21 noyabr 2017 21:58
765

YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunan konfrans

Yeni Azərbaycan Partiyası ölkə qarşısında duran əsas vəzifələrin uğurla yerinə yetirilməsində aparıcı qüvvə olub

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatı qadınlar şurasının noyabrın 21-də YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunan konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda YAP rayon təşkilatının fəal qadınları, rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, gənclər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin Şamaxının mərkəzindəki abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Gülnisə Ələkbərova konfransı açaraq, ötən 25 ildə Yeni Azərbaycan Partiyasının milli dövlətçilik ənənələrinin formalaşmasında oynadığı roldan danışıb. Heydər Əliyevin xeyir-duası ilə 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyasının ölkəmizin düşdüyü bütün bəlalardan xilas etmək yolunda atılan mühüm addımlardan biri olduğunu diqqətə çatdıran G.Ələkbərova YAP-ın qısa vaxtda təşkilatlanaraq respublikanın ən güclü siyasi partiyasına çevrildiyini vurğulayıb. Bildirib ki, çox çətin dövrdə yaradılan YAP Azərbaycan dövlətçiliyinin, onun dövlət müstəqilliyinin, bu gününün və sabahının qarantıdır. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır. Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaq.

G.Ələkbərova çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasətini inamla davam etdirən partiyanın sədri, Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti Azərbaycanın inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu da möhkəmləndirib.

Konfransda çıxış edən rayon mərkəzi xəstəxanasının şöbə müdiri Nəzakət Abdulrazaqova, Pedaqoji Universitetin Şamaxı filialının direktoru Tünzalə Yusifova, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məleykə Kamilova və muzeyin elmi işçisi Könül Eyvazova ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla reallaşdırılması nəticəsində Azərbaycanın güclü, qüdrətli dövlətə çevrildiyini vurğulayıblar. Bildirilib ki, YAP ötən 25 ildə Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyatın yaradılması kimi əsas vəzifələrin uğurla yerinə yetirilməsində aparıcı qüvvə olub. Məhz buna görə də ümumxalq partiyasına çevrilən, 700 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb.