22 dekabr 2016 21:07
740

Naxçıvan Dövlət Xalça Muzeyi ziyarət edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq AMEA Naxçıvan Bölməsinin əməkdaşları mütəmadi olaraq muxtar respublikamızda fəaliyyət göstərən muzeyləri ziyarət edir, mədəniyyət müəssisələrində mühafizə olunan eksponatlarla yaxından tanış olurlar.

Müxtəlif muzeylərə ekskursiyalarını davam etdirən Bölmə əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyini ziyarət ediblər. Burda muzey haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Naxçıvan xalçaları qədim zamanlardan Azərbaycan xalçaçılıq sənətinin ən gözəl nümunələri hesab edilir. Bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid çoxlu sayda xovlu və xovsuz xalça nümunələri, o cümlədən müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, xurcun, torba və digər eskponatlar nümayiş etdirilir.

Qeyd olunub ki, muzeydə xalçaçılıqla bağlı tez-tez tədbirlər təşkil olunur, eyni zamanda muzeyə kollektiv ziyarətlər davam etdirilir ki, bu cür tədbirlər və ziyarətlər mədəni irsimizin, milli dəyərlərimizin qorunması və təbliğində, eyni zamanda tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsi və təbliğində böyük əhəmiyyətə malikdir.

Naxçıvan Dövlət Xalça Muzeyinin zəngin kolleksiyası ilə yaxından tanış olan Bölmə əməkdaşları muzey işçilərinə öz minnətdarlıqlarını bildiriblər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi