23 yanvar 2018 14:31
1400

Dünyanın gözü Davosda

Hər il yanvar ayında İsveçrədə Davos Ümumdünya İqtisadi Forumu öz işinə başlayır. Forumda il ərzində dünyanı gözləyəcək əsas iqtisadi hadisələr müzakirə olunur, müxtəlif panellərdə fikir mübadilələri aparılır. Bu il də dünya ölkələrinin dövlət və hökumət başçıları, müxtəlif iri korporasiyaların rəhbərləri Davosda bir araya gələcəklər. Sayca 48-ci dəfə keçirilən ənənəvi Davos Forumu bu dəfə “Parçalanmış dünyada birgə gələcəyin yaradılması” adı altında baş tutacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu cür forumlar ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir: “Davos İqtisadi Forumu dünyanın ən böyük iqtisadi Forumu sayılır. Forum Azərbaycan üçün ölkədə həyata keçirilən iqtisadi islahatların yaratdığı yeni imkanları dünyaya çatdırmaq, ölkəyə investisiyaların və texnologiyaların axınına zəmin yaratmaq baxımından çox əhəmiyyətlidir. Müxtəlif ölkələrin prezidentləri, baş nazirləri və iş adamları burada bir araya gəlirlər. Davos Forumu yeganə forumdur ki, həm rəsmiləri, dünya liderlərini, həm iş adamlarını, vətəndaş cəmiyyəti nümayəndələrini bir araya toplamaq imkanına malikdir. Bu baxımdan Davos müzakirələr, müxtəlif ölkələrdən investisiyaların cəlb edilməsi üçün və ölkənin özünün potensialının təqdim edilməsi baxımından olduqca vacibdir. Hər bir ölkə çalışır ki, həmin forumda  iştirak etsin. Azərbaycan da birmənalı şəkildə Davosda iştirak etməkdə maraqlıdır. Azərbaycan Davos İqtisadi Forumunda ölkə rəhbəri səviyyəsində iştirak edir. Bu da ölkəmizin Davos İqtisadi Forumuna verdiyi önəmlə bağlıdır”.

A.Hüseynov həmçinin onu da qeyd etdi ki, Davos Forumu ölkəyə investisiyaların cəlb olunması baxımından da mühüm rol oynayacaq: “Burada dünya liderlərinin görüşmək, müzakirə etmək, istər siyasi, istərsə də iqtisadi məsələlərdə diskussiya aparmaq imkanları var. İş adamları ilə aparılan müzakirələr də xarici investisiyaların cəlb edilməsi baxımından vacibdir. Çünki ölkəmizin xarici investisiyaya daha çox ehtiyacı var. Azərbaycan indiki məqamda Davosdan bir tribuna kimi istifadə edərək, iş adamlarını investisiya qoymağa inandırmağa çalışmalıdır. Bu gün Azərbaycan iqtisadiyyatının inkişafı, eyni zamanda investisiya qoyuluşlarının həcmindən də asılıdır. Əgər ölkəyə xarici investorları cəlb etmək mümkün olsa, o zaman hazırkı problemləri də daha sürətlə aradan qaldırmaq mümkün olar. Bundan sonra ölkəyə investorların cəlb olunması artıq Azərbaycanın öz əlindədir. Əgər xarici investorlar üçün cəlbedici layihələr təşkil olunsa, gələcəkdə ölkəyə ciddi investisiyaların qoyulmasının şahidi ola bilərik. Bir sözlə, ölkəyə investorların cəlb olunması birbaşa olaraq ölkədə aparılan islahatlardan asılı olacaq”.

Mənsumə Babayeva, “İki sahil”