22 yanvar 2018 20:17
906

“Star” neft emalı zavodu dekabrda tam gücü ilə işləyəcək

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu dekabrda tam gücü ilə işləyəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib.

O bildirib ki, bu ilin sonundan etibarən zavod test rejimində işləməyə başlayacaq: “2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulları satmağa başlamağı planlaşdırırıq. Bu məhsullar – “Petkim”ə satacağımız nafta, Türkiyə bazarına satılacaq dizel reaktiv yanacağıdır. Hazırda Türkiyə həm dizeli, həm də reaktiv yanacağı xaricdən idxal edir. Bizim bu layihədən gözləntimiz “Petkim”də olduğu kimi Türkiyənin cari tələbatının ödənməsidir. İlk hesablamalara görə, bu zavodun Türkiyə iqtisadiyyatına 1,5 milyard dollar ətrafında dəyər qatacaq və idxal da 1,5 milyard dollar azalacaq”.

STEAŞ-ın baş direktoru deyib: “Məqsədimiz zavodda istehsal etdiyimiz məhsulları 2018-ci ilin sentyabr ayında satmağa başlamaqdır. Zavodun tikinti işlərinin 96 faizi bitib. Əslində 9 aylıq sınaq müddəti var. “Star” neft emalı zavodu 2018-ci ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq”.

“Dəyər marjalarını artırmaq perspektivi ilə “Star”ın aktivlərini şaxələndirmək və lazım olduğu təqdirdə isə paylama şəbəkəsi qurmaq üçün əlimizdən gələni edəcəyik. Əgər bəzi terminallar almaq lazımdırsa, biz bunu da edə bilərik. Ancaq bu yalnız “Star”ın mənfəət marjasını artırmaq üçün edilə bilər”, - deyə Zaur Qəhrəmanov əlavə edib.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Qeyd edək ki, zavodda yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. Layihə üzrə ümumi işlərin 96,4 faizi görülüb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.