23 yanvar 2018 16:58
3123

Fobiya və onun növləri

Fobiya sözü yunan dilindən tərcümədə qorxu, həyəcan mənası verir. Bəzən qorxu hissi ilə fobiyanı qarışdırırlar.

AZƏRTAC xəbər verir ki, qorxu öhdəsindən gəlmək mümkün olan təcrübə əsasında qazanılmış bir hissdir, fobiya isə aradan qaldırılması qeyri-mümkün dərəcədə çətin olan güclü qorxu hissidir.

Son vaxtlar çox tez-tez eşidilən müxtəlif terminlərin tərkib hissəsinə çevrilmiş fobiyanın mahiyyəti nədən ibarətdir?

Amoksafobiya ictimai nəqliyyatdan istifadə etməkdən çəkinənlərin əziyyət çəkdiyi fobiya növüdür. Onlar nə qədər çıxılmaz vəziyyətdə qalsalar da, qorxularına qalib gəlib avtobus və metroya minməzlər.

Zoofobiya ən çox yayılmış qorxular sırasındadır. Bəlkə də fobiyalar arasında məntiqi izahı olan yeganə qorxu növüdür. Zoofobiyadan əziyyət çəkənlər ilan, it, hörümçək, ümumiyyətlə, heyvanlardan çəkinirlər. Zoofobiya çox sadə qruplara bölünür. Müxtəlif heyvanlara qarşı duyulan qorxulardan hər birinin öz adı var. Məsələn, zemifobiya gəmiricilərdən, araxnofobiya hörümçəklərdən qorxunun adıdır. Afidefobiya adlanan və ilanlara qarşı olan qorxu fobiyalar arasında birinci yeri tutur. Alimlərin tədqiqatların əsasən, ilanlara qarşı duyulan qorxu həmin fobiyalar haqqında neqativ fikrin yaranmasına səbəb olur.

İtlər insanların ən sadiq və yaxın dostu olsa da, onlardan qorxanlar da az deyil. Həmin qorxuya kinefobiya deyilir. Əslində insanlar bu heyvanların hər an onları dişləyə biləcəyi haqqında təcrübə sahibi olduqlarına görə çəkinirlər.

Uçuşlara qarşı qorxu aerofobiya adlanır. Təyyarəyə minməkdən qorxanlar iki saatlıq uçuşla mənzil başına çata biləcəkləri halda iki gün yerüstü nəqliyyatla getməyi üstün tuturlar. Həmin fobiyadan əziyyət çəkənlər öz aralarında iki qrupa bölünürlər: aviaqəzadan qorxanlar və qapalı nəqliyyat vasitəsindən qorxduğu üçün həmin nəqliyyat vasitəsindən imtina edənlər.

Diş həkimlərinə qarşı olan qorxu dentafobiya adlanır. Dünya əhalisinin 46 faizi həmin fobiyadan əziyyət çəkir. Həkim kabinetinin qoxusundan hədsiz narahatlıq duyanların əsas problemi ağrı hissini şişirdərək olduğundan daha kəskin surətdə hiss edəcəyinə özünü inandırmalarıdır.

Brantofobiya şimşək və ildırıma qarşı olan şiddətli qorxudur. Həmin qorxunun səbəbləri hələ də müəyyən olunmayıb. Əsasən uşaqlar arasında geniş yayılan qaranlığa qarşı qorxu hissi niktofobiya adlanır.

Akofobiya hündürlük qorxusudur, insanların çox böyük əksəriyyəti hədsiz yüksəklikdən qorxur, lakin daha çox başgicəllənməsi ilə müşayiət olunan həmin qorxuya qadınlarda daha çox rast gəlinir. Onun öhdəsindən gəlmək üçün yüksəklikdən aşağı baxmamaq məsləhət görülür.

Hazırda 500-dən çox fobiya növünün mövcudluğu sübut olunub. Araşdırmalar göstərir ki, dünyada hər 8 nəfərdən biri hansısa fobiya növündən əziyyət çəkir. Fobiya yaranmasının əsas səbəbləri hələ tapılmasa da, onun öhdəsindən gəlməyin ən səmərəli üsulu üzləşdirmə müalicəsidir. Həmin üsulla qorxu yaradan bəzi vəziyyət və ya obyektin üzərinə gedərək ortaya çıxan narahatlıqla mübarizə aparmaq mümkündür.