16 mart 2018 23:22
2958

Narkotik vasitələrdən istifadə geniş ictimai təhlükə mənbəyidir

Narkomaniya yalnız cəmiyyətin narkotik asılılıqdan əziyyət çəkən fərdinin deyil, ümumilikdə cəmiyyətin problemidir. Bir qayda olaraq, o, birbaşa və ya dolayı yolla cəmiyyətin bütün üzvlərinə təsir edir. Belə ki, o, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Həmçinin, narkomanlığın müalicəsi üçün xərclər, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində nəzərdə tutlmuş hüquq-mühafizə orqanlarının, cəzaçəkmə müəssisələrinin xərcləri, narkotik maddənin təsiri altında törədilən cinayətlərin nəticələrinin aradan qaldırılması üçün çəkilən xərclər, sərf edilən əmək, narkotik vasitələrin insanların həyatı və sağlamlığında yaratdığı fəsadlar və mənəviyyatına vurduğu zərbələr cəmiyyətə və dövlətə narkotik vasitələrin istifadəsi üzərində ciddi nəzarətin həyata keçirilməsini zəruri edir.

Qeyd olunanlar nəzərə alınmaqla narkotik vasitələrdən istifadə edilmə aşağdakı istiqamətlər üzrə təhlil edilə bilər:

- tibbi istiqamətdə - bu preparatlar mərkəzi sinir sisteminə hallusinogenlər, sedativ maddələr, stimulantlar kimi təsir edir;

- hüquqi aspektdə - bu maddələr müvafiq hüquqi aktla müəyyənləşdirilən narkotik vasitələrin siyahısına daxildirlər;

- sosial yönümdə - narkotik vasitələrdən istifadə geniş ictimai təhlükə mənbəyidir.

Tibbi təcrübədə narkotik vasitələrə ağrıkəsici və yuxugətirici dərman preparatlarını aid edirlər. Narkotik təsirli bioloji aktiv maddələr mərkəzi sinir sisteminə tormozlayıcı təsir göstərməklə ağrıkəsici, yuxugətirici olurlar. Narkotik vasitələrin qəbulu zamanı insan eyforiya halına düşür, öz hərəkətləri üzərində nəzarət hissini itirir, bu isə qeyri-sabit yeriş, qırılan nitq, bəbəklərin daralması, tənəffüsün gərginləşməsi, baş ağrısı, ürəkbulanma, qusma, qaşınma, titrəyişlər və s. kimi əlamətlərlə özünü büruzə verir. Narkotik vasitələrin insan orqanizminin bioloji proseslərinə qoşulmasının nəticəsində insanı narkoman edən asılılıq - abstinent sindromu, yəni bir dərmana və ya maddəyə olan fizioloji adaptasiya yaranır. Narkotiklərdən istifadə insanın sağlamlığında silinməz izlər buraxır və bir çox hallarda proseslər sürətlə geridönüşü olmayan bir məcraya yönələrək ağır nəticələrə səbəb olur və ölümə qədər gətirib çıxarır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində ümumi əməkdaşlığı genişləndirmək, dünyanın diqqətini mövcud və potensial problemlərə yönəltmək və bu sahədə səyləri birləşdirmək üçün BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Əslində bu təqvim bir növ simvolik xarakter daşıyır, çünki narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır.

Azərbaycanda narkotizmlə və narkobizneslə mübarizənin əsası “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur. Bəşəriyyətin bu dəhşətli bəlasına qarşı ayrı-ayrı dövlət strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə sistemi birgə mübarizə aparmaqla onun qismən də olsa yayılmasının və kütləvi hal almasının qarşısını ala bilər.

Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən Azərbaycanın əlverişli təbii-coğrafi və geosiyasi əhəmiyyəti bu məsələdən də yan keçmir. Belə ki, dünyada mövcud olan 11 iqlim qurşağından 9-u ölkəmizin ərazisində vardır və iqlim şəraitləri ölkənin bütün bölgələrində narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də yabanı halda bitməsinə şərait yaratmışdır. Məsələn, xaş-xaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir. Həmin 20 növdən 19-u həm də yabanı halda yetişir.

Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni olaraq Avropaya daşınması üçün də əlverişlidir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və digər ölkələrlə iqtisadi əməkdaşlığı genişləndirdikdən sonra, kriminal strukturlar üçün narkotik vasitələrin yayılması, çirkli pulların təmizə çıxarılması üçün əlverişli şərait yaradılmışdır. Beynəlxalq narkosindikatlar Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər. Həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisinin işğalı, Azərbaycanın İranla olan dövlət sərhədinin 132 kilometrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələrinə, həmçinin digər dövlətlərə narkotik maddələrin güclü axını həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkəmizdə bu istiqamətdə ciddi mübarizə aparılmasını tələb edir ki, bu da hər bir şəxsin öz sahəsində narkomaniya və narkobiznesə qarşı vicdanla mübarizə aparması nəticəsində mümkündür.

Narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində məhkəmə və istintaqla yanaşı, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən məhkəmə ekspertizaları da mühüm rol oynayır. Belə ki, 2017-cı ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizası sahəsində 3772 rəy və arayış verilmişdir. Onların 1545-i bitki mənşəli, 2227-i isə sintetik təbiətli narkotik vasitələr, psixotrop maddələr və farmpreparatlardan ibarət olmuşdur. Eyni zamanda qeyd olunan ekspertizaların 1553-ü Mərkəzin regional bölmələri tərəfindən aparılmışdır (Gəncə regional bölməsi -328, Şirvan regional bölməsi -869, Şəki regional bölməsi -356).

Ümumiyyətlə, son dövrlər Mərkəzin narkotik vasitələrin, psixotrop maddələrin və onların  prekursorlarının ilkin tədqiqatını və ekspertizasını aparan laboratoriyalarının maddi-texniki bazasının möhkəmləndirilməsi üçün qabaqcıl xarici ölkələrin təcrübəsi öyrənilmiş, dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir kriminalistik avadanlıqlar alınmış və yeni laboratoriyalar yaradılmışdır.

Əldə olunan avadanlıqlar ekspert araşdırmalarının operativ, tam və hərtərəfli aparılmasına, tədqiqat zamanı subyektiv amillərin aradan qaldırılmasına, rəylərin mötəbərliyinin təmin edilməsinə geniş şərait yaratmışdır.

Bundan başqa, narkotik vasitələrin əldə edilməsinin mümkün yolları, narkotizmə əlçatımlılığı asanlaşdıran şərait təhlil edilərək öyrənilmiş, bu növ cinayətlərin səbəblərinin, habelə onlara kömək etmiş şəraitin aşkar olunması və qarşısının alınması ilə bağlı hüquq mühafizə orqanlarına 63 profilaktik tövsiyə verilmişdir.

Eyni zamanda, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və onlardan sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədar aidiyyəti təşkilatlarla qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərilmiş, bu sahədə ekspertizaların təyini, aparılması və ekspert rəylərinin qiymətləndirilməsi ilə bağlı hüquq mühafizə orqanlarına 66 metodik məktub göndərilmiş, ekspertiza məsələləri ilə əlaqədar şifahi məsləhət və tövsiyələr verilmişdir.

Bundan başqa, ədliyyə və prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən keçən, notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq istəyən, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını müvəffəqiyyətlə vermiş namizədlərin icbari təlim  proqramlarına əsasən Ədliyyə Akademiyasında məhkəmə ekspertizası fənni üzrə, o cümlədən narkotik vasitələrin ekspertizası sahəsinə  dair mühazirələr oxunur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə, həmçinin bu sahədə zəruri biliklərin artırılması və təcrübə mübadiləsi məqsədi ilə Bakı Dövlət Universitetinin, Dövlət Gömrük Komitəsinin və digər ali təhsil müəssisələrinin tələbə və müdavimləri ilə praktik məşğələlər keçirilir.

Bundan əlavə, ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində cinayət statistikası materialları əsasında kriminoloji analizlər həyata keçirilir.

Həmçinin, penitensiar sistemdə narkomaniyadan əziyyət çəkən məhkumlara tibbi yardımı təmin etmək məqsədilə cəzaçəkmə müəssisələrində həkim-narkoloqların sayı artırılmışdır, 2017-ci ildə 7 yeni həkim-psixiatr-narkoloq ədliyyə orqanlarına xidmətə qəbul edilmişdir.

