15 dekabr 2017 23:22
1962

Narkomaniya ilə mübarizə gələcəyə nikbin baxmağa əsas verir

Əhalinin sağlamlığının qorunması, o cümlədən gənclərin sosial-mənəvi və fiziki inkişafı dövlətin və cəmiyyətin qarşısında dayanan əsas vəzifələrdən hesab olunur. İnsanların sağlamlığı, eyni zamanda gələcəyimiz olan gənclərin sosial-mənəvi və fiziki cəhətdən inkişafı və sağlam həyat tərzi keçirmələri ilə bağlı müvafiq dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti institutları bu istiqamətdə davamlı fəaliyyət göstərirlər. Eyni zamanda bir sıra dövlət qurumlarının bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına müxtəlif formalarda dəstək göstərməsi həyata keçirilən ümumi fəaliyyətin ictimai faydalığını daha da artırır. Belə dövlət qurumlarından biri də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.

“Narkotikvasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq Şuranın üzərinə düşən vəzifələrdən danışarkən ilk növbədə vətəndaş cəmiyyəti nümayəndələri üçün bu istiqamətdə keçirilən maarifləndirici tədbirlərlərdən və müxtəlif yaş təbəqələri üçün təşkil edilən aksiyalardan bəhs etmək lazımdır. Bu istiqamətdə QHT-lərin aktiv ictimai proseslərə, müxtəlif layihə və proqramların həyata keçirilməsinə cəlb olunması Şuranın qarşısında dayanan əsas vəzifələrdən hesab olunur.

Başa çatmaqda olan 2017-ci ildə bu istiqamətdə 15 layihəyə Şura tərəfindən ümumilikdə 100 min manat maliyyə yardımı ayrılmışdır. Narkomaniya əleyhinə fəaliyyət göstərən QHT-lərin bu istiqamətdə təşkil etdikləri tədbirlər əsasən gəncləri əhatə edir. Belə layihələr əsasən gənclərlə işləmək üzrə ixtisaslaşmış QHT-lər tərəfindən həyata keçirilir.

2017-ci ildə Şuranın maliyyə yardımı əsasında QHT-lər tərəfindən bu istiqamətdə mühüm layihələr həyata keçirilib. Qeyd olunan layihələrin icrası bu sahədə dövlətin həyata keçirdiyi siyasətə dəstək ifadə edir, həmçinin narkomaniyaya qarşı mübarizə sahəsində ictimai müqaviməti gücləndirməklə cəmiyyət həyatında yüksək maarifləndrici əhəmiyyət daşıyır. Bu layihələr Bakı şəhəri ilə yanaşı, ölkənin digər regionlarını da əhatə etmişdir.

Konkret rəqəmlərə gəldikdə, bildirmək istərdim ki, icra edilmiş layihələr çərçivəsində görülən işlərə ümumilikdə 43 nəfər işçi cəlb olunmuş, 4190 nəfər layihələrdə iştirak edərək bəhrələnmişdir. Bunlardan 1110 nəfəri uşaq və yeniyetmə, 1690 nəfəri gənc, 1390 nəfəri isə digər yaş qrupuna aid insanlardır. Maliyyələşmiş layihələr çərçivəsində 76 seminar və müxtəlif tipli tədbir təşkil olunmuş, 3 kitabça, 4 buklet hazırlanmışdır. Xüsusilə qeyd etmək yerinə düşər ki, həmçinin Qazax Olimpiya İdman Kompleksində gənclərin bədən tərbiyəsinin və fiziki durumlarının inkişafı məqsədilə 10 komandanın iştirakı ilə futbol, 80 nəfərin iştirakı ilə qol güləşi turniri, 100 nəfərərin iştirakı ilə karate turniri təşkil edilmiş və narkomaniya və zərərli vərdişlər əleyhinə Lənkəran şəhərində  gənclərin iştirakı ilə aksiya baş tutmuşdur.

2018-ci ildə də dövlət və cəmiyyət tərəfindən narkomaniyaya qarşı həyata keçiriləcək mübarizə tədbirləri çərçivəsində Şuranın qarşısında mühüm vəzifələr dayanır. Dövlət qurumlarının QHT-lərlə birgə həyata keçirdiyi tədbirlər, aparılan monitorinqlər bu sahədə gələcəyə nikbin baxmağa əsas verir. Əminik ki, dövlətin iradəsi, vətəndaş cəmiyyəti institutlarının səyləri nəticəsində cəmiyyəti narahat edən, ayrı-ayrı insanların ciddi probleminə çevrilmiş narkomaniya kimi zərərli vərdişlərə meyillik getdikcə əhəmiyyətini azaldacaq.

Şura ötən dövrlərdə olduğu kimi, bu sahədə bütün tərəfdaş qurumlara dəstək verməyə hazırdır.

Qalib Yaqubov,

Azərbaycan Respublikasının Prezidenti

yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət

Dəstəyi Şurası Katibliyinin məsləhətçisi