18 yanvar 2018 00:12
3379

Yüngül sənayenin yeni inkişaf mərhələsi

“Əminəm ki, 2018-ci il də sənaye inkişafı ilə bağlı əlamətdar il olacaq. Sumqayıt Kimya Sənaye Parkında işlər çox uğurla gedir.” Prezident İlham Əliyev bu sözləri Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söyləyib. Bir çox sahələrin inkişaf perspektivlərinə toxunan ölkəmizin başçısı ötən il sənaye sahəsində əldə olunan nailiyyətlərdən və görüləcək işlərdən də ətraflı söhbət açıb.

Həqiqətən də ötən ilə nəzər saldıqda sənaye sahəsində sürətli inkişafın şahidi oluruq. Ölkənin ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt və Mingəçevir şəhərlərində onlarla zavod və ya fabrik inşa edilib, bir neçə yararsız müəssisə isə yenidənqurma işlərindən sonra istismara verilib. Mingəçevirdə Yüngül Sənaye Parkının ilk fabriklərinin açılışının bu il gözlənildiyini qeyd edən ölkəmizin başçısı Sumqayıt Kimya Sənaye Parkında da işlərin çox uğurla getdiyini diqqətə çatdırıb: “Keçən ilin sonunda dörd yeni müəssisənin açılışı oldu və üç müəssisənin təməli qoyuldu. Əminəm ki, onların istifadəyə verilməsi bu il, ya da ki, gələn ilin əvvəllərində nəzərdə tutulacaq. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 15-ə çatıb və qoyulan, qoyulacaq sərmayənin həcmi 2,7 milyard dollara bərabərdir. Bax, bu təşəbbüs görün nə qədər gözəl nəticə verir. 2,7 milyard dollar sərmayə qoyuluşu böyük rəqəmdir. Halbuki Sumqayıt Kimya Sənaye Parkının ərazisində hələ iki-üç il bundan əvvəl dağılmış binalar, çürümüş borular, infrastruktur - hamısı bərbad vəziyyətdə idi. Dövlət bu yükü öz üzərinə götürdü, vəsait ayırdı və bütün lazım olan infrastrukturu yaratdı. Digər sənaye parklarımızda da bu işi dövlət öz üzərinə götürür və götürməlidir. O cümlədən dövlət kənd təsərrüfatı ilə bağlı olan işləri - infrastruktur işlərini, meliorativ tədbirləri, kanalların çəkilməsini, suyun sahələrə verilməsini də öz üzərinə götürür. Deyə bilərəm ki, bu da dünya praktikasında çox nadir hallarda rast gəlinən məsələdir. Çünki bir çox ölkələrdə sahibkarlar özləri bu işləri görürlər”.

Yüngül sənayedən də söhbət açan dövlətimizin başçısı bu sahədə də ciddi işlərin görüləcəyini vurğulayıb. Prezidentin sözlərinə görə, qarşıda duran hədəflər arasında on yeni xalça fabrikinin açılışının nəzərdə tutulmasıdır: “On yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatmalıdır. Bu da minlərlə yeni iş yeri deməkdir. Xüsusilə bu fabriklərdə işləyənlər qadınlardır. Bu, qadınlar üçün yaradılan gözəl iş yerləridir ki, onlar öz biliyini, istedadını orada əks etdirə bilirlər və özləri üçün də, ölkəmiz üçün də yaxşı maliyyə imkanları yaradırlar. Onların məhsulları ixrac potensialımız, Azərbaycan xalçasının dünyada təbliği üçün gözəl imkanlar yaradır. Ona görə, bu il on yeni fabrikin açılışı nəzərdə tutulur”.

Təbii ki, belə müəssisələrinin istifadəyə verilməsi və bu istiqamətdə görülən digər işlər ölkə iqtisadiyyatı üçün olduqca əhəmiyyətli hadisələrdir. Çünki ayrı-ayrı sahələrin inkişafını təmin etməkdə başlıca məqsəd dayanıqlı ümumi iqtisadi inkişafa nail olmaq və ən başlıcası əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Taleh Bağırov, “İki sahil”