01 fevral 2018 18:20
1717

YAP GB 2 fevral - Gənclər Gününü qeyd etdi

YAP Gənclər Birliyi 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirib

Fevralın 1-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin 2017-ci il ərzindəki fəaliyyətinin yekunlarına və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra YAP Gənclər Birliiynin ötən il ərzindəki fəaliyyəini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 2 fevral - Azərbaycan Gəncləri Günü  münasibətilə gəncləri təbrik edib. O bildirib ki, 2017-ci  ili Azərbaycan uğurla başa vurub və 2018-ci ilə böyük ümidlərlə daxil olub. Əli Əhmədovun fikrincə, 2018-ci il Azərbaycanın həyatında, ölkəmizin inkişafında əhəmiyyətli dəyişikliklərin növbəti başlanğıc nöqtələrindən birinə çevriləcək. 
Əli Əhmədov qeyd edib ki, YAP-ın cəmiyyətdə rolunun artması fonunda YAP Gənclər Birliyinin də rolunun artması bizi sevindirir: “Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın sıralarında gənclərimizin sayı artır və bu, özlüyündə YAP-ın təkcə bu günü ilə deyil, gələcəyi ilə bağlı da böyük perspektivlərə malik olduğunu ifadə edir. Getdikcə daha çox sayda Azərbaycanın fəal, vətənpərvər gəncləri öz siyasi talelərini partiyamızla bağlayır, Prezident İlham Əliyevin siyasətinə münasibətlərini bu formada ifadə edirlər. Eyni zamanda, hesab edirəm ki, gənclər YAP-ın üzvü olmaqla bütövlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştiraklarına əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən işlərə öz töhfələrini vermək imkanı qazanırlar. Bu, hər iki tərəf üçün - həm YAP, YAP Gənclər Birliyi üçün, həm də partiyaya daxil olan gənclər üçün qarşılıqlı faydalı münasibətlərdir. Nəticə etibarilə bu münasibətlər ümummilli maraqlarımıza xidmət etmiş olur. Gənclərimiz YAP-a daxil olmaqla, partiyamızın siyasətini dəstəkləyir, partiyanın gücünə imkanları daxilində töhfə verirlər. Eyni zamanda, təbii ki, gənclər YAP-ın sıralarında olmaqla öz fəallıqlarını cəmiyyətə təqdim edir, özlərini tanıdırlar. Bu da partiyamıza daxil olan gənclərimiz üçün çox əhəmiyyətlidir. Çünki bu gənclər YAP-ın sıralarında göstərdikləri ictimai-siyasi fəallıqları ilə özlərini cəmiyyətə təqdim edib gələcəyin ictimai-siyasi xadimləri kimi sağlam iddialarını ortaya qoymuş olurlar. Biz inanırıq ki, məhz bu gənclərin arasından gələcəyin çox dəyərli ictimai-siyasi xadimləri, həyatımızın bu və digər sahələrində əhəmiyyətli mövqelər tutan vətəndaşları, rəhbərləri yetişəcəklər. Beləliklə də, gənclər YAP-ın sıralarına qoşulmaqla özlərinin uğurlu gələcəyi üçün etibarlı meydan əldə edirlər. Təbii ki, həm Ümummilli lider Heydər Əliyevin gənclər siyasətində, həm də bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi gənclərlə bağlı siyasətdə gənclərə nə qədər böyük önəm verildiyi cəmiyyətimizə məlumdur”.

Baş nazirin müavini bildirib ki, biz gənclərimizə Azərbaycanın gələcəyi kimi, gələcək Azərbaycanın qurucuları kimi böyük ümidlərlə baxırıq. Biz istəyirik ki, gələcəyi quran insanların içərisində gənclər də fəal rol oynasınlar, daha geniş şəkildə bu prosesə öz töhfələrini versinlər. Bu həm də indiki dövrün zəruri tələbatıdır. Cəmiyyətin sürətlə dəyişdiyini, yeniləşdiyini deyən Əli Əhmədov yeni çağırışlara uyğun şəkildə fəaliyyət göstərmək zərurətinin yarandığını söyləyib. Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə gənclərə önəm verilməsi, gənclərin cəsarətlə irəliyə çəkilməsi məhz bu faktın göstəricisidir.

2018-ci ildə ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov qeyd edib ki, bu seçkilərdə partiyamızın namizədi Prezident İlham Əliyevdir. O seçki kampaniyasında YAP gənclərini fəal olmağa çağırıb.

YAP Sədrinin müavini gənclərə həm sosial şəbəkələrdə, həm də könüllülük fəaliyyətində daha da fəal olmağı tövsiyə edib.

Tədbirdə YAP Suraxanı rayon təşkilatı Gənclər Birliyinin üzvü Arzu Məmmədli, YAP Sabirabad rayon təşkilatı Gənclər Birliyinin üzvü Emil Aslanlı, BANM-ın tələbəsi Mahirə Əsədzadə, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Zaur Paşayev və YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Əli Babazadə çıxış ediblər.

Tədbirdə YAP sıralarına yeni qoşulmuş gənclərə partiya vəsiqələri  təqdim olunub. Eləcə də, bir qrup fəal gəncə fəxri fərmanlar təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.