23 iyun 2017 00:04
1059

Xatirələrdə yaşayan cəsur general

Azərbaycan tarixində elə işıqlı, görkəmli şəxsiyyətlər var ki, neçə onilliklər keçsə də, o insanların şərəfli ömür yolu, özlərindən sonra qoyub getdikləri nəcib işlər və saysız-hesabsız yetirmələri tarixdə silinməz izlər buraxır, adları xalqımızın milli quruculuq tarixinə qızıl hərflərlə yazılır. Bu unudulmaz insanlardan biri də artilleriya general-leytenantı, uzun illər Azərbaycanın rabitə naziri kimi yüksək vəzifədə çalışmış Hüseyn Cümşüd oğlu Rəsulbəyovdur.

Azərbaycanın orta və yaşlı nəsli bu tələbkar, əsl zabit kimi sərt, lakin bir o qədər də ürəyiyumşaq, qayğıkeş və ədalətli insan olan Hüseyn Rəsulbəyovu yaxşı xatırlayır. Ciddi, zəhmətkeş bir insan olan Hüseyn müəllim, necə deyərlər, dünyanın hər üzünü görmüşdü. 1917-ci il iyunun 26-da qədim türk torpağı olan Dərbənddə poçt məmurunun ailəsində dünyaya göz açmış Hüseyn Rəsulbəyovu tale haralara aparmadı? 1932 -ci ildə  Orconikidze şəhərində Politexnik Texnikumuna daxil olan gənc burada təhsilini başa vurduqdan sonra bir müddət Şimali Qafqaz Dəmiryolunun Mineralnıye Bodı stansiyasında mexanik işləyir. 1936-cı ildə Leninqrad Siqnalizasiya və  Rabitə Mühəndisləri Elektrotexnika İnstitutuna daxil olur. Bu institutu bitirdikdən sonra isə o, F.Dzerjinski adına Qızıl Ordu Artilleriya Akademiyasının dinləyicisi olur. 1941-ci ildə Akademiyada təhsilini başa vuran Hüseyn Rəsulbəyov Odessa şəhərindəki Primorsk Qoşunlar Qrupuna göndərilir. Müharibəni də elə burada Hava Hücumundan Müdafiə qoşunlarının 15-ci briqadasının mühəndisi kimi qarşılayır. Müharibənin sonunda isə gənc zabit Zaqafqaziya cəbhəsinin 99-cu hava hücumundan müdafiə diviziyasının artilleriya üzrə rəisi idi. 1960-62-ci illərdə isə artıq mühəndis-texniki xidməti general-mayoru olan Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsi qoşunlarının zenit-artilleriya qoşunları komandanının müavini, 1966-1975-ci illərdə isə komandanı vəzifəsində çalışır. 1968-ci ildə nümunəvi xidmətə görə Hüseyn Rəsulbəyova “artilleriya general -leytenantı” ali hərbi rütbəsi verilir. 1975-ci ildə ordu sıralarından ehtiyata buraxılan H. Rəsulbəyov elə həmin il Azərbaycanın rabitə naziri vəzifəsinə təyin olunur.

Bu vəzifədə döyüş generalının bir sıra maraqlı idarəetmə xüsusiyyətləri meydana çıxır. O, insanlarla asanlıqla dil tapır, onların problemlərinə diqqət yetirir, hər bir işçinin daha da ucalması üçün şərait yaradır, qayğı göstərir və onların yüksək vəzifələrə təyin edilmələri üçün müvafiq strukturlara təqdimatlar göndərirdi.

Hüseyn müəllim bu vəzifədə işlədiyi 9 il ərzində burada, demək olar ki, rabitə işini tam olaraq yenidən qurdu, texnoloji və mənəvi cəhətdən köhnəlmiş bütün avadanlıqlar yeniləndi, telefon-teleqraf rabitəsi keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bir çox şəhər və kəndlər telefonlaşdırıldı, beynəlxalq rabitənin inkişafı sahəsində yeni istiqamətlər müəyyənləşdirildi. Kadr məsələlərinə ciddi diqqət yetirildi, onların sosial vəziyyəti yaxşılaşdırıldı. Hüseyn Rəsulbəyovun düzgün kadr siyasətinin nəticəsi idi ki, onun yetirməsi olan Sirus Abasbəyli  sonralar-müstəqillik illərində ölkəmizin Rabitə Nazirliyinə rəhbərlik etdi. S.Abasbəyli respublika mətbuatında dərc edilmiş, Hüseyn Rəsulbəyovun ona göstərdiyi sonsuz qayğı və etimaddan bəhs edilən məqaləsində yazırdı:” “... O, çox böyük insan idi. Onun rabitə naziri təyin edilməsi rabitə sistemində dönüş yaratdı. Gənc mühəndislərə şərait yaradırdı, onları irəli çəkirdi, vəzifə verirdi və çox böyük tələblər qoyurdu. 1983-cu ildə isə mənim də həyatımda çox mühüm dəyişikliklər baş verdi. Rəsulbəyovun təqdimatı ilə məni Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, nəqliyyat və rabitə şöbəsinə götürdülər”.

