Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət proqramlarının, eləcə də bu istiqamətdə əlavə tədbirlər haqqında ölkə başçısının Fərman və sərəncamlarında nəzərdə tutulmuş vəzifələrin uğurlu icrası respublikamızın iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edib.
Respublikamızda qeyri-neft sektorunun davamlı inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, regionlarda infrastruktur təminatının yüksəlməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşması sahəsində qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə, regionlarda aqrar sənaye potensialının artırılmasına böyük töhfələr verib. Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkəmizin makroiqtisadi göstəricilərində regionların xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafına dövlət dəstəyi güclənib, yerli istehsal və emal müəssisələrinin fəaliyyəti genişləndirilib, iqtisadi və sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, nəticə etibarilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük nailiyyətlər əldə edilib. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yatırılıb.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla bölgələrin davamlı inkişafında və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılmasında mühüm rol oynayıb.
2008-ci ildən başlayan dünya maliyyə böhranı, sosial-siyasi kataklizmlər və iqtisadi proseslərin tənəzzülü fonunda Prezident İlham Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası uğurla reallaşdırılır. Qloballaşma şəraitində müasir çağırışlara uyğun çevik qərarların qəbul olunması sayəsində milli maraqlara söykənən iqtisadi prioritetlər formalaşdırılıb, makroiqtisadi sabitlik təmin olunub, neftdən gələn gəlirlərdən maksimum dərəcədə səmərəli istifadə edilərək qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixrac potensialının gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və müasirləşdirilməsinin sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib. Nəticədə ölkəmizin dayanıqlı iqtisadi inkişafı təmin olunub, iqtisadi və sosial sahədə keyfiyyətcə tamamilə yeni dəyişikliklər baş verib. Təbii ki, məhz bütün bunlara görə Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb. Postneft dövrünün tələblərinə uyğun olaraq Azərbaycanda qeyri-neft sektorunun şaxələndirilməsi, xüsusən kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin prioritetlərindən birini təşkil edir. Bu gün qarşıda emal müəssisələri şəbəkəsinin inkişaf etdirilməsi, fermer təsərrüfatlarının maddi-texniki bazasının gücləndirilməsi, xidmət servislərinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, daxili bazarın yerli məhsullarla təmin edilməsi, eləcə də ixracın artırılması kimi mühüm vəzifələr dayanır.
Qeyri-neft sektorunun tərkibində kənd təsərrüfatının çəkisinin artırılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlər, davamlı islahatlar artıq öz bəhrəsini verməkdədir. Qətiyyətlə demək olar ki, bu gün aqrar sektorda rəqabətqabiliyyətli məhsul istehsalının artması sayəsində ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi genişlənib, respublikamıza valyuta axını güclənib.
Zəngin ənənələrə malik pambıqçılıq məhz ümummilli lider Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrdə ölkəmizin aqrar sektorunda ən aparıcı sahələrdən birinə çevrilmişdi. Belə ki,1969-cu ildə 162 min ton pambıq təhvil verildiyi halda, 1976-cı ildə bu göstərici 412 min ton oldu. 1969-cu ildə pambıqçılıqdan 150 milyon manat gəlir götürüldüyü halda, 1976-cı ildə bu rəqəm 350 milyon manata çatdırıldı. O zaman təkcə Bərdədə pambığın tədarükü 120 min tona çatmışdı. 1970-1976-cı illərdə pambıqdan 2 milyard manat gəlir əldə edilmişdi.1969-1981-ci illərdə ölkə büdcəsinin 22-25 faizini pambıqçılıqdan əldə olunan gəlir formalaşdırırdı.
Prezident İlham Əliyevin yeni iqtisadi mərhələdə qarşıya qoyduğu ümdə vəzifələrdən biri də pambıqçılığın inkişaf etdirilməsidir. Bu məqsədlə əlaqədar dövlət orqanlarının və pambıq istehsalı və emalı ilə məşğul olan müəssisələrin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb, pambığın tədarük qiymətləri artırılıb, yüksək məhsuldarlıq əldə edən fermerlərə əlavə stimullaşdırıcı tədbirlərin tətbiqi nəzərdə tutulub. Həmçinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi (14 iyul 2010-cu il), “Pambıqçılıq haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” (3 mart 2011-ci il), həmçinin aqrar sahənin və pambıqçılığın inkişafı ilə bağlı dövlətimizin rəhbərinin imzaladığı Fərman və sərəncamlar bu sahənin davamlı inkişaf etdirilməsinə ciddi təkan verib. Ölkə başçısının “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 2017-ci il 13 iyul tarixli Sərəncamı sözügedən sahənin prioritetliyini bir daha təsdiqləyib.
