18 oktyabr 2017 20:40
665

Bard İvar Svendsen: “Əshabi-Kəhf Ziyarətgahı”nda olarkən insan sanki mənəvi rahatlıq tapır

Muxtar respublikaya səfərim çərçivəsində bir sıra tarix və mədəniyyət obyektlərində oldum. Bunların içərisində ən yaddaqalanı “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi idi. Burada insan sanki mənəvi rahatlıq tapır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bard İvar Svendsen söyləyib.

Qonaq muxtar respublikaya səfərinin məqsədi barədə danışaraq deyib: “Naxçıvan Muxtar Respublikasına səfərimin məqsədi qədim diyarın iqtisadi potensialı ilə yaxından tanış olmaq idi. Burada keçirdiyim görüşlərdə Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı barədə ətraflı məlumat əldə etdim”.

Norveç Krallığı ilə Azərbaycan arasındakı əlaqələrin hələ də əsasən neft və qaz sektorunda əməkdaşlıqla səciyyələndiyini bildirən səfir, son illər ərzində mədəniyyət sahəsində də əlaqələrin genişləndirildiyin qeyd edib.

O, həmçinin bildirib ki, muxtar respublikanın tanınmış ali təhsil ocağı olan Naxçıvan Dövlət Universiteti ilə Norveçdəki universitetlər arasında əlaqələrin qurulması imkanları mövcuddur.