1997-ci ildən 2004-cü ilədək Azərbaycanın rabitə naziri olmuş Nadir Əhmədov da daim Hüseyn Rəsulbəyovun işçilərə olan diqqət və qayğısından, onun prinsipiallığından söz açmışdır.

Hüseyn müəllim hələ orduda olarkən özünün qayğıkeşliyi, insanlara, xüsusən də azərbaycanlı kadrlara daimi qayğısı ilə yadda qalıb. İstefada olan artilleriya general-polkovniki Tofiq Ağahüseynov onun bu xarakterindən söz açarkən deyir: “Çox hörmətli general-leytenant Hüseyn Rəsulbəyov Bakı Hava Hücumundan Müdafiə Dairəsinin zenit-raket qoşunlarının komandanı idi. O, mənə çox kömək edib. Rəsulbəyov dairə qərargahında işləyirdi, komandan idi, mən isə əvvəlcə polk, sonra diviziya və korpus komandiri oldum. Və o, hər zaman məni mümkün xoşagəlməz hadisələrlə bağlı xəbərdar edir, bu və ya digər hadisələrdə necə hərəkət etmək lazım olması barədə məsləhətlər verirdi. Bunun üçün mən ona çox minnətdaram.”

H.Rəsulbəyov həm də həssas, gözəl insan, səmimi bir şəxsiyyət idi. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Gövhər Baxşəliyeva Hüseyn müəllimin necə müşahidəçi olmasından və insanlara düzgün qiymət verməsindən bəhs edərək yazmışdır: “...1970-ci illərdə Azərbaycanın rabitə naziri olan Hüseyn Rəsulbəyov (H.Rəsulbəyov həm də general  idi) atamla dost idi. Onların ailəvi gediş-gəlişi var idi. Mən H.Rəsulbəyovdan da Zərifə Əliyevanın respublikanın birinci şəxsinin həyat yoldaşı olmasına baxmayaraq, necə sadə insan olduğunu dəfələrlə eşitmişdim. O, danışırdı ki, Zərifə xanım işdən evə gələndə özü mətbəxə keçər, yeməklər bişirər, ailənin süfrəsini şəxsən hazırlayardı. Qeyd edirdi ki, Zərifə xanım çox mədəni, ziyalı, qayğıkeş və sadə insandır.”

Uzun illər general-leytenant Hüseyn Rəsulbəyovla birlikdə işləmiş Bakı Hava Hücumundan Müdafiə Dairəsi Qoşunlarının komandanı, general-polkovnik Fyodor Akimoviç Olifirov yazırdı: “Bəzən elə olur ki, hətta böyük rəhbərlər belə passiv olurlar, vəzifələrinə uyğun təşəbbüs göstərmək əvəzinə, heç nəyə həvəs göstərmirlər. Amma Hüseyn Cümşüdoviç heç vaxt, heç kimdən hər hansı bir xatırlatma və ya tapşırıq gözləmirdi. Həmişə irəlidə gedirdi və hamını da arxasınca çəkib aparırdı. Onun zenit-raket qoşunlarının komandanı kimi ən böyük xidməti ölkənin hava hücumundan müdafiə sistemində əsl istedadlı mühəndis və öz işinin ustası olması idi”

Artıq 20 ildən çoxdur ki, Azərbaycan Televiziyası və digər televiziyalar öz verilişlərini Dağüstü parkın yaxınlığında ucaldılmış müasir teleqüllə vasitəsi ilə bütün dünyaya yayır. Bu teleqüllənin ucaldılması ideyası əvvəldən sonadək Hüseyn Rəsulbəyovun  olub, onun reallaşması üçün nazir kimi böyük əziyyət sərf edib.

Əvvəlcə teleqüllənin o vaxtlar üçün çox mükəmməl və çox da bahalı olan bir neçə layihəsi işlənib hazırlandı. Ümummilli liderimiz Heydər Əliyev teleqüllənin məhz indi istifadə etdiymiz variantını bəyəndi. Ancaq “nədənsə” Moskva bu layihəni təsdiqləmək istəmirdi. H.Rəsulbəyov bir neçə dəfə Moskvaya getməsinə baxmayaraq mərkəz inad göstərirdi.

Belə olan halda H. Rəsulbəyov kömək üçün Heydər Əliyevə müraciət edir. Ulu Öndər isə dərhal Sov.İKP MK-ya məktub yazılmasına göstəriş verir. Onun operativ və prinsipial müdaxiləsindən sonra layihə təsdiq edildi.

