22 noyabr 2018 14:55
2266

Dünənin, bu günün və gələcəyin partiyası

Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının qərargahında partiyanın yaranmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, partiya veteranları, gənclər, ümumilikdə 65 nəfər partiya fəalı iştirak edib. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin Zərdabda ucaldılan abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.

Daha sonra Ulu Öndərin partiya və dövlətçilik fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.

Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova partiyanın 26 illiyinə həsr olunmuş “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda məruzə ilə çıxış edib. Natiq qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev partiyanın 26 illik şərəfli fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib.

YAP Zərdab rayon təşkilatının Şura üzvləri Ələkbər Kərimov, Qafur Məmmədov və digərləri partiyanın bugünkü fəaliyyəti və gələcək perspektivləri barədə məlumatlarla çıxış ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında daha fəal iştirak edən bir qrup partiya fəalına Fəxri fərmanlar və hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Orxan Vahidoğlu, “İki sahil”