Menu
  • 21-09-2017
      • Bakı 30+35

  • 21-09-2017
    • $ 1.7007
      2.0209

1   2   3   4   5   6

SOSİAL

Aktyor Ceyhun Dadaşov: Mən daha sərbəst olmuşam

14-09-2017 [ 15:57 ] [ oxunub:44 ]
A+ | A-

Bu il yayda Moskva ətrafındakı “Zveniqorod” pansionatında RF Teatr Xadimləri İttifaqının XI Beynəlxalq Yay Teatr Məktəbi təşkil edilib. Rusiyadan, habelə yaxın və uzaq xarici ölkələrdən olan gənc artistlərin iştirak etdiyi Yay Teatr Məktəbinin bədii rəhbəri Rusiyanın Xalq Artisti, RF Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagindir.

Məktəbin Təşkilat Komitəsi iştirakçılar üçün geniş tədris proqramı hazırlayır, aktyor məharəti və rejissor işi üzrə aparıcı mütəxəssisləri bu məktəbə müəllim qismində dəvət edir.

Artıq neçə ildir ki, Azərbaycan aktyor məktəbinin nümayəndələri də bu layihədə fəal iştirak edirlər. Məsələn, azərbaycanlı aktyor, “Rebus” teatrının bədii rəhbəri və rejissoru, Azərbaycan Pantomima Teatrının yaradıcı kollektivinin keçmiş üzvü Ceyhun Dadaşov AZƏRTAC-a müsahibəsində Beynəlxalq Yay Teatr Məktəbində iştirakı barədə danışıb. Aktyor deyib: “Məşğələlərimiz iyunun 1-dən 29-dək Zveniqorodda keçirildi. Orada qeyri-adi yaradıcı ab-hava hökm sürürdü. Məktəbin ərazisi müəyyən mənada teatr sənəti şəhərciyi idi, orada yaradıcı insanlardan başqa heç kəs yox idi”.

C. Dadaşov bir məqama görə təəssüfləndiyini bildirdi: həmin layihədə yalnız bir dəfə iştirak etmək olar və iştirakçılar üçün yaş məhdudiyyəti – 35 yaş nəzərdə tutulub. O, gülə-gülə deyir: “Yaxşı ki, buna macal tapdım, buna görə də şadam. Demək istəyirəm ki, bu layihədə iştirak etməyin özü aktyora çox şey verir. Orada çox şey öyrəndim. Onu da qeyd etmək istəyirəm ki, biz orada nəfəsimizi dərmədən çalışırdıq”.

Ceyhun Dadaşov aktyorların bu məktəbə necə seçilməsi barədə söhbət açaraq dedi ki, gənc aktyorların qəbulu hər il elan edilir. “Bu il Azərbaycandan 8 sifariş daxil olmuşdu, amma oraya yalnız mən getdim. İnişil Azərbaycandan iki iştirakçı var idi – bizim Gənc Tamaşaçılar Teatrında işləyən Eşqin Quliyev və Günel Məhərrəmova. Keçən il isə Pantomima Teatrında və “Yuğ” teatrında işləyən Ruslan İsmayılov və Gənc Tamaşaçılar Teatrının nümayəndəsi Asya Atakişiyeva seçilmişdi.

C.Dadaşovun sözlərinə görə, o, yay məktəbinin təşkilatçılarına özünün videosifarişini göndərib, bu sifariş onların xoşuna gəlib və beləliklə, azərbaycanlı aktyor seçim mərhələsindən keçib. Məktəbdə 84 iştirakçı vardı. Onların əksəriyyəti MDB ölkələrini təmsil edirdi, lakin Portuqaliya, Kipr, İslandiya, Gürcüstan, Avstriya, Bolqarıstan və başqa ölkələrin nümayəndələri də vardı. Tədbir başa çatandan sonra bizə ixtisasartırma haqqında dövlət nümunəli diplom və Yay Məktəbinin gümüş xatirə nişanı təqdim edildi.

Aktyor Yay Məktəbi çərçivəsində reallaşdırılmış və sonda nümayiş etdirilmiş layihələr barədə söhbət acaraq dedi ki, beş bu cür iş olub. Məktəbdəki məşğələlərin son dörd günü tamamilə bu layihələrə həsr edilmişdi. Biz bir ay ərzində Rusiyanın Əməkdar Artisti, rejissor Aleksandr Oqaryovun və rejissor, aktyor və pedaqoq Boris Pavvloviçin rəhbərliyi ilə iki dram tamaşası, “Svetnoy bulvar”dakı Moskva Nikulin sirkinin rejissoru Yelena Polqa ilə bir sirk layihəsi, Brest Kukla Teatrının baş rejissoru Aleksandr Yanuşkeviç ilə bir kukla teatrı və xoreoqraf, rejissor, “Kinetik teatr” layihəsinin yaradıcısı və bədii rəhbəri Aleksandr Pepelyayevin rəhbərliyi ilə bir plastik tamaşa hazırlayıb göstərməli idik.

Məsələn, “Oriqami” plastik tamaşasında biz təxminən 15 kilometr kağızdan istifadə etdik. Bu əsərdə Xirosimada atom bombası partladılarkən yüksək dozada radiasiyaya məruz qalmış Sadako adlı qızın taleyindən bəhs edilir. Sadako tezliklə öləcəyini bilir. Yapon rəvayətinə görə, əgər bir il ərzində kağızdan min ədəd durna quşu düzəldə bilsən, arzuna çatacaqsan. Lakin Sadako yalnız 644 kağız durna düzəltməyə macal tapır və bundan sonra dünyasını dəyişir. Bu, çox qüssəli əhvalatdır. Biz bütün gecəni yatmayıb kağız durnalar düzəltdik”.

