18 oktyabr 2017 21:23
570

Azərbaycanın dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir

Xalqımız əsrlərboyu müstəqillik qazanmaq, azad və suveren dövlətdə yaşamaq arzusunda olub. Lakin imperiya qüvvələri zəngin sərvətlərə malik, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanı daim öz təsiri altında saxlayıb, onun müstəqil dövlət kimi fəaliyyətinə yol verməyiblər. Xalqımız azadlıq və müstəqillik arzusunu uzun illər ürəyində saxlamaq məcburiyyətində qalıb. 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni dövrü – müstəqil inkişaf dövrü başlanıb.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 18-də Qax Rayon İcra Hakimiyyətində keçirilən “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir” mövzusunda konfransda səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Konfransda rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlar barədə danışıb.

Çıxış edənlər dövlət müstəqilliyinin əldə edilməsindən ötən 26 ilin Azərbaycan tarixinin mürəkkəb, çətin, eyni zamanda, ən şərəfli dövrü olduğunu vurğulayıblar. Bildirilib ki, Heydər Əliyev müdrik siyasəti ilə xalqımızı keçid dövrünün ağır sınaqlarından şərəflə çıxarıb. Ulu Öndərin yeritdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya dövlətləri tərəfindən demokratik bir ölkə kimi tanınmağa başlayıb, qısa müddətdə dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaradılıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş, məqsədyönlü siyasəti sayəsində artıq ölkəmiz dünya dövlətləri sırasında öz layiqli yerini tutub, müstəqilliyimiz daha da möhkəmlənib, əbədi və dönməzliyi təmin olunub.

X X X

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 18-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Çiçəklənən müstəqil Azərbaycan” mövzusunda elmi-praktiki konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi konfransda dövlət müstəqilliyimizin bərpasından ötən 26 il ərzində Azərbaycanın qazandığı uğurlardan geniş bəhs olunub.

Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə müstəqilliyimizin ilk illərinin xalqımız üçün olduqca çətin şəraitdə keçdiyini diqqətə çatdırıb. Bildirilib ki, həmin dövrdə hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala dövlət müstəqilliyimizin itirilməsinə gətirib çıxaracaqdı. Bu qüvvələr yeni yaranan müstəqil Azərbaycanın möhkəmlənməsi üçün nəinki bir iş görmədilər, əksinə, ölkəmizi dünyada gedən bütün proseslərdən uzaq salaraq təklənməsinə, təcrid olunmasına xidmət göstərdilər.

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycanda dövlət müstəqilliyinin dönməz və əbədi olması, möhkəmlənməsi, ölkəmizin dinamik inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda yeganə xilas və ümid yeri olan Heydər Əliyev xalqın tələb və istəyi ilə yenidən hakimiyyətə qayıtdı. Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edildi, respublikamız yeni inkişaf dövrünə qədəm qoydu.

Çıxış edənlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində hazırda Azərbaycanın regionda lider dövlətə çevrildiyini vurğulayıblar.

Konfransın sonunda müstəqillik illərində Azərbaycanın qazandığı uğurlardan bəhs edən film nümayiş olunub.

X X X

Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümü Balakən rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Əlamətdar gün münasibətilə oktyabrın 18-də rayon Mədəniyyət Mərkəzində ədəbi-bədii kompozisiya nümayiş etdirilib.