18 yanvar 2018 00:25
1052

Prezidentdən dövlətçilik tariximizə sanballı töhfə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişaf yekunlarına və qarşıda duran vəzifələrinə həsr olunan iclasında 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi və AXC-nin 100 illiyi ilə bağlı 16 may 2017-ci il tarixli Sərəncamı ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Mövzu ilə bağlı fikirlərini “İki sahil” qəzeti ilə bölüşən Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov bildirdi ki, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ölkə başçısı tərəfindən dövlətçilik tariximizlə bağlı atılan çox mühüm addımdır: “Azərbaycan Xalq Cümhuriyyəti İli”nin elan olunması ölkəmizdə müstəqil dövlətçilik ideyalarının daha geniş  təbliğ edilməsinə meydan açan mühüm platformadır. Bu, müstəqil dövlətçiliyin yaranması, formalaşması, eyni zamanda, gənc nəslə çatdırılmasına geniş meydan açacaq. Həmçinin bu, ölkədə milli müstəqillik düşüncəsinin, dövlətçilik təfəkkürünün daha da dərinləşməsinə sanballı töhfə verəcək böyük hadisədir. Azərbaycanda ötən illərin həm “Multikulturalizm İli”, həm də “İslam Həmrəyliyi İli” elan olunması təbii ki, bizim milli dəyərlərimizə olan hörmətdən irəli gəlir. Bununla əlaqədar olaraq həm Azərbaycanda, həm də ölkədən kənarda bir çox işlər görüldü. İl ərzində ölkəmizin dünyada tanıdılması, daha da yüksək nailiyyətlər qazanması üçün uğurlu addımlar atıldı”.

Deputat onu da nəzərə çatdırdı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində böyük təntənə ilə qeyd olunması çox mühüm hadisədir: “Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində imzaladığı Sərəncamda göstərilir ki, yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı, milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Ölkə Prezidenti tərəfindən imzalanan bu Sərəncam, eyni zamanda, 2018-ci ilin “Cümhuriyyət İli” elan edilməsi ölkəmizin belə bir şərəfli səhifəsinə ölkə başçısı tərəfindən göstərilən  ehtiram hissinin nümunəsidir. 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyət İli” elan etdiyinə görə ilk öncə ölkəmizin başçısı cənab İlham Əliyevə minnətdarıq. İnanıram ki, bu yubiley ilində görülən işlər bütövlükdə, müstəqil Azərbaycanın durmadan inkişafına, dünyada daha da yüksək nüfuza sahib olmasına, ölkəmizin dünya arenasında yaxından tanınmasına geniş imkanlar yaradacaq”.

Mənsumə Babayeva, “İki sahil”