Regionların inkişafı ilə bağlı mühüm nəticələr əldə edilib

30 yanvar 2018 23:17
2251

Xəbər verildiyi kimi, yanvarın 29-da Prezident İlham Əliyevin iştirakı ilə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirildi. Konfransda regionların inkişafı üçün həyata keçirilən islahatlardan və onların nəticələrindən söz açan dövlətimizin başçısı bildirdi ki, son illərdə regionların inkişafı ölkə qarşısında duran prioritet istiqamətdir. Artıq biz bu gün önəmli nəticələr qazanmışıq.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, “regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqram”ları sayəsində regionların inkişafında sürətlənməsi özünü göstərdi, eyni zamanda bölgələr artıq özləri-özlərini maliyyələşdirməyə başladılar: “Hələ 2003-cü ildə Prezident seçildikdən dərhal sonra cənab   İlham Əliyev tərəfindən iqtisadi inkişafın davamlı olmasını şərtləndirən amillər haqqında fikirlər səsləndirilirdi. Bu, nəhayət ki, bir konsepsiya şəklində Dövlət Proqramına çevirildi. Cənab Prezident qeyd edirdi ki, Azərbyacan təkcə Bakı və Abşerondan ibarət deyil. Azərbaycanın bütün regionları inkişaf etməlidir. Bu fikirin nəticəsi sonrakı mərhələdə regionların inkişaf ilə bağlı Dövlət Proqramının icra olunması ilə yadda qaldı. Bilirsiniz ki, Azərbaycanın hər bir regionunun özünə məxsus, spesifik xüsusiyyətləri var. Əgər biz ölkəni bu keyfiyyətlərə görə iqtisadi rayonlara bölsək, görəcəyik ki, Azərbaycanda təqribən 18 iqtisadi rayon  və hər rayonun özünəməxsus əmək xüsusiyyətləri, istehsal münasibətləri, regional xarakteristikası, tarixən ixtisaslaşdırılmış iqtisadi ənənələri var. Məsələn, Azərbaycanın şimal –qərbi, daha dəqiq desək Şəki, Zaqatala, Balakən tütünçülük, ipəkçilik, Aran zonası pambıqçılıq, Cənub zonası çayçılıq, sitrus meyvəçiliyi ilə məşhurdur. Ona görə də ixtisaslaşdırılmış şəkildə inkişafa nail olmaq üçün Dövlət Proqramında xüsusi layihələr nəzərdə tutulurdu və icra olunurdu. Bu gün Azərbaycanın hər hansı bir regionuna getsəniz, orada nə kommunikasiya, nə tikinti, memarlıq, nə iqtisadi göstəricilər, nə də sosial təminat baxımından Bakı şəhəri  ilə fərq görməyəcəksiniz, ya da az fərq görəcəksiniz. Azərbaycan regionlarının siyahısı bu proqramla çox sürətlə dəyişməyə başladı. 2014-cü ildə qəbul edilmiş sayca üçüncü Dövlət Proqramı 2018-ci ildə başa çatdı. Ölkəmizin başçısı cənab İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafının 4-cü ilinin  yekunlarına həsr olunmuş konfransda qeyd etdi ki, bundan sonrakı mərhələdə biz yeni inkişaf proqramı ilə bağlı tədbirlər görəcəyik. Bu o deməkdir ki, bundan sonrakı dövrdə də növbəti 2018-2022-ci illər üzrə Dövlət Proqramı qəbul olunacaq. Çünki məlum olduğu kimi, Dövlət Prqoramı hər dörd ildən bir qəbul olunur”.

H. Babaoğlu, həmçinin diqqətə çatdırdı ki, bu Dövlət Proqramlarının icrası nəticəsində bir çox problemlər öz həllini tapdı ki, bunlardan biri regionların sosial-iqtisadi inkişafı idisə, digəri əmək qüvvəsinin Bakı şəhərinə axının qarşısının alınması idi: “Yəni, regionlarda əhalinin işlə təmin olunması, yeni iş yerlərinin yaradılması insanların şəhərə kütləvi axınının qarşısını aldı. Üçüncüsü, bilirik ki, bu proqramlar icra olunduqdan sonra bir sıra rayonlar özü-özünü maliyyələşdirən rayonlara çevrildilər. Yəni, əgər əvvəllər bütün rayonlar dövlətdən dotasiya alırdılarsa və iqtisadi-sosial münasibətlərini bu əsasda qururdularsa, artıq Dövlət Proqramları çərçivəsində rayonların paytaxtdan asılılığı aradan qaldırıldı. İlkin mərhələdə 11 rayon bu asılılıqdan azad oldu, özləri-özünü maliyyələşdirdi. Hazırda 33-ə qədər belə rayon var ki, onlar özü-özlərini təmin edə bilirlər. Bu proses çərçivəsində növbəti inkişaf mərhələsində ixtisaslaşma həyata keçirildi. Rayonlarda regionun xüsusiyyətlərinə uyğun olaraq məhəlli sənayenin yaradılması ilə bağlı işlər başlanıldı, eyni zamanda regionların xüsusiyyəti nəzərə alınmaqla müxtəlif təyinatlı aqrar parkların yaradılması proqramları da həyata keçirildi. Heç şübhəsiz ki, bunların əsasında ciddi yol və nəqliyyat, enerji,  kommunukasiyanın yaradılması şərt idi. Paralel olaraq qazlaşdırma da qarşıda duran mühüm amillərdən biri idi. Həmçinin cənab Prezident konfransda qeyd etdi ki, hazırda Azərbaycanda qazlaşdırma 93 faizdir. Yəni, bəzi yüksək dağ rayonlarının ayrı-ayrı kəndləri istisna olmaqla Azərbaycanda qazlaşdırma başa çatıb. Eyni zamanda mədəni istirahətin yaradılması prosesi də başa çatıb. Bütün sadalananları birləşdirsək, əminliklə deyə bilərik ki, həqiqətən də regionların inkişafı ilə bağlı mühüm işlər görülüb. Bu proses həm işsizliyin aradan qaldırılmasında, həm əhalinin sosial təminatında, həm də regionlarımızın müstəqil iqtisadi rayon kimi formalaşmasında çox mühüm amildir”.

Şəfiqə Dadaşova, “İki sahil”