15 dekabr 2017 22:37
867

Azərbaycan media təmsilçilərinin Türkiyə səfəri davam edir

Azərbaycanın KİV təmsilçilərinin Türkiyə media qurumlarında görüşləri olub

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə ölkəmizin media təmsilçilərinin Türkiyənin İstanbul şəhərinə səfər proqramı davam edir.

KİVDF-nin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-də media təmsilçiləri Türkiyənin məşhur media qurumlarında görüşlər keçiriblər.

“Turkuvaz” Media Qrupuna gələn nümayəndə heyətinə buradakı mövcud vəziyyət, tətbiq etdiyi texnologiyalar barədə məlumat verilib. Daha sonra görüş ingilisdilli “Daily Sabah” qəzetinin redaksiyasında davam etdirilib. Qəzetin redaktoru Mehmet Çelik xəbər əldə etmə və yayma imkanları, ümumilikdə mediaya münasibət barədə fikirlərini bölüşüb. O, nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb. “Turkuvaz” Media Qrupunun yayımladığı xəbərlərdə Azərbaycana aid informasiyaların kəmiyyəti və keyfiyyəti barədə xüsusi müzakirələr aparılıb.

Nümayəndə heyəti üzvlərinin İstanbul Aydın Universitetində də görüşü keçirilib. Universitetin direktor müavini Selman Arslanbaş nümayəndə heyətinə təhsil ocağının fəaliyyəti, Azərbaycanla bağlı proqramları barədə məlumat verib.

Daha sonra universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş olub.

Nümayəndə heyətinin üzvləri İstanbulda tarixi abidələrlə tanış olub, mədəniyyət mərkəzlərində görüşlər keçiriblər.

Azərbaycan media təmsilçilərinin İstanbula səfəri dekabrın 17-dək davam edəcək. Səfər proqramı Fondun “Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi” layihəsi çərçivəsində keçirilir.