05 yanvar 2017 20:44
588

Sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək

Bakı Nəqliyyat Agentliyinin təşəbbüsü ilə paytaxtın küçə və prospektlərində sərnişin avtobusları üçün xüsusi hərəkət zolaqları təşkil ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, məqsəd Bakı şəhərində müntəzəm sərnişindaşımalarda təhlükəsizliyin və rahatlığın təmin edilməsi, o cümlədən əhalinin ictimai nəqliyyatdan istifadəsinin stimullaşdırılmasıdır. Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib. İlkin olaraq Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib.