16 iyul 2018 19:39
1146

“Media: Dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Media: Dini radikalizmlə mübarizə” adlı konfrans keçirilib.

Trend-in məlumatına görə, tədbirdə DQİDK sədri Mübariz Qurbanlı, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, media rəhbərləri, millət vəkilləri və digər qonaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə açan M.Qurbanlı bildirib ki, sabitliyin qorunmasında hüquq-mühafizə orqanları, medianın rolu çox vacibdir: “Hesab edirəm ki, mediada milli maraqlar məsələsində həmrəyliyi görürük, bu da vacib məsələlərdən biridir".

Komitə sədri qeyd edib ki, bu gün kimlərsə sosial məsələləri qabardaraq, demokratiya pərdəsi adı altında ictimai siyasi sabitliyi pozmağa cəhd edir.

M.Qurbanlı bildirib ki, media bu mövzuları işıqlandıran zaman diqqətli olmalıdır, məsələyə həssaslıqla yanaşmalıdır.

Tədbirdə çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, dünyada çox qəribə proseslər gedir və bu proseslərin heç biri müsəlman dövlətlərinə yaxşı heç nə vəd etmir: “Həm ərəb baharları, həm rəngli inqilablar nəticə etibarı ilə müsəlman dövlətlərinin dağılmasına, insanların ölməsinə, ac susuz qalmasına, qaçqına çevrilməsinə səbəb olub”.

O qeyd edib ki, bəzi qüvvələr çalışırlar ki, məhz İslamın terror dini olduğu, terroru ancaq İslam dininə sitayiş edənlərin törətdiklərini sübut etsinlər: “Din adı altında gizlənən ekstremist-radikal qruplar var. Bu qruplar Azərbaycanda da var və zaman-zaman məqam tapan kimi başlarını qaldırırlar. O insanlar ki, Azərbaycanda sabitliyin pozulmasına çalışırlar, onlar Azərbaycan dövlətinin və xalqının düşmənləridirlər. Biz heç vaxt buna imkan verməyəcəyik. Sabitlik o halda pozulur ki, iqtidarla xalq arasında birlik olmasın, xalq iqtidarın siyasətini dəstəkləməsin. Bir neçə ay öncə Azərbaycanda prezident seçkiləri keçirildi və xalq orada öz sözünü dedi və dəstəyini ifadə etdi. Bu gün Azərbaycan xalqı öz prezidentindən çox razıdır və biz 15 il bundan əvvəlki vəziyyətlə bu günkü vəziyyəti müqayisə edəndə bunun şahidi oluruq”.

B.Sadıqov bildirib ki, terror törədib Azərbaycanda sabitliyi pozmaq istəyən bir nəfər də cəzasız qalmayacaq: “Biz jurnalistlər bu cür insanlara qarşı dayanmalıyıq”.

Daha sonra çıxış edən "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib ki, dövlətimizə və xalqımıza qarşı idxal olunan terror və təhdidlərə qarşı mətbuat dövlətin və xalqın yanında olmalıdır: “Bu bizim borcumuzdur. Son hadisələr bir daha Azərbaycan mətbuatının dövlətin yanında olduğunu göstərdi”.

Tədbirdə çıxış edən "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı bildirib ki, son hadisələrdə yaxşı informasiya təminatı oldu: “Dindarlar da vətəndaşlardır və cəmiyyətin inanclı kəsimidirlər. O şəxslər ki, təxribat törədiblər, onlar yanlız ekstremistlərdir".

V.Mahirqızı bildirib ki, sonuncu Gəncə olayları da göstərdi ki, ölkədə güclü media mühiti var. O sosial şəbəkələrdə təxribat tipli çağırışlara toxunaraq bildirib ki, bunların çoxu xaricdən qaynaqlanır: “Kim iddia edə bilər ki, bunlar xaricdən qaynaqlanmadı? Aprel hadisələrində də gördük ki, sosial şəbəkələrdə saxta profillərlə edilən çağırışların ünvanları əsasən xarici ölkələrdən qaynaqlanır”.

V.Mahirqızı həmçinin dini sahədə yerli mütəxəssislərin yetişdirilməsinin daha da intensivləşdirilməsini bildirib və bu istiqamətdə yeni yaradılan İlahiyyat İnstitutunun fəaliyyətini təqdir edib.

Tədbirdə çıxış edən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, dini məsələlərlə bağlı geniş təbliğat işi aparılmalıdır. O qeyd edib ki, istər cəbhə bölgəsində baş verən hadisələr, istərsə də bu cür məqamlarda bəzi saytlar, müxtəlif sosial şəbəkə istifadəçilərinin fəallaşması müşahidə edilir.

Onun sözlərinə görə, düşmən ölkənin xüsusi təyinatlı qüvvələri tərəfindən maliyyələşdirilən bu saytların ictimai siyasi sabitliyi pozmağa cəhd etməsi istisna edilmir:

“Bu saytları Mətbuat Şurasında araşdırırıq. Məlum olur ki, onların sahibi xaricdə domen alıb, Azərbaycanla bağlı çaşdırıcı məlumatlar yayırlar. Həqiqi dindarlarımız tərəfindən bu məlumatların yayılmasına ehtiyac var”.

Tədbrdə çıxış edən digər iştirakçılar da dini məsələlərin mediada işıqlandırılmasına diqqətlə yanaşmağın vacibliyini qeyd ediblər.