22 noyabr 2018 14:55
2374

Monolit birliyi, sosial bazası olan siyasi təşkilat

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatında partiyanın yaranmasının 26 illiyi ilə əlaqədar tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının baş məsləhətçisi İlham Əskərov Yeni Azərbaycan Partiyasının yarandığı gündən bu günədək keçdiyi şərəfli yoldan danışaraq qeyd edib ki,  bu gün Heydər Əliyev ideyalarından danışarkən Yeni Azərbaycan Partiyasının bilavasitə Ulu Öndər tərəfindən yazılmış məramnaməsinə dönə-dönə nəzər salmalı, orada ümummilli lider Heydər Əliyevin qurmaq istədiyi, görmək istədiyi yeni Azərbaycanın mənzərəsini gözümüz önündə canlandırmalıyıq.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı Məmləkət Qaraçobanova YAP Pirallahı rayon təşkilatının fəaliyyəti barədə məlumat verərək bildirib ki, ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilmişdir. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.

YAP Pirallahı rayon “Abşeronneft” NQÇİ ərazi ilk partiya təşkilatının sədri Şamil Kazımov ərazi ilk partiya təşkilatının fəaliyyətindən danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır: “Bu gün bu partiya ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.”

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin müavini Bəxtiyar Balakişiyev qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz qarşısında duran vəzifələri böyük uğurla həyata keçirir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı öz ənənəsinə sadiq qalaraq rayonun ictimai-siyasi həyatında öz aktivliyi ilə seçilərək rayonda aparılan abadlıq-quruculuq işlərində, mədəni-kütləvi tədbirlərin keçirilməsində fəal iştirak edir.

Tədbirin sonunda  Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilmiş bir qrup şəxsə partiyaya üzvlük vəsiqələri təqdim olunub.

Orxan Vahidoğlu, “İki sahil”