18 yanvar 2018 21:40
2018

YAP Sumqayıt şəhər təşkilatının Şura iclası

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında partiyanın Şura iclası keçirilib. İclasda 2017-ci ildə görülən işlərə yekun vurulub, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Şura üzvü Zakir Fərəcov iclasda çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası  Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Partiyanin yaranmasından 25 il ötdüyünü vurğulayan Z.Fərəcov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın hərtərəfli inkişafı, müasirləşməsi, ölkəmizin dünya birliyində  mövqelərinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə əlaqədardır.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası respublikamızın daim qüdrətlənməsinə, insanların sosial rifah halının yaxşılaşdırılmasına çalışıb. Bu, partiyanın siyasətində dövlətə, xalqa xidmətin öndə dayandığının təsdiqidir.

YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ötən dövr ərzində şəhər təşkilatı tərəfindən  görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. R.Hüseynov vurğulayıb ki, bu gün ölkənin hər yerində olduğu kimi, Sumqayıt şəhərində də ulu öndər Heydər Əliyevin siyasi kursunu yaşadan Yeni Azərbaycan Partiyasına şəhər sakinlərinin inamı olduqca böyükdür.

Daha sonra YAP Sumqayıt şəhər təşkilatının sədrinin təşkilati məsələlər üzrə müavini Vəzirxan Ənsərov, ideoloji məsələlər üzrə müavini Teymur Səmədov, YAP Sumqayıt şəhər təşkilatı nəzarət-təftiş qrupunun sədri Akif Kərimov, qadınlarla iş üzrə müavin Səkinə Sadıqova, Gənclər Birliyinin sədri Elvin Məmmədzadə  və başqaları çıxış edərək ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini söyləyiblər.

Yekunda Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.

Orxan Vahidoğlu, «İki sahil»