18 yanvar 2018 15:17
1152

Bakı –Sumqayıt yolunda qəza

Bakı –Sumqayıt yolunda qəza zamanı yol təsərrüfatına ciddi ziyan dəyib

Yanvarın 18-də səhər saatlarında Bakı Dairəvi-1 avtomobil yolunun Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna (Bakı-Sumqayıt yolu) birləşən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, Bakı Dairəvi-1 avtomobil yolu ilə Bakı-Sumqayıt yolu istiqamətində hərəkət edən 30 AC 392 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşınının sürücüsü idarəetməni itirərək yoldan kənara, təqribən 20 metr hündürlükdən Biləcəri enişindəki yola aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Qəza zamanı yol təsərrüfatına da ciddi ziyan dəyib. Yol kənarında olan əyri-xətli dəmir tirlər sıradan çıxıb və yolun çiyin hissəsində olan tökmə beton dağılıb. Hazırda yol təsərrüfatına dəymiş ziyan hesablanır.

Qeyd olunub ki, ağırtonajlı yük maşını sement daşıyırdı. Qəza nəticəsində aşan yük maşınından sement və yanacaq çənində olan dizel ətrafa dağılıb. Baş verə biləcək hər-hansı bir bədbəxt hadisənin qarşısını almaq məqsədilə hadisə yerinə yanğınsöndürən maşın cəlb olunub və yola dağılmış dizel yanacağı təzyiqli su ilə yuyulub. Xoşbəxtlikdən qəza zamanı yük maşınının aşdığı hissədə başqa avtomobillər olmayıb.