22 noyabr 2018 14:53
2447

YAP-ın dövlətçiliyin inkişafında xidmətləri danılmazdır

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26 illik yubileyi ilə əlaqədar YAP Ucar rayon təşkilatı təntənəli tədbir keçirib.

Tədbirdə partiyanın ərazi təşkilatlarının sədrləri, partiya fəalları, rayonda partiyanın ilk üzvləri, rayon təşkilatının yaradıcısı olan şəxslər və digər partiya üzvləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoyublar.

Dövlət Himni səsləndirildikdən sonra YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaranan Yeni Azərbaycan Partiyası 26 ildə sınaqlardan çıxmış, böyük və şərəfli yol keçərək bu gün Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır. Bu il Yeni Azərbaycan Partiyasının yaranmasının 26 ilinin tamam olduğunu deyən təşkilat sədri əlavə edib ki, bu münasibətlə silsilə tədbirlər keçirilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illik fəaliyyəti barədə YAP Ucar rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü  Ülvi Qəhrəmanzadə məlumat verib.

Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova,  rayon Təhsil şöbəsi ərazi təşkilatının sədri Yeganə Süleymanova, rayon təşkilatı Şura üzvü Nurməmməd Tağıyev, rayon İcra Hakimiyyəti başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fuad Bəbirxanov çıxış edərək vurğulayıblar ki, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyanın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olundu, bir qrup partiya üzvü YAP Ucar rayon təşkilatının Fəxri fərmanı ilə təltif olundu və bir qrup  partiya üzvlərinə qiymətli hədiyyələr verildi.

Orxan Vahidoğlu, “İki sahil”