22 iyul 2017 01:20
327

Qaxda 108 qovaq ağacının kəsildiyi aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətti”nə Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət nazirliyin 9 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əraziyə baxış keçirilən zaman yaşköküstə 108 qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42 min 790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub. Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.