22 noyabr 2018 14:54
2426

21 noyabr 1992-ci il tariximizin ən əlamətdar günlərindəndir

Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü ilə əlaqədar Göyçay rayon təşkilatında tədbir keçirilib. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Dövlət Himni səsləndirilib, daha sonra  Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Göyçay rayon təşkilatının sədri Sahib Şükürov bildirib ki, 21 noyabr 1992-ci il ictimai-siyasi tariximizin ən əlamətdar və unudulmaz tarixlərindən biridir: “Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan YAP bu gün Azərbaycan cəmiyyətinin ən aparıcı siyasi təşkilatıdır. Məhz insanların YAP-a üzv olmaq üçün müraciət etməsi həmin fikri bir daha təsdiqləyir. Bu gün sevindirici haldır ki, yeni qəbul edilən üzvlərin əksəriyyətini gənclər təşkil edir.”

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə qeyd edib ki, 26 il əvvəl ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır. Müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunub, bütün sahələr üzrə köklü islahatlar aparılıb, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb.

YAP Göyçay rayon təşkilatının Şura üzvləri Ləman Hacıyeva, Zenfira Əliyeva, Xəlil Orucov, Aynur Mahmudova, Eldəniz Məmmədov çıxış edərək YAP-ın keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan bəhs ediblər.

Tədbirin sonunda  partiya sıralarına yeni üzv olunanlara vəsiqələr təqdim edilib.

Orxan Vahidoğlu, “İki sahil”