22 noyabr 2017 00:19
685

YAP qısa müddətdə əsl xalq partiyasına çevrilib

Noyabrın 21-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev iştirakçıları partiyanın yaradılmasının 25-ci ildönümü münasibətilə təbrik edib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış partiyanın keçdiyi şərəfli yoldan, ötən 25 ildə qazanılmış uğurlardan, dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisində xidmətlərindən danışıb.

Tədbirdə YAP Masallı rayon təşkilatı idarə heyətinin üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilovun Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü ilə əlaqədar məruzəsi dinlənilib.

Qeyd olunub ki, YAP-ın yaranması, formalaşması və inkişafı xalqımızın xilaskarı, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. YAP qısa müddətdə Azərbaycan xalqının böyük rəğbətini qazanaraq əsl xalq partiyasına çevrilib.

Diqqətə çatdırılıb ki, Ulu Öndərin düşünülmüş siyasi kursu Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan regionda və dünyada iqtisadi inkişaf baxımından liderliyi ilə tanınır, ölkəmiz sabitlik diyarı, demokratik, sivil dəyərlərə sadiq dövlət imici qazanıb.

Bildirilib ki YAP Masallı rayon təşkilatı öz ətrafında 105 ərazi ilk təşkilatını və 11 min 228 nəfəri birləşdirir. YAP üzvlərinin 3289 nəfərini qadınlar, 2844 nəfərini gənclər təşkil edir.

Tədbirdə Masallı Rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Boradigah xəstəxana ərazi ilk partiya təşkilatının sədri Fizuli Fətullayev, gənc YAP üzvü Rəmzi Şahverdiyev, Şatıroba məktəb ərazi ilk partiya təşkilatının sədri Ülviyyə Səfərova çıxış ediblər.

Sonda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciəti qəbul olunub.

Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar və qiymətli hədiyyələr, partiya sıralarına yeni qəbul olunmuş gənclərə isə vəsiqələr verilib.