15 dekabr 2017 22:37
865

Goranboyun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb

Goranboyun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Goranboy rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb.

Layihə çərçivəsində rayonun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Goranboy rayonunun Veyisli kəndində açılış mərasimi keçirilib.

Mərasimdə Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər Goranboyda aparılan abadlıq və quruculuq işlərindən danışıb. Bildirib ki, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur.

Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin böyük bir hissəsinin Goranboy rayonunda məskunlaşdığını xatırladaraq yeni salınmış Veyisli köçkün qəsəbəsinə içməli suyun verilməsini mühüm hadisə adlandırıb.

“Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində indiyə qədər 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu diqqətə çatdırıb: “Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 170 kənddə yeni su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulub. Artıq kəndlərdə tikinti-quraşdırma işləri yekunlaşıb və kəndlərin böyük bir hissəsinə suyun verilməsi təmin edilib. 2018-ci ildə respublikanın digər kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün araşdırmalar davam etdirilir”.

Kənd sakinləri bildiriblər ki, uzun illər idi ki, subartezian quyularının suyundan istifadə ediblər. Son illər subartezian quyularının məhsuldarlığının azalması su təminatında çətinliklər yaradıb. Buna görə əhali içməli suya olan tələbatını uzaq məsafədə yerləşən artezianlardan və bulaqlardan ödəmək məcburiyyətində qalıb. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Goranboy rayonunda icra olunan layihə Veyisli və Abbasqulular kəndlərini, həmçinin Veyisli məcburi köçkün qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Murovdağ-Goranboy magistral su xətti seçilib. Magistral kəmərdən Abbasqulular və Veyisli kəndlərinə, həmçinin Veyisli məcburi köçkün şəhərciyinə su xətləri çəkilib. Rayonun Veyisli və Abbasqulular kəndlərində 8,6 kilometr uzunluğunda kənddaxili su xətləri çəkilib və ümumi istifadə üçün 13 bulaq quraşdırılıb.

Veyisli məcburi köçkün qəsəbəsində isə hər bir fərdi yaşayış evi içməli su ilə təmin olunub. Belə ki, qəsəbədə yaradılmış paylayıcı şəbəkə vasitəsilə 600 ünvana birləşmə verilərək abonentlər sayğacla təmin olunublar. Bununla yanaşı, kəndin yaxınlığında heyvandarlıqla məşğul olan əhali üçün əlavə layihə işlənib, 7 bulaq qoyularaq suyun verilməsi təmin edilib.

Goranboy rayonunda icra olunan layihə çərçivəsində 3 yaşayış məntəqəsində 5 minə yaxın yerli sakin və məcburi köçkünün içməli su problemi həll edilib. Ümumilikdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 270 mindən artıq sakin faydalanır.

Qeyd edək ki, “Azərsu” ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 2013-cü ildə təmas xəttinin yaxınlığında yerləşən Goranboy rayonunun Tapqaraqoyunlu kəndində içməli su layihəsi icra edilib. Layihə çərçivəsində Ballıqaya-Goranboy magistral su xəttindən Tapqaraqoyunlu kəndinə 14 kilometr magistral su xətti çəkilib, hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Eyni zamanda müxtəlif diametrli borularla 35,6 kilometr uzunluğunda paylayıcı şəbəkə yaradılaraq 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub.