14 sentyabr 2017 22:17
329

Cocuq Mərcanlıda istehsal olunacaq məhsullar dünyaya ixrac ediləcək

Böyük Qayıdışın başlanğıcı olan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində qısa müddətdə həyata keçirilən bərpa işlərinin birinci mərhələs başa çatdıqdan sonra artıq kəndin həyatında yeni era başladı. Cari ilin iyununda  dövlətimizin başçısı yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşdü. Cocuq Mərcanlılar kəndin erməni işğalından azad olunmasını və yenidən qurulmasını ölkə başçısının tarixi xidməti kimi qiymətləndirdilər.

Cocuq Mərcanlıda ölkə başçısının Sərəncamı ilə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Artıq 172 nəfərdən ibarət 45 ailə öz doğma yurduna qayıdıb. Hazırda 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi davam etdirilir. Kənddə küçələrdə işıqlandırma sistemi qurulub, subartezian quyusu qazılıb. Dövlətimizin başçsının tapşırığına əsasən, Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilib.

Bu günlərdə ölkə başçısı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.

Bir neçə gün əvvəl Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ölkə başçısının imzaladığı Sərəncamın, məcburi köçkünlərin öz doğma yurdların qayıtmalarının böyük tarixi əhəmiyyət kəsb etdiyini deyib. Furio de Angelis kənd sakinlərinin geriyə qayıdışından sonra BMT QAK-ın bir sıra işlərdə yaxından iştirak etmək, o cümlədən Cocuq Mərcanlıdan olan məcburi köçkünlər arasında müştərək qiymətləndirmənin keçirilməsini həyata keçirmək istədiklərini bildirib. Qeyd edilib ki, Cocuq Mərcanlı sakinləri arasında iş vərdişlərinin bərpa edilməsi, reabilitasiya proqramlarının və digər texniki proqramların hazırlanması kimi layihələrin həyata keçirilməsi daha məqsədəuyğun olardı.

Bundan başqa, Azərbaycan Türkiyə Sənayeci və İş Adamları İçtimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşdə Cəbrayıl rayonunun  erməni işğalından azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat veriblər. Bildiriblər ki, nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər. Ali İhsan Genç qeyd edib ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinə yararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olunacaq. Eyni zamanda burada istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq və bununla da həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də rol oynayacaq. Artıq bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılıb və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli iş aparılır. Hazırda kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək laboratoriyalara göndərilib.

Zahid Rza, “İki sahil”