Narkomaniyaya görə məcburi müalicənin operativliyini təmin etmək üçün müalicənin cəzaçəkmə müəssisələrinin Tibb-sanitar hissələrində həyata keçirilməsi işi davam etdirilmiş, qiymətləndirmə Həkim-Məsləhət Komissiyasının səyyar iclaslarında yerlərdə aparılmışdır. 2017-ci ildə Komissiyanın 104 səyyar iclası keçirilmişdir. Təqdim edilmiş 1212 narkoloji xəstə-məhkumun 1112-nə məcburi müalicənin davam etdirilməsinə zərurətin aradan qalxdığı barədə tibbi rəy verilmişdir. Eyni zamanda komissiyalarda 5-i ağır xəstə, 41-i əlil, 21-i altmış yaşdan yuxarı olduğu üçün məcburi müalicənin tətbiq edilə bilinməməsi barədə, 33 nəfərinin isə məcburi müalicəsini tamamlamaq mümkün olmadığına görə Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış tibb müəssisəsində davam etdirilməsi barədə müvafiq tibbi rəylər verilmişdir.

Penitensiar sektorda narkoloji xəstələrə dezintoksikasion, simptomatik, vitaminoterapiya, nootroplarla, hepatoprotektorlarla və biostimulyatorlarla müalicə, həmçinin fərdi psixoterapiya müalicəsi aparılır. İstintaq təcridxanalarında aşkar edilən bütün abstinensiya halları zamanı həbs olunmuş şəxslərə tələb olunan tibbi yardımlar göstərilir.

Cəzaçəkmə müəssisələrində müxtəlif mövzularda (“Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “İİV(İnsanın immunçatışmazlığı virusu)-İİV infeksiyası xəstəliyinin törədicisidir”, “AİDS/QİÇS! Nə etməli?”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Dozanı aşma”, “İİV/QİÇS nədir”, “İİV-lə yaşamağı öyrən”, “Hepatit B/C nədir?”, “Tütün tüstüsü təhlükəlidir”, “Vərəm və tütünçəkmə”, “Siqaretdən imtina vəsaiti”, “Mən siqaret çəkmirəm!”, “Övladlarınızı tütün tüstüsünə məruz qoymayın!” və s. ) bukletlər və broşürlər paylanılmışdır. Penitensiar xidmətin 23 cəzaçəkmə müəssisələrinin Tibb sanitar hissəsində yaradılmış “Sağlamlıq otaqların”da narkomanlara qrup və fərdi şəkildə müxtəlif mövzularda (narkomaniya, qanla yoluxan xəstəliklər, riskli davranışlar, vərəm və s.) maarifləndirici filmlər nümayiş etdirilmiş, “Gənclər İnkişaf Naminə” qeyri-hökumət təşkilatının psixoloqları tərəfindən narkomanlara və İİV/QİÇS-ə yoluxmuş məhkumlara psixoloji yardım göstərilmişdir. Məhkumların maarifləndirilməsi məqsədilə teatr tamaşası vasitəsilə təbliğat ənənəsi davam etdirilmiş, TBİ və Bakı Uşaq teatrı tərəfindən hazırlanmış, süjet xəttində narkomaniya və İİV/QİÇS xəstəliyinin insan taleyində yaratdığı ağır mənəvi xəsarətləri və ictimai fəsadları əks etdirən “Qeyri-adi məhkəmə” adlı teatr tamaşası Penitensiar xidmətin 15 cəzaçəkmə müəssisəsində nümayiş etdirilimişdir.

Penitensiar xidmətin Mühafizə alayının bölüklərində həqiqi hərbi xidmət keçənlər və digər qulluqçulara tütünçəkmə və narkomaniya mövzusunda anti-təbliğat işləri davam etdirilmiş, müxtəlif mövzularda (“Siqaret,  yoxsa sağlamlıq”, “Siqareti tərgitmə üsulları 10 addım”, “Siqaretin zərərləri”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “İİV/QİÇS nədir”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”) bukletlər paylanılmışdır.

Hesab edirik ki, narkomanlığın yayılmasının səbəblərindən biri də bu sahədə maarifləndirmə tədbirlərinin lazımi səviyyədə olmamasıdır. Çox vaxt narkotik qəbul etmək təklifi alan gəncin bu vasitələrin təhlükəliliyi haqqında informasiyaya malik olmaması, onun tərəfindən bu qorxunc və olduqca təhlükəli bəlanın başa düşülməməsi və təhlükəsinin lazımi dərəcədə qiymətləndirilməməsi şəraitində baş verir və bu dəhşətli vasitəyə ömürlük asılılıq yaranır. Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurumların, kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin üzərinə düşür.

Zemfira Məmmədova,

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı