21 noyabr 2017 20:20
662

“Məzun evi”nin sakinləri ağacəkmə aksiyasına qoşulublar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Abşeron rayonunun Masazır kəndindəki Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin sakinləri IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” devizi altında keçirilən yaşıllaşdırma aksiyasına qoşulublar.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sakinlər yaşadıqları “Məzun evi” Sosial Müəssisəsinin ərazisində 100-dən çox ağac və gül kolu əkiblər.

“Məzun evi”nin sakinləri yaşıllaşdırma aksiyasına qoşulduqları, ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönələn aksiyada iştirak etdiklərindən məmnun olduqlarını bildiriblər. Onlar müəssisənin ərazisində əkdikləri ağaclara və gül kollarına daim qulluq edəcəklərini və bundan sonra da ətrafda yeni yaşıllıqların salınacağını vurğulayıblar.

Xatırladırıq ki, dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclər üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması Prezidenti İlham Əliyevin həmin təbəqədən olan gənclərə xüsusi qayğısı və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın humanist təşəbbüsünün nəticəsidir. Buradakı iki yaşayış binasında 206 nəfər gənc yeni mənzillə təmin edilib. Onların bir hissəsi buraya köçürüləndən sonra ailə qurub və indi həmin ailələrdə 70 nəfərdən çox uşaq böyüyür.

Hazırda “Məzun evi” Sosial Müəssisəsi üçün daha bir 120 mənzilli yaşayış binası da inşa olunur və binada uşaq bağçasının, binanın ətrafında məzunlar üçün idman kompleksinin də olması, habelə müəssisənin ərazisində məktəbin tikilməsi də nəzərdə tutulub. Burada yaşayan gənclərin məşğulluğunun təminatı sahəsində müvafiq işlər aparılır və onlardan artıq böyük əksəriyyəti daimi iş yerləri ilə təmin olunublar.