Ceyhun Dadaşov daha sonra deyir: “Bizə təklif edilən müxtəlif istiqamətlərdən plastikanı seçdim və yanılmadım. Bu, mənə daha yaxındır. Maraqlıdır ki, bu, sadəcə plastika deyil, dramatizm elementləri də daxil olan janr idi. Bu layihədə mənə bir şeir yazmağı tapşırmışdılar. Mən şeiri Azərbaycan dilində yazdım. Rəhbərimin xoşuna gəldi və biz onu tamaşada saxlamağı qərara aldıq.

Moskvadan olan müəllimlərin işini ayrıca qeyd etmək istərdim. Ustad dərsləri, yaradıcı görüşlər, mühazirələr təşkil edilmişdi. Bizə səhnə hərəkətindən Andrey Droznin, səhnə nitqindən Yelena Laskavaya və Viktor Marxasev, ritmikadan Yelena Drujnikova dərs deyirdi. Məşhur kukla ustası Konstantin İbrahimov və rejissor Yuri Şapiro ustad dərsləri keçdilər. Mən çoxdankı arzuma da çatdım – Rusiyanın Xalq Artisti, məşhur teatr rejissoru Lev Abramoviç Dodinin ustad dərsində iştirak etdim. Təkcə Rusiyada deyil, bütün dünyada teatr sənətinin canlı əfsanəsi sayılan Dodin insanın dünyabaxışını tamamilə dəyişən adamlardan biridir. Onun ustad dərsindən sonra şəxsən mən tələbələri necə seçmək lazım olması barədə öz təsəvvürümü dəyişmişəm. Dodin deyir ki, əsas məsələ aktyorun təmsilləri necə oxuması, etüdləri necə ifa etməsi deyil: “Mən hər bir tələbədə başqalarında olmayan cəhətləri tapmağa çalışıram”.

Yay Məktəbinin iştirakçısının sözlərinə görə, orada iş rejimi çox sərt olur. Demək olar ki, səhər tezdən gecə saat birə qədər işləyirdik, yalnız yemək və yatmaq üçün fasilə edirdik. Bu məktəbdən sonra evə qayıdıb iki gün doyunca yatdım.

Həmin layihədə iştirakı ilə əlaqədar nəyin daha çox yadda qalması sualının cavabında Ceyhun özünün həyatda nə qədər gərgin işləməsi və tələbələrini nə dərəcədə gərgin işləməyə məcbur etməsi üzərində dayandı: “Hər halda, Mədəniyyət və İncəsənət universitetində bunu etmək olmaz. Teatr məktəbində hamı sərbəstdir: kimi çay içir, kimi uzanır. Mən isə bizim təhsil formatına vərdiş etmiş nümunəvi tələbə kimi, farağat oturmağa çalışırdım. Lakin bir müddətdən sonra başa düşdüm ki, bu vəziyyətdə uzun müddət əyləşmək real deyil, bədən yorulur, insan ətrafında cərəyan edən prosesləri lazımi səviyyədə qavraya bilmir. Bu, bizim təqsirimiz deyil, bizi belə öyrədiblər. Lakin bu gərginlik mənə diqqətimi cəmləşdirməyə imkan vermirdi.

Mən Mədəniyyət və İncəsənət Universitetində səhnə hərəkəti, qılıncoynatma və pantomima plastikası fənlərindən dərs deyirəm. Bilirəm ki, mən öz tələbələrimlə düzgün rəftar etmirəm. Orada isə anladım ki, mən başqa adamam. Onlar məndən daha sərbəstdirlər. Bu sərbəstlik onların oxumasına nəinki mane olmur, əksinə, kömək edir. Zaman keçdikcə hiss etdim ki, praktiki olaraq onlardan heç nə ilə fərqlənmirəm və mən də özümü onlar kimi aparıram. Nəhayət, daha yorulmuram. Məndən soruşanda ki, bu məktəb mənə nə verib, cavabım belə olur: “Həmin mıktəb mənə sərbəstlik verib”.

C.Dadaşovun sözlərinə görə, bunu izah etmək mümkün deyil, çünki bu, xüsusi daxili duyğudur: “İndi fikirləşirəm ki, öz müəllimlik fəaliyyətimdə bunu hökmən nəzərə almalı və tədrisin formatını dəyişməliyəm.

Rusiyanın Xalq Artisti Aleksandr Kalyagin ilə görüşü barədə sualın cavabında aktyor bildirdi ki, tanınmış artist Yay Məktəbinin açılış mərasimində iştirak edib və layihə iştirakçılarını öz teatrında “Müfəttiş” tamaşasına baxmağa dəvət edib: “Bu, bizim adət etdiyimizdən fərqli “Müfəttiş” idi”.

Aktyor öz həmkarları Elnur Ismayilov və Əli Əlizadə ilə bərabər Azərbaycan Pantomima Teatrından getməsi və onlarla birlikdə “Rebus” teatrı yaratmaq layihəsi barədə də danışdı.

DİGƏR XƏBƏRLƏR

SOSİAL