21 noyabr 2017 20:48
547

Yeni Azərbaycan Partiyasının 25 illiyi Füzulidə qeyd edilib

Yeni Azərbaycan Partiyasının (YAP) yarandığı tarix - 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni dövrün başlanğıcıdır. Dövlət müstəqilliyinin möhkəmləndirilməsində, vətəndaş cəmiyyəti quruculuğunda əsas rol oynayan YAP-ın yaranması Azərbaycanın tarixində mühüm hadisədir.

AZƏRTAC xəbər verir ki, bu fikir YAP-ın yaradılmasının 25-ci ildönümü münasibətilə Horadiz şəhərində keçirilən ümumrayon tədbirində səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və başqaları tədbirdə çıxış edərək, partiyanın keçdiyi şərəfli yoldan, əldə etdiyi uğurlardan danışıblar. Bildirilib ki, Prezident İlham Əliyevin sədri olduğu və 700 mindən çox insanı sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi və dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Sıraları getdikcə daha da genişlənən Yeni Azərbaycan Partiyası hazırda cəmiyyətin avanqard siyasi təşkilatına, beynəlxalq aləmdə böyük nüfuza malik bir qüvvəyə çevrilib.

Tədbirdə YAP sıralarına qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib.