19 yanvar 2018 16:30
3313

Çini qablar üzərində incə naxışlar

Çini qablar istehsalı dünya mədəni irsinin ayrılmaz bir hissəsidir. Çindən başlayan bu sənətkarlıq növü daha sonra Şərqin digər ölkələrində, o cümlədən Azərbaycanda geniş yayılıb. Sevindirici haldır ki, bu gün də ölkəmizdə çini qabların hazırlanması ilə məşğul olan, tarixi ənənələri yaşadan sənətkarlarımız var.

AZƏRTAC xəbər verir ki, belə sənətkarlardan biri də Gəncə şəhər sakini Saleh Məmmədovdur.

Saleh usta şəxsi emalatxanasında qırmızı gildən və saxsı kütləsindən istifadə etməklə, bir-birindən nəfis qablar hazırlayır və onları müxtəlif incə naxışlarla bəzəyir.

“Bədii keramika və şüşə” ixtisası üzrə təhsil alan Saleh usta deyir ki, atası rəssam olub. O, ömrünün böyük hissəsini İrəvan şəhərində keçirib. Sənətkar ailəsində dünyaya gəlməyi onun da sənətkar kimi formalaşmasına təsir göstərib.

Saleh Məmmədov hazırladığı əl işlərinin, sənət nümunələrinin daha geniş auditoriyaya tanıdılması, satışların təşkili məqsədilə “ABAD”a müraciət edib. Bu gün o, “ABAD”ın dəstəyi sayəsində məhsullarının satışının təşkili ilə bağlı əlavə vaxt itirmir, yaranmış boş vaxtını sevimli peşəsinə həsr edir və bir-birindən gözəl əl işləri hazırlayır.