18 yanvar 2018 00:18
1101

Sülh yolu seçilməsə, Ermənistan məhv olacaq

Ermənistan yeni xaos və qarışıqlığın astanasındadır. Bunun səbəbi yalnız Serj Sarkisyanın yarıtmaz və kriminal metodlara söykənən idarəçiliyi deyil. Ən başlıcası əhalinin ağır sosial vəziyyəti və Ermənistanın faktiki olaraq müstəqilliyi olmayan vassal bir dövlətə çevrilməsidir.

Yeri gəlmişkən, son dövrlərdə Ermənistanın Rusiyanın forpostu olmasından narazı olanların sayı artmaqdadır. Bu fikrin tərəfdarları hesab edirlər ki, Sarkisyanın öz şəxsi maraqlarını qouması naminə yürütdüyü siyasət Ermənistanın milli maraqlarına ziddir və ölkəni fəlakətə sürükləyir. Bir qrup tanınmış ictimai-siyasi fəal bir az da irəli gedərək Sarkisyan hökumətinə Rusiya hərbi qüvvələri tərəfindən qorunan sərhədlərin tədricən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə verilməsi ilə bağlı müraciət edib.

Xatırladaq ki, hələ 1992-ci ildə Rusiya ilə Ermənistan arasında əsasən ölkənin Türkiyə və İranla olan sərhədlərinin Rusiya əsgərləri tərəfindən qorunması haqqında müqavilə imzalanmışdı. Lakin vaxtaşırı, xüsusilə də son illərdə Ermənistan cəmiyyətində bu fakta qarşı etirazlar güclənməkdədir. Bununla bağlı müraciəti imzalayanlar əks təqdirdə Sarkisyan hökumətini güclü etiraz dalğasının başlayacağı ilə hədələyirlər.

Ölkədəki gərginliyin əsas səbəblərindən biri S. Sarkisyanın hakimiyyəti öz əlində saxlamağa çalışması və baş nazir olmaq planlarıdır. “Qarabağ klanı”nın əməllərindən cana doyan yerli ermənilər hər vəchlə Sarkisyanın iqtidardan getməsinə çalışırlar. Hətta bunun üçün vətəndaş itaətsizliyinə çağıranların sayı da gündən-günə artır.

Yerli mediaya aşıqlamalarında Ermənistan Milli Konqresinin sədr müavini Aram Manukyan vətəndaş itaətsizliyinin vacibliyini vurğulayıb. O, bildirib ki, mövcud ağır durumdan xilas olmaq üçün Ermənistan işğalçılıq siyasətindən əl çəkməlidir. O, Qarabağ ermənilərini nəzərdə tutaraq bildirib ki, hazırkı vəziyyətin səbəbkarı Sarkisyanın mənsub olduğu siyasi klandır. Dağlıq Qarabağ münaqişəsində sülh yolu seçilməsə ölkə məhvə doğru gedəcək.

Xatırladaq ki, A. Manukyanın təmsil etdiyi qurumun rəhbəri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyandır. Petrosyan hələ hakimiyyətdə olduğu illərdə münaqişənin həllinə meyilli siyasətçi kimi çıxış edirdi. O, indi də münaqişənin həllindən danışarkən Ermənistanın tərəqqisi naminə Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasının tərəfdarı kimi çıxış edir.

“Yerkir Sirani” partiyasının lideri Zarui Postancyan da vətəndaş itaətsizliyinə çağırışlar edən siyasətçilərdəndir. Sabiq deputat hesab edir ki, vətəndaşlar ayağa qalxaraq hökumətə etiraz etməlidirlər. Əks halda, Ermənistanda hökm sürən ağır vəziyyət həllini tapmayacaq. Büdcənin boşalması fonunda artan dövlət borcları, miqrasiya sosial-iqtisadi partlayışla nəticələnəcək.

Ermənistan əhalisinin narazılığının pik həddə çatmasının səbəblərindən biri də orduda baş verən qanunsuzluqlar, korrupsiya və erməni gənclərinin mənasız yerə həyatlarını itirməsidir. Nizamsızlıq, sui-qəsdlər, intihar halları Ermənistan ordusunda adi hala çevrilib. Rəsmi statistikaya görə, təkcə 2017-ci ildə silahlı qüvvələrdə 113 rüşvət faktı qeydə alınıb. Döyüş əməliyyatlarından kənarda 59 nəfər hərbçi həyatını itirib. Onların 23-ü intihar edib. Digərləri isə sui-qəsd və digər səbəblərdən həyatlarını itiriblər.

Əlbəttə, bu, yalnız rəsmi hesabatlardan bilinənlərdir. Əslində itkilərin daha çox olduğu və həqiqətlərin vətəndaşlardan gizlədildiyi hər kəsə məlumdur.

Siyasi müşhidəçilərin fikrincə, vəziyyət belə davam edərsə S. Sarkisyanın baş nazir olmaq arzusu gözündə qalacaq və planları pozulacaq.

Taleh Turqut, “İki sahil”