmiş ifadəsi olaraq bildirilir ki, xarici siyasətlə bağlı prinsipial mövqeyimiz bütün istiqamətlər üzrə öz müsbət nəticələrini verir. Ölkəmizin ötən dövr ərzində diplomatik qələbəsi, eyni zamanda iqtisadi uğurlarına söykənərək möhkəmlənən Ordumuz Dağlıq Qarabağ probleminin də tezliklə öz ədalətli həllini tapacağına əminlik yaradır. 2016-cı ilin aprel döyüşləri, Cocuq Mərcanlı kəndinə qayıdış Azərbaycanın işğal altında olan bütün torpaqlarının azad olacağına, üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağına böyük inam yaradır. Dövlətimizin başçısı İlham Əliyev beynəlxalq təşkilatların tribunalarından Azərbaycanın mövqeyinin dəyişməz olduğunu, torpaqlarımızın bir qarışının belə düşmənə verilməyəcəyini bəyan edir. Bu əminlik də ifadə edilir ki, hər gün, hər ay bizi qələbəyə yaxınlaşdırır. Təbii ki, bu inam da düşünülmüş və məqsədyönlü siyasətə, bunun nəticəsi olaraq əldə olunan uğurlara əsaslanır. Ölkə Prezidenti bildirir: “Biz gələcəyə baxırıq. Bu gün Azərbaycanda icra edilən layihələr gələcəyə yönəlibdir. Biz elə etməliyik ki, bundan sonra da onilliklər ərzində ölkəmizin uğurlu, dayanıqlı inkişafı təmin edilsin. Şübhə etmirəm ki, biz buna nail olacağıq.”
Artıq 11 aprel prezident seçkilərinə az vaxt qalır. Dünənimizə nəzər salıb sabahımızı düşünək. Azərbaycanın son on beş ilə yaxın müddətdə qazandığı uğurlar gələcəyimiz barədə aydın təsəvvür yaratmaqla yanaşı, cənab İlham Əliyevin qələbəsini də şərtləndirir.
Yeganə Əliyeva, “İki sahil”