Prezident İlham Əliyev 2018-ci il martın 26-da Bərdədə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqində bildirib ki, ötən əsrin 70-80-ci illərində respublikamızda pambıqçılığın sürətli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “O, 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. Onun dövründə bu rəqəm 3 dəfə artmışdır və 1981-ci ildə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Heydər Əliyev Azərbaycandan gedəndən sonra hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Müstəqillik dövründə isə pambıqçılıq, demək olar ki, məhv olub gedirdi. Bunun bir neçə səbəbi var. Əlbəttə, onu etiraf etməliyik ki, müstəqilliyimizin ilk illərində bizim ciddi maddi imkanlarımız yox idi. Azərbaycan çox ağır vəziyyətdə idi. Xüsusilə, antimilli hakimiyyət-AXC-Müsavat cütlüyünün yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkəmiz, demək olar ki, dağılırdı. Həm iqtisadi, həm siyasi, həm hərbi böhran ölkəmizi çətin vəziyyətə salmışdı”.
Ölkə başçısının qeyd etdiyi kimi, son iki il ərzində Azərbaycanda pambığın tədarükü 35 min tondan 207 min tona çatıb. Məhz görülən işlərin nəticəsidir ki, iki il ərzində pambıq yığımı altı dəfə artıb. Sahibkarlara güzəştli kreditlərin, subsidiyaların verilməsi, son illərdə irimiqyaslı meliorativ tədbirlərin görülməsi, nəhəng infrastruktur layihələrinin gerçəkləşdirilməsi, dövlət xətti ilə 500-ə yaxın pambıqyığan kombaynın, əlavə texnikanın alınması və digər kompleks tədbirlərin görülməsi, bu sahənin inkişafı ilə bağlı mərkəzləşdirilmiş idarəetmə sisteminin yaradılması pambıqçılığın inkişafına böyük töhfələr verib. Rəqəmlərə diqqət etsək görərik ki, 2015-ci ildə cəmi 18 min hektarda pambıq əkilib və cəmi 35 min ton pambıq tədarük edilib. 2016-2017-ci illərdə pambıqçılıqla bağlı müşavirələrin keçirilməsi, 2017-ci ildə bu strateji sahənin inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edilməsi qısa müddətdə böyük dəyişikliklərə səbəb oldu. İki il ərzində respublikamızda pambığın tədarükü 35 min tondan 207 min tona çatdırıldı. Belə ki, rəsmi statistik məlumatlara görə 2018-ci il yanvarın 16-dək qəbul məntəqələrinə 207 min 395 ton pambıq təhvil verilib.
Bu gün respublikamızda pambıqçılığın inkişaf etdirilməsi emal sənayesinin yüksəlişinə böyük təkan verib. Qeyd edək ki, bu ilin fevral ayında Mingəçevirdə Yüngül Sənaye Parkının iki yeni müəssisəsi fəaliyyətə başlayıb. Həmin müəssisələrdə 700-dən çox insan işləyir və 20 min ton iplik istehsal olunacaq. Bu fabriklər ancaq daxili xammal əsasında uğurla fəaliyyət göstərə bilər.
Dövlətimizin başçısı həmçinin bildirib ki, pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır: “Pambıqçılıq əmək tutumlu sahədir. Biz pambıqçılığın inkişafı ilə bağlı, eyni zamanda, on minlərlə yeni iş yeri yaratdıq. Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar. Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik”.
Beləliklə, Prezident İlham Əliyevin sədrliyi ilə dünən pambıqçılığın inkişafına dair Bərdədə keçirilən respublika müşavirəsində bir daha təsdiq olundu ki, bu sahəyə göstərilən ciddi dövlət dəstəyi nəticəsində ölkəmizdə pambıqçılığın sürətli inkişafına nail olunub. Təbii ki, bu da öz növbəsində regionlarda yeni iş yerlərinin yaradılmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə, qeyri-neft sektorunun inkişaf etdirilməsinə, ölkəmizin ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına, ölkəmizin dayanıqlı və dinamik inkişafına böyük töhfələr verəcək.
Zahid Rza, “İki sahil”