22 yanvar 2018 23:28
1009

Nalbandyanın yersiz ritorikası və ...

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistanın xarici işlər nazirinin həmsədrlərin iştirakı ilə Polşanın Krakov şəhərində görüşü keçirilib. Görüşdən sonra mətbuata verilən qısa açıqlamalardan danışıqların gedişində elə bir ciddi dəyişikliyin olmadığı müşahidə edilir.

Xüsusilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın davranışları və ritorikası göstərir ki, Ermənistan danışıqlar prosesi ilə imitasiya etmək niyyətindən əl çəkməyib. Məsələ ilə bağlı şərhlər verən bir sıra siyasi analitiklər bu amili ayrıca vurğulamağı lazım biliblər. Bundan başqa, görüşdən əvvəl Ermənistan XİN-in bəzi rəsmi şəxslərinin Azərbaycanın əleyhinə yönəlmiş çıxışları deməyə əsas verir ki, işğalçı ölkə təcavüzkar planlarından və niyyətindən asanlıqla əl çəkmək fikrindən uzaqdır.

Lakin bir çox ekspertlər problemə daha geniş prizmadan yanaşaraq hesab edirlər ki, 2017-ci ildən bərpa edilən danışıqlar prosesi Ermənistan tərəfinin təxribatlarına baxmayaraq davam etdiriləcək və müəyyən nəticələrin olacağı da gözləniləndir. Bu fikrin tərəfdarları mülahizələrini onunla əsaslandırırlar ki, Ermənistanın danışıqlar masasına qayıtmağa məcbur olması məhz Azərbaycanın siyasi iradəsi və diktəsi ilə mümkün olmuşdur. Azərbaycan tərəfinin apardığı qətiyyyətli diplomatiya sayəsində işğalçı tərəf əvvəlcədən irəli sürdüyü şərtlərin heç biri qəbul edilmədiyi şəraitdə belə masaya oturmağa məcbur olmuşdu.

Siyasi müşahidəçilər bunu həm də Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzu, Ermənistanın isə, əksinə gündən-günə imicinin pisləşməsi ilə izah edirlər. Bunun nəticəsi idi ki, ötən il həm ATƏT-in Minsk qrupu həmsədrləri, həm də digər xarici dövlətlər tərəfindən Ermənistana yönəlik təzyiqlərin və qınaqların miqyası xeyli genişlənmişdi. Bu tendensiyanın bu il də davam edəcəyi gözləniləndir. Elə buna görə də münaqişənin həllinin vaxtının yetişməsi barədə vaxtaşırı beynəlxalq ekspertlər tərəfindən fikirlər səsləndirilir.

Ermənistanın daxili ictimai-siyasi və sosial gərginliyinin kritik həddə çatması da artıq bu ölkənin ağır durum qarşısında duruş gətirmədiyini göstərir. Ölkədə gündən-günə Sarkisyan hakimiyyətinə və ümumiyyətlə, işğal siyasətinə qarşı etirazların miqyası artmaqdadır. Ermənistan əhalisi ağır yaşayışın məngənəsi altında başqa torpaqların zəbt edilməsinin davam etdirilməsində iştirak etmək istəmir. Bununla bağlı vaxtaşırı ölkə mediasında sadə insanların etirazları müşahidə edilməkdədir.

Ən əsas faktorlardan biri isə odur ki, erməni gənclər işğal edilmiş Dağlıq Qarabağ ərazisində hərbi xidmət keçməkdən imtina edirlər. Bu məqsədlə hərbi çağırışdan yayınan gənclərin sayı on minlərlədir. Bir neçə gün əvvəl baş verən hadisə isə Ermənistan ordusunun və bütövlükdə cəmiyyətinin iflic vəziyyətə düşdüyünün göstəricisidir.

Belə ki, bu il yanvarın 12-də hərbi xidmətə çağırılan Ermənistan vətəndaşı Ernest Ovanisyan özünü hərbi hissənin pəncərisindən atıb və ayın 20-də ağır vəziyyətdə hərbi qospitala çatdırılıb. Gənc əsgər Dağlıq Qarabağdakı hərbi hissələrdə qulluğa göndərilməsinə etiraz olaraq bu addımı atıb. Hətta Ovanisyan bir az da irəli gedərək “Venamı kəsərəm, ancaq Qarabağda xidmət etmərəm!” deyərək fikrində nə qədər qəti olduğunu göstərib.

Bu kimi faktlar Ermənistan rəhbərliyinin kriminal və işğalçı siyasətinin artıq cəmiyyəti mənəvi baxımdan da çürütdyünü sübut edir. Məhz bu amillər deməyə əsas verir ki, hər şeyə rəğmən Ermənistan təcavüzkar siyasətinin arxasında sonadək dayana bilməyəcək və daxili deqradasiyaya məruz qalacaq.

Taleh Turqut, “İki sahil”