31 mart 2017 22:42
1032

Pirallahıda soyqırımı qurbanlarının xatirəsi yad edilib

Martın 31-də Pirallahı rayonunda 31mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə RİH əməkdaşları, rayonun idarə, müəssisə və təşkilatlarının üzvləri, ictimaiyyət nümayəndələri, orta məktəblərin şagirdləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” yaratmaq xülyası ilə bir neçə əsr ərzində xalqımıza qarşı apardıqları təcavüzkar siyasətdən, törədilən faciələrdən, terror və soyqırımı aktlarından danışıb.

Bildirib ki, 1918-ci ilin martında erməni millətçilərinin Bakı quberniyasını, Qubanı, Şamaxını və digər əzəli türk torpaqlarını azərbaycanlılardan təmizləmək məqsədilə həyata keçirdikləri soyqırımı zamanı on minlərlə dinc əhali qətlə yetirilib, qanlı cinayətlər, vəhşiliklər törədilib.

Qeyd edilib ki, Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunub, Xocalı, Qaradağlı və digər yaşayış məntəqələrində qanlı soyqırımı faciələri törədilib.

Sonra tədbirdə “Soyqırımı: Bakı” filmi nümayiş etdirilib.