1981-ci ildə teleqüllənin tikintisi üçün mərkəzdən respublikaya 800 min rubl vəsait ayrılır. Rabitə naziri H. Rəsulbəyov özü gecə-gündüz teleqüllənin tikintisi ilə məşğul olur. Onun səyləri ilə Dnepropetrovskdan, Rustavidən armatur, SSRİ-nin ayrı-ayrı regionlarından isə digər zəruri tikinti materialları gətirildi. Lakin “yenidənqurma” nəticəsində SSRİ-də baş verən məlum hadisələrə görə qüllənin tikintisini Azərbaycanın müstəqillik illərində başa çatdırmaq mümkün oldu.

Təəssüf ki, teleqülləni görmək ona nəsib olmadı, amma qədirbilən xalqımız daim şəhərimizə yaraşıq verən bu möhtəşəm qurğuya baxdıqca, onu xatırlayır və inanırıq ki, bu minnətarlıq və təşəkkürlər Bakımız durduqca daim davam edəcəkdir.

Təkcə 1975-1980—ci illər ərzində H.Rəsulbəyovun yuxusuz gecələri, gərgin səyləri hesabına, ölkədə kabel və radiorele xəttində olan şəhərlərarası telefon xətlərinin uzunluğu 1,6 dəfə, şəhərlərarası avtomat-telefon rabitəsi 1,6 dəfə, şəhər koordinat ATS-lərinin quraşdırılmış tutumu 7,9 dəfə, kənd koordinat ATS-lərinin quraşdırılmış tutumu 1.2 dəfə, poçt rabitəsinin həcmi 8,5 isə dəfə artmışdır.

Sözügedən illərdə Bakıda şəhərlərarası iki telefon və teleqraf rabitəsi stansiyası tikilib istifadəyə verildi ki, onların avadanlıqlarının hamısı keçmiş Yuqoslaviyadan gətirilmişdi. Şirvan, Astara, Mingəçevir, Qusar və Xaçmaz rayonlarında şəhərlərarası avtomat telefon stansiyaları istifadəyə verildi.Və nəhayət, 1980-ci ildə respublikamızın şəhərlərində telefon şəbəkəsinin həcmi 1975-ci ilə nisbətən 1,4 dəfə artdı. Bütün bunlar H.Rəsulbəyovun nazir kimi böyük fəaliyyətinin yalnız bir hissəsi idi.

Ehtiyatda olan general-leytenant H.Rəsulbəyov Azərbaycan SSR rabitə naziri vəzifəsində cəmi 9 il işlədi. Gördyüyü işlər, qoyub getdiyi yüzlərlə obyekt və nailiyyət və yeniliklərlə ölkə rabitəsinin tarixinə öz adını qızıl hərflərlə yazdı. Onun nazir işlədiyi dövr, haqlı olaraq orta nəsil rabitəçilər tərəfindən “qızıl dövr” kimi dəyərləndirir.

H. Rəsulbəyovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, “Lenin”, “II dərəcəli Vətən Müharibəsi”, “Qırmızı Ulduz”, “Qırmızı Əmək Bayrağı” ordenləri və 14 medalla, o cümlədən “Hərbi xidmətlərinə görə”, “Odessanın müdafiəsinə görə”, “Qafqazın müdafiəsinə görə”, “”Nöqsansız xidmətə görə” və sair medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Rəyasət heyətinin 28 iyul 1966-cı il tarixli Fərmanı ilə ona “Azərbaycan SSR-in əməkdar mühəndisi” fəxri adı verilmişdir. H. Rəsulbəyov VII, VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. Azərbayçan KP XXVIII, XXIX və XXX qurultaylarında Azərbaycan KP cMK üzvü seçilmişdir.

Hazırda Dərbənd şəhərinin ən böyük və abad prospektlərindən biri  general-leytenant H. Rəsulbəyovun adını daşıyır. Bu şəhərdə onun adına park salınmış, doğulduğu evə və təhsil aldığı şəhər 1№-li orta məktəbə xatirə lövhələri vurulmuşdur. Dərbəndin “Döyüş şöhrəti muzeyi”ndə generala ayrıca ekspozisiya həsr edilmiş, onun büstü qoyulmuşdur.

Azərbaycanın sovet dönəminin ilk general-leytenantı Hüseyn Rəsulbəyov tarixilik baxımından az yaşadı, ömrünün 67-ci ilində həyata vida etdi. Bu günlərdə onun 100 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. Hüseyn Rəsulbəyov özündən sonra bir çox xeyirxah işlər, əməllər qoyub getdi və bu xeyirxah əməllər xalqımızın yaddaşında əbədi olaraq yaşayacaqdır...

Tofiq Sədrəddinoğlu,

Baki Slavyan Universiteti

jurnalistika kafedrasının dosenti, Avropa Təbiət Elmləri

Akademiyasının həqiqi üzvü