22 iyul 2017 00:52
669

Jurnalist peşəkarlığı və məsuliyyəti əsasdır

Müsahibimiz Azərbaycan Televiziyasının əməkdaşı, yazıçı-jurnalist Bəxtiyar Qaracadır

- Azərbaycan dövlətinin mətbuatın inkişafına, jurnalist əməyinə diqqət və qayğısı davamlı xarakter daşıyır. Ölkəmizin iqtisadi inkişafına əsaslanan jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması bu qayğının əsas tərkib hissəsidir. Artıq jurnalistlər üçün tikilən ikinci bina jurnalistərə təqdim edildi. Fikirlərinizi bölüşməyi istərdik...

- Həqiqətən də dünyada analoqu olmayan bir hadisədir. Dövlətin davamlı qayğısı hər bir mətbu orqanın, media nümayəndəsinin məsuliyyətini daha da artırır.  Mirzə Ələkbər Sabir deyirdi ki, xalqın mədəni səviyyəsi mətbuatın səviyyəsi ilə ölçülür”. Yəni mətbuatımız hansı səviyyədədirsə, mədəniyyətimizin o səviyyəsindən danışa bilərik. Əks halda mətbuatın səviyyəsi yoxdursa, daxili mənəvi amillərimiz nəzərə alınmaqla tənəzzül olacaq. Böyük inam və fəxr hissi ilə qeyd edirik ki,  bu gün mətbuat  sürətlə inkişaf edən dövlətimizin yanındadır. Jurnalistlərimiz dövlətimizə, dövlətçiliyimizə xidmət edir, dövlətimiz də jurnalist əməyini daim yüksək dəyərləndirir.  

- Çoxsaylı mətbu orqanlar sırasında hər bir mətbu orqanının öz yeri vardır. Sizcə, mətbuat  cəmiyyətin informasiya tələbatını lazımi  səviyyədə ödəyə bilirmi?

- Ölkə  Prezidenti İlham Əliyev  bildirir ki, mətbuatın vəzifəsi cəmiyyətdəki qüsurları göstərməkdir. Müxtəlif kanallarla məlumatlar əldə edilir, daxildə, xaricdə gedən bütün proseslərlə bağlı məlumatlar verilir. Amma  böyük məmnuniyyətlə mətbuatı izləyir və elə materiallar görürəm ki,  dövlətçiliyimizə çox böyük dəstəkdir.  Yəni jurnalist bu fikirlərin önə çəkdiyi məqamları bilməlidir. Qüsurları göstərərkən biri var obyektiv yanaşasan, biri də var ki,  ona başqa çalarlar əlavə edəsən. Vətənini, millətini, xalqını sevən hər bir jurnalist fəaliyyətində əsas prinsipləri öndə saxlamalıdır. 

- Bəxtiyar müəllim, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında  mətbuatın rolunu  necə şərh edərdiniz?

-Bizim qarşımızda duran əsas məsələ  Dağlıq Qarabağ problemidir. Bu bizi birləşdirmək üçün kifayət edən bir mövzudur, dərsdir. Ancaq bunu özümüz deyib, özümüz ağlayıb,  buradan  kiməsə söz deməklə nəsə həll edə bilmərik. Biz bunu dünyaya çatdırmalıyıq. Dövlət başçısı İlham Əliyevin jurnalistlər üçün tikilmiş binanın açılışında  diqqət göstərdiyi əsas məsələlərdən biri məhz bu oldu.  Onu da qeyd etdi ki, hazırda  müxtəlif dillərdə- rus, ingilis və digər Avropa dillərində Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilərik. Ümumiyyətlə, Dağlıq Qarabağ gündəlik işimiz olmalı, mövcud imkanlardan maksimum bəhrələnməliyik. 

Röya Şahbazi, “İki sahil”