11 iyul 2018 17:28
1706

Azərbaycan vətəndaşları Azərbaycan polisinə inanır

“Bu gün ölkəmiz regionun ən sabit, stabil inkişaf edən ölkələrindən biridir. Təəsüf ki, bu, bəzi qüvvələrin xoşuna gəlmir. Ona görə də daxili sabitliyi pozmağa cəhd edirlər”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. O, əlavə edib ki, məkan üçün də Gəncənin seçilməsi təsadüfi deyil: “Gəncə Azərbaycanın 4 min ilə yaxın tarixə malik olan ərazisidir. Dövlətçilik tariximizdə Gəncə və gəncəlilərin mühüm rolu olub. Müstəqilliyimizin ilk illərində bu şəhərdə dəfələrlə qiyamlara cəhd olub. Amma xalq-dövlət birliyi bu kimi halların qarşısını alıb. Bundan sonra da belə olacaq”.

K.Əsədov qeyd edib ki, Azərbaycan tarix boyu tolerant ölkə olub. Burada eyni vaxtda, eyni ərazidə müxtəlif dinlərə sitayiş edənlər yaşayıb, əməkdaşlıq ediblər: “Ölkədə hal-hazırda onların fəaliyyətinə qanunvericilik çərçivəsində geniş imkanlar verilib. Heç kimin dini azadlığına mane olunmur. Lakin bəzi radikal qüvvələr artıq xoşagəlməz fəaliyyətə başlayıblar. Xaricdən maliyyə yardımı alan qruplar bu birliyi pozmaq istəyirlər”.

Ekspert vurğulayıb ki, Azərbaycan vətəndaşları daxili təhlükəsizliyi, dövlətçiliyi və xalqın əmin-amanlığını qorumaq kimi mühüm vəzifələri öhdəsinə götürən Azərbaycan polisinə inanır, güvənir, etibar edirlər: “Heç kim 90-cı illərə geri qayıtmaq istəməz. Biz terroru lənətləyirik, dövlətçiliyə qarşı bütün addımları pisləyirik. Əminliklə deyə bilərəm ki,  polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır. Gəncə hadisələri zamanı şəhid olmuş polis əməkdaşlarına Allahdan rəhmət diləyirəm”.

Məhərrəm Ağalaroğlu,

“İki sahil”